Gəncə Humanitar Kollecinin tələbəsi olduğum ilk gündən
buradakı ab-hava, müəllim-tələbə münasibəti məndə xoş
ovqat yaratdı. Başda direktor Aydın Əliyev olmaqla,
kollecimizin bütün əməkdaşları, müəllimlərimiz bizə
xüsusi diqqət və qayğı ilə yanaşır, problemlərimizlə
maraqlanırdı. Məktəb həyatına yenicə əlvida deyənlər
üçün bu, olduqca gözəl nümunə idi. Kollecimizdə özünə
hörmət qazanan, müəllim adına şərəf gətirən
müəllimlərimiz çoxdur.
Onlardan biri də sənətinə, peşəsinə, şəxsiyyətinə xüsusi
hörmət etdiyim Nuridə Əliyevadır. Nuridə xanım
kollecimizin sevilən müəllimlərindəndir. Tələbələr
arasında isə xüsusi yeri var. 1973-cü ilin may ayında
Gəncə şəhərində anadan olan Nuridə xanım 1990-cı ildə 4
nömrəli orta məktəbi bitirib. Ali təhsilini isə Həsən
bəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunda ibtidai
təhsilin metodikası və pedaqogikasi ixtisası üzrə alıb.
Artıq 11 ildir ki, Gəncə Humanitar Kollecində çalışır.
Tələbələrinə pedaqogika fənninin incəliklərini öyrədir.
Kollecin tələbələri Nuridə xanımı ona görə sevir, ona
görə hörmət edirlər ki, o, sözün əsl mənasında
mütəxəssisdir, pedaqoqdur. Tələbələrə nəzəri biliklər
verməklə yanaşı, praktik işə daha çox üstünlük verir.
Biz tələbələrin dünyagörüşünün formalaşmasına, həyata
baxışımıza, nitqimizə, davranışımıza xüsusi yanaşma
nümayiş etdirir, bizə əsl analıq qayğısı göstərir.
O, həm də gözəl anadır, həyat yoldaşıdır. Deyir ki,
övladlarım nümunəvi tələbə, şagirddir. İstəyirəm ki,
sizi də nümunəvi tələbə kimi görüm.
Türkan QURBANOVA,
Gəncə Humanitar Kollecinin dizayn fakültəsinin II
kurs tələbəsi |