Almaniyanın
XX əsrdə yetişdirdiyi ən görkəmli elm simalarından biri
Volfqanq Paulidir. V.Pauli kvant, nisbilik
nəzəriyyələri və elementar hissəciklər fizikası
sahəsində bir sıra fundamental işlərinə görə dünya
şöhrəti qazanıb. O, Gettingen, Kopenhagen, Hamburq,
Prinston universitetlərində və Sürix Ali Elektrotexniki
Məktəbində dərs deyib. Kvant mexanikasının bir çox
fundamental anlayışları Paulinin adı ilə bağlıdır. O,
elementar hissəciklərin spini anlayışını elmə daxil
etmiş və neytrinoların mövcudluğunu əvvəlcədən xəbər
vermişdir. Pauli özünün "qadağalar prinsipi" - Pauli
prinsipinə görə 1945-ci ildə fizika üzrə Nobel
mükafatına layiq görülüb. 1958-ci ildə isə nüfuzlu Maks
Plank medalı ilə təltif olunub.
Müəlliminin
səhvini tapan şagird
Volfqanq Pauli 1900-cü ildə Avstriyanın paytaxtı Vyanada
yəhudi mənşəli, sonradan isə katolikliyi qəbul etmiş
həkim və biokimya professoru Volfqanq Yozef Paulinin
ailəsində anadan olub. Gələcək fizikin anası Berta Pauli
tanınmış teatr jurnalisti idi. Volfqanq ilk təhsilini
Vyanada yerləşən 19 nömrəli federal gimnaziyada alıb.
Təhsil illərində fizika və kimya elmlərinə maraq
göstərib. Sonralar kimya üzrə Nobel mükafatına layiq
görülmüş Rixard Kun Pauli ilə bir sinifdə oxuyub. Bir
dəfə fizika dərsində müəllim lövhədə səhvə yol verir və
səhvini çox axtarsa da, tapa bilmir. Müəllim nəhayət,
bütün sinfin sevincinə səbəb olaraq ümidsizcəsinə
Pauliyə yönəlir və deyir: "Pauli, yaxşı, deyin səhv
hardadır? Siz yəqin onu çoxdan tapmısınız".
Tələbəlik
həyatının ilk illərində o, hər bir boş dəqiqəsini
tanınmış fizik Ernest Maxın yanında keçirib. Max onun
üçün həm müəllim və həm də nümunə olub. Professor
həyatının son günlərinə qədər Paulinin böyük dostu və
müəllimi idi. Max gənc Paulinin ilk elmi məqalələrinin
jurnallarda dərc olunmasına nail olub. Pauli sonralar
Maxla münasibətini özünün intellektual həyatında ən
əhəmiyyətli hadisə adlandırıb. Pauli riyaziyyat və
fizikanın əsaslarını Vyanadakı Dobling Gimnaziyasında
öyrənib. Nobelçi alimlər haqqında "Elm dahiləri" adlı
çox dəyərli kitab yazmış Nobel mükafatı laureatı
Abraham Peys (Abraham Pais. The Genius of Science
Portrait Gallery. Oxford University Press, 2000)
çox yaxından tanıdığı Paulinin ilk təhsil illəri
haqqında yazıb: "Gimnaziyanın son kursunda oxuyarkən
Pauli Albert Eynşteynin son işləri ilə tanış olurdu.
Məktəb dərsləri o qədər cansıxıcı və uzun idi ki, Pauli
Eynşteynin kitablarını parta altında gizlində oxuyurdu.
Bu kitablar onda dərin təəssürat buraxmışdı. O mənə
deyirdi ki, onun gözləri sanki pərdə altında yatıb.
Pauli kitabları oxumaqla ümumi nisbilik nəzəriyyəsini
tam anlamışdı". Pauli 18 yaşında gimnaziyanı başa
vurub. O, artıq ilk elmi məqaləsini çapa göndərib.
Onun ilk məqaləsi qravitasiya sahə probleminə həsr
olunub. Məqalə onun müəllifinin yüksək peşəkarlığından
xəbər verirdi. Bütün bunlar onu göstərir ki, tələbə
Pauli hələ universitet illərindən Eynşteynlə tanış idi.
