Oktyabrın 17-də Azərbaycan Müəllimlər İnstitutunda dahi
şair, böyük mütəfəkkir Nizami Gəncəvinin 870 illik
yubileyi ilə əlaqədar geniş tədbir keçirilmişdir.
İnstitutun rektoru, Milli Məclisin deputatı, professor
Aqiyə Naxçıvanlı tədbiri açaraq dahi Nizami Gəncəvinin
yaradıcılığına, onun zəngin irsinin öyrənilməsinə
göstərilən diqqət və dövlət qayğısından danışdı. Rektor
Nizami Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar
ölkəmizdə və dünyada keçirilən tədbirlərin
əhəmiyyətindən bəhs etdi. Professor Aqiyə Naxçıvanlı
qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev "Dahi Azərbaycan şairi və
mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin
keçirilməsi haqqında" 23 dekabr 2011-ci il tarixli
sərəncam imzalamışdır. Rektor yubiley tədbirinin həmin
sərəncamdan irəli gələn məsələlərin həlli ilə əlaqədar
Azərbaycan Respublikası təhsil naziri Misir Mərdanov
tərəfindən təsdiq edilmiş tədbirlər planına əsasən
keçirildiyini vurğuladı.
AMİ-nin Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası
kafedrasının müdiri, dosent Ramil Əliyev çıxış edərək
qeyd etdi ki, dünya şöhrətli şair Nizami Gəncəvinin
lirikası bir çox məziyyətləri ilə seçilir. Şairin
poeziyasında insan, ona verilən qiymət intibah
humanizminin məzmunundan irəli gəlir. Onun qəzəllərində
dərin poetik mənanın, didaktikanın, fəlsəfi lirizmin
şahidi oluruq. Məhz bu xüsusiyyətlərə görə Nizami
zamandan üstün şairdir.
Psixologiya kafedrasının müdiri, dosent Nurəngiz Rzayeva
bildirdi ki, XI-XII yüzilliklər Azərbaycan
fəlsəfi-psixoloji fikrinin inkişafinda önəmli bir
mərhələ kimi xüsusi yer tutur və özünəməxsus spesifik
çalarlarla xarakterizə olunur.
Pedaqogika kafedrasının müdiri, professor, əməkdar
müəllim Rüfət Hüseynzadə çıxışında qeyd etdi ki,
N.Gəncəvi dahi bir şair olmaqla yanaşı, həm də dahi
pedaqoq, böyük müəllim və tərbiyəçi olmuşdur. N.Gəncəvi
tərbiyə və təhsilin bütün sahələrinə toxunmuş və dəyərli
pedaqoji ideyalar söyləmişdir.
İbtidai və məktəbəqədər təhsilin metodikası kafedrasının
müdiri, professor Mircəfər Həsənov dahi Nizaminin
əsərlərindən nümunələr gətirərək onları təhlil etdi,
xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş
Nizami yaradıcılığını yüksək qiymətləndirdi.
Professor Zaman Əsgərli bildirdi ki, N.Gəncəvi dünya
ədəbiyyatı tarixində yeni məktəb yaratmış sənətkardır.
Nizami özündən sonra yaşamış böyük bir şairlər ordusunun
müəllimi və yol göstərəni oldu. Ə.X.Dəhləvi, Ə.Nəvai,
A.Ərdəbili, Ə.Təbrizi, Məsihi kimi böyük şairlər
Nizaminin davamçılarıdır.
Tədbirdə dosent, əməkdar müəllim İsgəndər Orucəliyev
Nizaminin "Əgər şeirin səni hamıya tanıtmırsa, heç bir
zaman özünü şair adlandırma" fikrini sitat gətirərək
Nizaminin şeir və sənət haqqında düşüncələrindən
danışdı. Nizami və qədim yunan fəlsəfəsi, estetikası
mövzusuna münasibət bildirdi.
AMİ-nin baş müəllimi Zəkulla Bayramlı dahi Azərbaycan
şairi N.Gəncəvini bəzi erməni, rus və fars mənbələrində
fars şairi kimi qələmə vermək meyillərini tənqid etdi.
Tədbir boyunca institutun tələbələri - Alidə Orucova,
Bənövşə Bayramova, Emil Paşayev, Türkan Güləhmədova,
Təhminə Əhmədli Nizami Gəncəvinin əsərlərindən qəzəl və
şeir parçaları səsləndirdilər.
Rəşad SADIQOV,
AMİ-nin tərbiyə işləri üzrə prorektoru, siyasi elmlər
üzrə fəlsəfə doktoru |