Bakıdakı 257 nömrəli tam orta məktəbdə "Təhsilə dəstək"
layihəsində iştirak edən müəllimlərlə Sumqayıt
şəhərindəki 11 nömrəli məktəbdə fəaliyyət göstərən
"Təhsilə dəstək" mərkəzinin pedaqoqlarının görüşü
keçirilib. Layihənin koordinatoru və SOS Uşaq Kəndinin
pedaqoqu Almaz Məmmədovanın təşkilatçılığı ilə keçirilən
tədbirdə təcrübə mübadiləsi etmək, layihə ilə yaxından
tanışlıq, dinlənilən dərslərin müzakirəsi, mövcud
çətinliklər və mümkün həlli yolları, qrupların təşkili,
dərslərin keçilməsinin asan və sadə üsulları, sənədləşmə
işlərinin aparılması və sair məsələlərdən bəhs edilib.
Tədbirdə layihənin pedaqoqları Gülarə Zahidova, Əfsanə
Qasımova, Səbinə Mahmudova və mərkəzin koordinatoru
Aliyə Ağrılı, Sumqayıt Təhsil mərkəzindən layihənin
koordinatoru və "Ailələrə dəstək" layihəsinin psixoloqu
Nisə Abdullayeva, pedaqoqlar Türkan Məmmədova, Samirə
Şirməmmədova, Nərmin Məmmədova, Kəmalə Cəfərova və
Şənay Həsənova iştirak ediblər. Qonaqlar otaqlarla və
avadanlıqlarla tanış olduqdan sonra hər iki layihənin
təqdimatı olub.Təqdimatdan sonra müzakirələr başlayıb,
hər iki komanda təcrübə mübadiləsi edərək biliklərini
paylaşıb. Bakı pedaqoqlarını ən çox maraqlandıran
Sumqayıtda ibtidai siniflərin dərslərinin açıq havada
oyunlar vasitəsi ilə keçilməsi olub. Bakı layihəsində
isə dərslərin çoxunun yeni metodlarla keçilməsi, dərs
zamanı uşaqların sərbəst olması və lövhədə işləmələri
maraq doğurub. Sumqayıtda daha çox könüllülərin işləməsi
də diqqətdən yayınmayıb. Gələcəkdə könüllü işləmək
istəyən müəllimləri cəlb etməklə daha çox uşağın
faydalanmasını təmin etmək nəzərdə tutulub.
Tədbir başa çatdıqdan sonra qonaqlar SOS Uşaq Kəndində
2 ailə evində uşaqlarla, analarla səmimi söhbət
ediblər. 13 nömrəli ailə evində isə qonaqlar uşaqların
lövhədən asılmış müxtəlif cədvəllərinə, əl işlərinə,
"Kirpi" və "Tənbəl" lövhələrinə baxıblar. Bildirilib ki,
ailədəki uşaqlardan kimsə başqa uşaqla dalaşsa, onun
şəkli "Kirpi", kim tənbəldirsə, oxumaq istəmirsə şəkli
"Tənbəl" lövhəsindən asılır.
Tədbirdən məmnun olan qonaqlar SOS Uşaq Kəndinin
uşaqları ilə xatirə şəkli çəkdiriblər.
Sifai SƏFƏROVA |