Lakin onun Nils Borla münasibətləri daha yaxın olub.
Albert
Eynşteynin dəyər verdiyi tələbə
Təhsilini
davam etdirmək üçün Pauli Münhen Universitetini seçib. O
zaman bu universitetdə məşhur fizik, Münhen nəzəri
fizika məktəbinin banisi Arnold Zommerfeld işləyirdi.
Münhen Universitetində o, öz qabiliyyətinə görə digər
tələbələrdən seçilirdi. Paulinin 19 yaşı var idi və o,
ilk dəfə universitetdə tələbə auditoriyası qarşısında
çıxış edən Albert Eynşteynin nisbilik nəzəriyyəsinə dair
mühazirəsinə qulaq asandan sonra bu sözləri deyib:
"Bilirsinizmi, cənab Eynşteynin bizə söylədikləri heç də
ağılsız şeylər deyil". 1919-cu ildə Zommerfeldin
tələbəsi kimi Paulinin iki məqaləsi işıq üzü görüb. Bu
məqalələr ümumi nisbilik nəzəriyyəsinin bəzi
ümumiləşdirilməsi cəhdlərinə həsr olunub. 1920-ci ildə
Zommerfeldin tapşırığı əsasında Pauli "Riyazi elmlər
ensiklopediyası" jurnalı üçün nisbilik nəzəriyyəsinə
dair böyük elmi məqalə üzərində işləyir. Sonralar 250
səhifəlik məqalə kitab şəklində bir neçə dəfə dərc
olunub. Müəllimi Zommerfeld elmi işin, sadəcə, çox
ustalıqla yerinə yetirildiyini bildirirdi. Bir sıra
ölkələrdə nəşr olunan kitab bu günə qədər nisbilik
mövzusunda yazılmış ən yaxşı elmi məqalə hesab olunur.
Burada Albert Eynşteynin kitab haqqında rəyini nümunə
göstərməmək olmur: "Bu çox cəsarətlə və diqqətlə
düşünülərək yazılmış kitabı oxuyan çox çətin inansın ki,
onun müəllifinin cəmi 21 yaşı var. Məlum deyil ki, daha
çox nəyə təəccüblənəsən; ideyaların inkişaf gedişinin
dərin psixoloji dərkinə, riyazi nəticələrin
qüsursuzluğuna, hadisələrin fiziki mahiyyətinə dərindən
nüfuzetməyə, aydın və sistemli şəkildə predmetin
şərhinə, erudisiya, şərhin tamlığına, tənqidə
əminliyinə".
Pauli
Eynşteynin nisbilik nəzəriyyəsinin müddəalarını o qədər
gözəl və incə şərh edib ki, hətta dahi Eynşteyn bu işlə
tanışlıqdan sonra bildirib ki, o, indi özünün
nəzəriyyəsini daha yaxşı anlamağa başlayıb. Pauli
nisbilik nəzəriyyəsinə bir neçə ildən sonra yenidən
müraciət edir. 1921-ci ildə o, Gettingenə gedir. O,
burada ətrafında bir çox istedadlı gənc fiziklərin
(Heyzenberq, İordan və b.) toplaşdığı məşhur Maks Bornun
yanında assistent kimi çalışır. Maks Born Eynşteynə
göndərdiyi məktubunda assistenti barədə yazırdı: "Pauli
çox ağıllı və istedadlıdır. Bundan əlavə o, səmimi,
tamamilə normal, həyatsevərdir və lap uşağa bənzəyir.
Pauli mənim işlərimi stimullaşdırır". Bu gənclər
tezliklə tələbəlik mərhələsini keçərək elmin konkret
sahələrində liderlik mövqeyinə qədər ucalırlar. Məhz
həmin illərdə Gettingendə kvant mexanikasının matrik
formulu və onun yeni statistik interpretasiyası
yaranır. Pauli artıq 1920-ci ildə atom və spektrlərin
öyrənilməsinə böyük diqqət ayırıb. 1924-cü ildə bu
tədqiqatlar fizikanın ən vacib qanunlarından birinin -
onun adını daşıyan "Pauli prinsipi"nin kəşfinə yol açıb.
