Naxçıvan
Dövlət Universitetində böyük Azərbaycan dramaturqu və
şairi Hüseyn Cavidin anadan olmasının 130 illik yubileyi
münasibətilə "Hüseyn Cavid: ədəbiyyatda mühitin və
idealın rolu" mövzusunda elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan universitetin rektoru,
akademik İsa Həbibbəyli milli ədəbiyyatımızda
romantizmin banisi, mənzum dram və mənzum faciə janrının
əsasını qoyan böyük dramaturq Hüseyn Cavidin
yaradıcılığı, ədəbi görüşləri haqqında danışıb. Akademik
qeyd edib ki, Hüseyn Cavid Azərbaycan ədəbiyyatında yeni
tipli poeziyanın yaradıcısı kimi ilk dəfə olaraq əruz
vəznli şeirlə heca vəznli şeirin forma əlamətlərini öz
yaradıcılığında birləşdirib. Süjetli lirika öz
inkişafının zirvəsinə məhz Hüseyn Cavid poeziyasında
çatıb. Hüseyn Cavid həm də Azərbaycan soneti nümunəsini
yaradıb.
Hüseyn Cavid yaradıcılığında nəinki Azərbaycan, eyni
zamanda Yaxın və Orta Şərq xalqlarının düşüncəsi və
həyat tərzi əks olunub. Onun yaradıcılığının bütövlükdə
türk və müsəlman xalqları üçün dəyərli töhfə olduğunu
qeyd edən akademik bildirib ki, böyük şairin 130 illik
yubileyinin keçirilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin
sərəncamı və Naxçıvan Muxtar Respublikasında dramaturqun
yubileyinin keçirilməsi üçün tədbirlər planının təsdiq
edilməsi haqqında Naxçıvan MR Ali Məclisinin sədri Vasif
Talıbovun sərəncamı böyük şair-dramaturqun
yaradıcılığına və fəaliyyətinə verilən yüksək qiymətdir.
Azərbaycan Respublikasının əməkdar müəllimi, pedaqogika
üzrə fəlsəfə doktoru, dosent Kamal Camalov "Hüseyn
Cavidin pedaqoji ideyalarında vətənpərvərlik tərbiyəsi",
fəlsəfə və sosial iş kafedrasının müdiri, fəlsəfə
doktoru Novruzəli Rəhimov "Hüseyn Cavidin fəlsəfi
estetik baxışları və müasirlik", kitabxanaçılıq
kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru,
dosent Nəzakət İsmayılova "Hüseyn Cavid və uşaq
ədəbiyyatı" mövzularında çıxış ediblər.
Elmi konfransın sonunda bədii kompozisiya nümayiş
etdirilib. Əvvəlcə tarix-filologiya fakültəsinin
tələbələri Hüseyn Cavidin şeirlərini bədii qiraət
ediblər. Sonra isə Tələbə Teatr Studiyasının üzvləri
dramaturqun "Uçurum" əsərindən Cəlalın, "Ana" əsərindən
İsmət və ananın, "İblis" əsərindən İblisin monoloqlarını
teatrlaşdırılmış şəkildə tamaşaçılara təqdim ediblər.
Məmməd BABAYEV,
NDU-nun Media Mərkəzinin əməkdaşı |