Gettingendəki elmi qrup Nils Borla sıx əməkdaşlıq
edirdi, sonralar isə Kopenhagendəki Nəzəri Fizika
İnstitutu Paulinin tam elmi rəhbərliyi altına keçib. O,
Borun yanında 1923-cü ilə kimi işləyib. 1923-cü ildə
Pauli Hamburq Universitetində dosent kimi işləməyə
başlayıb, 1928-ci ildə isə Sürix Politexnik İnstitutunda
nəzəri fizika professoru vəzifəsini tutub.
"Pauli
prinsipi"
Atomun quruluşuna dair Ernest Rezervord və Nils Borun
klassik modellərinin açıqlanmasından sonra D.Mendeleyev
dövri sisteminin izah olunması problemi gündəmə gəlib.
Elektronların atom nüvəsi ətrafında orbitlərdə
yerləşməsini qəbul etməklə yanaşı onların nüvə
tərəfindən cəzb olunmaya tabe olaraq yaxınlıqda olan
orbitə keçməməsi səbəbini izah etmək lazım idi. Bu
problemi həll etmək üçün (Pauli sonralar xatırlayırdı
ki, bu məsələ onu o qədər məşğul edirdi ki, bəzən ona
elə gəlirdi, artıq dəli olmaq dərəcəsinə çatır) gənc
alim adi klassik təsəvvürlərdən daha bir addım
uzaqlaşmalı olub. Klassik mexanikada hissəciklər
arasında yalnız "qüvvə" qarşılıqlı təsiri gözdən
keçirilir. Pauli isə belə bir fikir irəli sürmüşdü ki,
iki elektron eyni bir vəziyyətdə ola bilməz və bu heç
bir qüvvə təbiətinə malik deyil, yəni buna hissəciklər
arasında hansısa itələmənin nəticəsi kimi baxmaq olmaz.
Sonrakı tədqiqatlar göstərdi ki, burada hissəciklər
spini anlayışı əsas rol oynayır. İlk dəfə elektronun
spini (fırlanma) anlayışını elmə daxil edən Pauli
1929-cu ildə müasir kvant fizikasının ən vacib
prinsiplərindən birini - iki eyni cür kvant hissəciyi
eyni bir vəziyyətdə ola bilməz, yəni onların xarakterini
müəyyən edən bütün 4 kvant ədədi eyni bir yerdə eyni
qiymətə malik ola bilməz - daxil etdi. Yəni, əgər iki
elektron eyni orbitdədirsə, onların əsas orbital və
maqnit ədədləri üst-üstə düşürsə, onda dördüncü spinin
qiyməti fərqli olmalıdır. Bu o deməkdir ki, orbiti iki
elektrondan artıq elektron tuta bilməz. 1925-ci il mayın
21-də qadağalar prinsipi üzərində işlərini tamamladıqdan
5 ay sonra Pauli yazırdı: "Fizika yenidən dalandadır.
Orada nə olmasından asılı olmayaraq, bu mənim üçün çox
ağırdır. Mən komediya teatrında aktyor olmaq və ya bu
kimi bir işlə məşğul olmaq istərdim, fizika barədə bir
daha heç nə eşitmək istəmirəm". 2 ay sonra Paulinin
fizikada "dalan" adlandırdığı vəziyyət dəyişdi,
perspektiv görünməyə başladı.
İyunun 29-da Heyzenberq kvant mexanikasının başlanğıcı
hesab olunan məqaləsini (kvant mexanikasının matrik
təsəvvürü) dərc etdirdi. Qadağalar prinsipinə görə
Pauli 1945-ci ildə fizika üzrə Nobel mükafatına layiq
görülüb. Pauli prinsipi elektronların atom qılafında
yerləşməsi qanunauyğunluqlarını müəyyən edir,
elektronların atomda paylanmasının izahını verir.
Minimal enerji səviyyəsində maksimum 2 elektron (əks
istiqamətli spinə malik) yerləşə bilər. Helium atomunda
vəziyyət bu cürdür. Litiumun 3 elektronundan 2-si
minimal enerji vəziyyətindədir (əsas səviyyə), üçüncü
elektron isə sonrakı mövqedə dayanmalıdır. Buna görə də
litium öz kimyəvi xassələrinə görə hidrogenə bənzəyir,
məhz bu xüsusiyyət çox vaxt atomlardakı xarici
elektronların sayı ilə müəyyən olunur. Pauli prinsipi
atom fizikasında elementlərin kimyəvi xassələri və
elektronların yerləşməsi arasında əlaqənin təbiətini
izah etmək üçün həlledici əhəmiyyətə malikdir.
Fermi-Dirak statistikası adlanan fərziyyənin əsasını
təşkil edən Pauli prinsipi mikroaləm fizikasında vacib
rol oynayır. 1927-ci ildə Pauli metallarda
paramaqnetizmin mənşəyini izah edib. O müəyyən etmişdi
ki, metallarda elektronlar klassik statistik qanunlara
deyil, qadağalar prinsipi əsasında yaradılmış kvant
statistikasına tabedir. 1929-cu ildə Pauli Verner
Heyzenberqlə birlikdə kvant elektrodinamikasının
əsaslarını müəyyən etmişdi. Onlar kvant sahəsinin ümumi
nəzəriyyəsini işləyib hazırlamışdılar. Bundan əlavə,
Pauli elementar hissəciklər nəzəriyyəsi sahəsində
fundamental işlərin müəllifidir, o eyni zamanda nüvə
qüvvələrinin mezon nəzəriyyəsini də təklif edib.
1931-ci ildə Pauli sıfır kütləli və 1/2 spinə malik
neytral hissəciklərin mövcudluğu ideyasını irəli
sürmüşdü. O yaxşı başa düşürdü ki, neytronların
beta-parçalanması zamanı proton və elektronlara
çevrilməsi hadisəsində enerji və impulsun saxlanılması
daha bir, o zaman məlum olmayan hissəciyin ayrılması ilə
baş tuta bilər. Həmin dövrdə belə bir hissəciyin
mövcudluğunu sübut etmək mümkün deyildi. İtaliyalı fizik
Enriko Fermi sonradan bu hissəciyi neytrino
adlandırmışdı. Eksperimental olaraq neytrino yalnız
1954-cü ildə kəşf olundu. O vaxt belə bir fərziyyə
mövcud idi ki, mikroaləmdə enerjinin saxlanması qanununa
yalnız orta səviyyələrdə əməl olunur, digər
vəziyyətlərdə isə bu qanun pozula bilər. Pauli ilk
olaraq bu fərziyyənin əleyhinə çıxıb. O, alimlərin
Tübingem konfransına ünvanladığı məktubunda enerjinin
saxlanması qanunun xilas olunması üçün bütün qüvvəsini
səfərbər etdiyini yazırdı.
Alim ilk dəfə xəbər vermişdi ki, beta parçalanma
məhsulları arasında hansısa hələ elmə məlum olmayan
yüksüz hissəcik var və bu hissəcik çatışmayan enerjini
özü ilə aparır. Və burada yenə də Paulinin fərasəti öz
təsdiqini tapdı. Məlum oldu ki, o, təkcə enerjinin
saxlanması qanununu deyil, həm impulsun saxlanması və
eləcə də kvant mexanikasında hissəciklərin
statistikasının əsas prinsiplərini "xilas edib". Onun
elmi maraqlarının dairəsi genişlənirdi, daha çox bərk
cismlər fizikası, dia- və paramaqnetizm, sahənin kvant
nəzəriyyəsi, elementar hissəciklər fizikası sahələrini
əhatə edirdi. 1927-ci ildə o, Şredinger tənliyinin
ümumiləşdirilməsi təşəbbüsü ilə çıxış etdi.
"Eynşteyn...
məni özünün davamçısı təyin edən krala bənzəyirdi"
1943-cü ildə Albert Eynşteyn və Volfqanq Pauli standart
nisbilik nəzəriyyəsinə dair birgə məqalə yazdılar.
1945-ci il yanvarın 13-də Eynşteyn Nobel mükafatları
Komitəsinə belə bir teleqram göndərmişdi: "Fizika
sahəsində Nobel mükafatına Volfqanq Paulinin
namizədliyini irəli sürürəm. Onun müasir kvant
fizikasında Pauli prinsipi və ya qadağalar prinsipi
adlandırılan nəzəriyyəsi müasir kvant fizikasının
fundamental hissəsinə çevrilib. Albert Eynşteyn".
Pauli Nobel mükafatını almaq üçün İsveçə getmədi.
Əvəzində Prinston Universitetində bu münasibətlə
təntənəli nahar mərasimi keçirilib. Mərasimdə çıxış edən
Eynşteyn Pauli barədə çox yaddaqalan fikirlər
səsləndirib. Pauli bu barədə sonralar yazırdı: "Eynşteyn
taxt-tacından imtina edən və seçilmiş oğul qismində məni
özünün davamçısı təyin edən krala bənzəyirdi". Pauli
Eynşteynin onun barəsində söylədiyi xoş sözləri heç vaxt
yaddan çıxara bilməyəcəyini deyirdi. Müharibədən sonra
amerikalılar Eynşteynin davamçısı kimi Pauliyə illik 10
min ABŞ dolları əməkhaqqı vəd etmişdilər. Onun Nobel
mükafatı almasından sonra bu rəqəm 15 min dollara qədər
artmışdı.
Görkəmli fizikin həyatından maraqlı anlar
Pauli 23 yaşı tamam olanda Kopenhagenə gedib. O, burada
məşhur Nils Borun məktəbində təcrübə keçib. Atası
oğlunun bu qərarını eşidəndə bildirib ki, oğlu Borun
yanında nəinki fizika sahəsində biliklərini artıracaq,
həm də onun yaxşı müəllimlik manerasını əxz edəcək. Bir
dəfə anası oğlunu dərin pəjmürdə vəziyyətində görüb və
bunun səbəbini soruşub. O isə cavabında "əlbəttə ki, mən
xoşbəxt deyiləm. Çünki mən Zeemanın (şotland fiziki
Piter Zeeman, Nobel mükafatı laureatı) anomal effekt
nəzəriyyəsindən baş çıxara bilmirəm". Bəzən Nils Bor və
Pauli arasında hansısa elmi mövzu üzrə belə bir
mübahisəni müşahidə etmək olardı:
Pauli: "Bəsdir! Özünüzü səfeh yerinə qoymayın!".
Öz fikrini izah etməyə çalışan Bor: "Lakin Pauli, qulaq
asın...".
Pauli: "Yox. Bu, cəfəngdir. Daha sizin bir sözünüzə belə
qulaq asmayacam".
Bir dəfə məşhur fizik Paul Erenfest və Pauli elmi
konfransların birində tanış olurlar. Pauli özünü həddən
artıq kobud aparıb və buna dözə bilməyən Erenfest
bildirib: "Sizin nəşr olunmuş elmi işləriniz sizin
özünüzdən daha çox xoşuma gəlir". Paulinin cavabı
öldürücü idi: "Qəribədir! Mənim isə tam əksinə".
Paulinin parlaq qabiliyyətlərdən əlavə çox kəskin və acı
dili var idi. O, həmkarı olan fiziklərdən birinə
demişdi: "Mənim sizin çox ləng düşünməyinizə qarşı heç
bir iradım yoxdur, lakin sizin öz məqalələrinizi
düşündüyünüzdən də sürətlə dərc etdirməyinizə dözə
bilmirəm". Pauli barədə bir çox lətifələr mövcuddur.
Bir gənc günlərin birində səhər saat 9-da onunla görüş
istəyib. Pauli təklifi rədd edib və deyib ki, "Mümkün
deyil, çox gecdir". Öz yeni ideyası ilə onun yanına
gəlmiş digər gəncə cavabı da maraqlıdır. Pauli tez cavab
verib ki, onun ideyaları səhvdir. Volfqanq Pauli özünə
assistent kimi yeni işçi götürəndə ona deyirdi:
"İşinizin mahiyyəti bunda olacaq ki, elə ki, mən sizə
nəsə deyəcəm, siz mənim dediklərimi ən tutarlı
arqumentlərlə rədd etməlisiniz". Pauli hətta dondurma
yemək üçün kafeyə gedəndə, üzgüçülük hovuzunda olanda
da fərziyyə irəli sürməyi sevərdi, assistenti isə hər an
onun dediklərini təkzib etməli idi. Pauli mütəfəkkir,
sırf nəzəriyyəçi idi. O heç vaxt eksperimentləri şair və
ya riyaziyyatçı kimi qoymurdu, kağız və qələmi özünün
silahı hesab edirdi. Paulinin eksperimentlərlə
uyğunsuzluğu tezliklə fiziki folklor nümunəsi olub və
"Pauli effekti" adlanmağa başlayıb. Əməkdaşları
xatırlayırdılar ki, bu orta boylu, bəstəboy, ağıllı
gözləri olan insanın laboratoriyaya daxil olması ilə
otaqdakı aparatlar və cihazlar sıradan çıxırdı.
Maraqlıdır ki, bir çox elmi problemlərin izahını
məharətlə verən Pauli bu hadisədən baş çıxara
bilmirdi.
Pauli elmi məsələyə dəxli olmayan cavabları ilə məşhur
idi
"Paulinin yanında işləmək olduqca gözəl idi! Ondan hər
şey barədə soruşmaq olardı, onun sizin sualınızı ağılsız
hesab etməsindən heç narahat olmağa dəyməzdi, çünki o,
bütün sualları ağılsız hesab edirdi",-bu sözləri Nobel
mükafatı laureatı Viktor Vayskopf deyib. Fizika
sahəsində Pauli mükəmməl, peşəkar kimi tanınırdı.
Bununla belə, o, nəinki öz işləri ilə kifayətlənir,
həmkarlarının da səhvlərini amansız şəkildə tənqid
edirdi. Müasirləri onu fizika elminin "vicdanı"
adlandırırdılar. O, adətən elmi işlərə həddindən artıq
tənqidi yanaşaraq "tamamilə yanlış" və ya təxminən belə
münasibət bildirərdi: "Sizin işiniz nəinki düzgün deyil,
heç səhv olacaq dərəcədə belə deyil". Bir dəfə
Heyzenberq tanışlıq üçün özünün yeni nəzəriyyəsini
Pauliyə göndərir. Cavabında Heyzenberq Paulidən yanında
kiçik bir qeyd olan kvadrat təsvir olunmuş məktub alır.
Qeyddə deyilirdi: "Mən Tisian (məşhur rəssam) kimi çəkə
bilərəm". Aşağıda isə xırda xətlə yazılmışdı: "Yalnız
detallar çatışmır". Pauli elmi məsələyə dəxli olmayan
cavabları ilə məşhur idi.
Pauli müasir fizika, xüsusən də kvant mexanikasının
inkişafına misilsiz töhfələr bəxş edib. O, elmi
əsərlərini nadir hallarda nəşr etdirir və əvəzində
həmkarları, xüsusən Nils Bor və Verner Heyzenberqlə
intensiv məktublaşmaya üstünlük verərdi. Pauli
əsərlərinin nəşr edilməməsi və nəticədə geniş
ictimaiyyətin onun əsərlərindən bixəbər olmasından qəti
narahatlıq keçirmirdi. Nobel mükafatı laureatı Abraham
Peys yazırdı: "O məni restoranlardan birinə dəvət etdi.
Nahar vaxtı mən onun yüngül vals ritmində ona xas olan
şəkildə kresloda oturaraq irəliyə-geriyə hərəkət
etməsinin şahidi oldum. O, nə barədəsə düşünürdü.
Nəhayət dedi ki, ona hazırda sonrakı işi üçün fiziki
məsələ tapmaq çətindir. Sonra isə əlavə etdi: "Ola
bilsin ki, mən çox bilirəm". Yenə sakitlik. Kresloda
irəliyə-geriyə hərəkət. Sonra "bəs, siz çox bilirsiniz?"
dedi. Mən güldüm və dedim ki, yox, mən çox bilmirəm.
"Bəli, mümkündür. Siz çox şey bilmirsiniz, mümkündür.
Siz çox bilmirsiniz". Bir an sonra isə "Mən daha çox
bilirəm" dedi. Pauli bu sözləri özünə xas olan manerada,
aqressiya olmadan, bir faktın təsdiqi kimi dedi".
"Onun gözlərində zəka işığı parlayırdı..."
Volfqanq Paulinin biblioqrafı, "Fizika və kvant
nəzəriyyəsi. Axtarışda" kitabının müəllifi Barbara Klayn
yazırdı: "Onun gözlərində zəka işığı parlayırdı. Elmi
mübahisələrdə Pauli misilsiz idi. Əgər elmi sübut
lakonik, tam və məntiqi cəhətdən qüsursuz deyilsə, onun
üçün problemin düzgün həllinin heç bir əhəmiyyəti yox
idi. Onun elmi işləri hər şeyə irad tutan müəllifinin
tələblərinə cavab verənə qədər təkrar-təkrar sübut
olunan uzunmüddətli çox fəal düşünmə prosesinin məhsulu
idi. Pauli hər şeyi şübhə altına alırdı. Nə qədər ağrılı
olsa da, Bor və Heyzenberq Paulinin tənqidi
iradlarını yüksək qiymətləndirirdilər. Onlar alimin
qəzəbli düzgünlüyünə heyran idilər. Bor Paulini coşmuş
dənizdəki qaya ilə müqayisə edirdi". 1935-ci ildə yapon
alimi Xideki Yukava belə bir fərziyyə irəli sürmüşdü ki,
nüvə qüvvələri, kvantlar hazırda mezon adlanan sahə ilə
əlaqədardır. Əvvəlcə Pauli bu fikrə olduqca skeptik
yanaşdı: onu hətta kinayə ilə, yukoza adlandırıb. Lakin
sonralar məşhur fizik Openqeymerin təsiri ilə Pauli
mezonlar nəzəriyyəsinin yeni istiqamət olduğunu qəbul
etməyə məcbur olub. O, dərhal bu sahə üzrə elmi
tədqiqatlara coşqu ilə girişib. Mezon nəzəriyyəsi
üzərində işə başlayan Pauli Openqeymerə yazdığı
məktubuda "Poeziya qurtardı, fizika başladı" deyir və
bununla da Yukavanın mezon nəzəriyyəsini qəbul edirdi.
Pauli 1937-ci ildə Odessada fiziklərin 2-ci konqresində
iştirak edib, bu səfər və eləcə də Rusiya barədə
fikirlərini yazıb: "Mənim bu ölkə barədə dəhşətli
təsəvvürlərim yaranıb. Mən əvvəllər heç vaxt bu cür
terror (37-ci ilin repressiyaları) görməmişdim. Hamı
danışmağa qorxur, gənc alimlər hətta mənim yanıma otelə
gəlməyə belə çəkinirdilər".
Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinin atom
bombasına məruz qalmasından sonra Pauli B.Klayna
yazırdı: "Düşünürəm ki, əgər bu silah tezliklə
beynəlxalq nəzarətə götürülməsə, bizim peşəmiz nüfuzdan
düşəcək".
1935-1941-ci illər ərzində Pauli Prinston Perspektiv
Tədqiqatlar İnstitutunda, Nyu-Cersi və Miçiqan, Perdyu
universitetlərində mühazirələr oxuyub. 1940-cı ildə
Prinston nəzəri fizika kafedrasına dəvət olunub, lakin
İkinci Dünya müharibəsinin sonlarında Sürixə
qayıdıb.1945-ci ildə sahənin kvant nəzəriyyəsinin
əsasını qoyan Pauli elementar hissəciklərin spini və
statistikası arasında əlaqənin mövcudluğunu sübut edib.
O, London Kral Cəmiyyətinin, İsveçrə Fizika
Cəmiyyətinin, Amerika Fizika Cəmiyyətinin və Amerika
elminin inkişafına dəstək Assosiasiyasının üzvü olub.
Böyük alim 1958-ci il dekabrın 15-də Sürixdə xərçəng
xəstəliyindən vəfat edib. Həyatının son illərində Pauli
yüksək enerjilər fizikası ilə maraqlanıb. O, eyni
zamanda məşhur alman psixoanalitiki Karl Qustav Yunq ilə
yaxından əlaqə saxlayıb, fəlsəfə və psixologiyaya dərin
maraq göstərib.
Hazırladı: Oruc MUSTAFAYEV |