Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

25 Oktyabr 2012 - №42

 

Müasir təhsil proqramlarının tətbiqi ilə bağlı elmi-praktik konfrans

 

Oktyabrın 23-də Bakının Sabunçu rayonundakı 252 nömrəli məktəb-liseydə "Müasir təhsil proqramlarının (kurikulumun) tətbiqi: reallıqlar  və perspektivlər" mövzusunda elmi-praktik konfrans keçirildi. Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi konfransda təhsil naziri Misir Mərdanov, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Təhsil Nazirliyinin struktur-bölmə rəhbərləri, Təhsil Problemləri İnstitutundan, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən nümayəndələr, tanınmış pedaqoq və metodist alimlər, dərslik müəllifləri, birbaşa Təhsil Nazirliyinə tabe olan ümumtəhsil müəssisələrinin direktorları, Sabunçu rayonundakı ümumtəhsil məktəblərinin rəhbərləri, qabaqcıl müəllimlər və KİV təmsilçiləri iştirak edirdilər.

Konfrans iştirakçıları əvvəlcə yüksək səviyyədə təmir olunmuş məktəbi gəzib, laboratoriyalara, fənn kabinetlərinə baxdılar, təhsil üçün yaradılmış şəraitlə tanış oldular. Sonra onlar qruplara bölünərək konfrans çərçivəsində keçirilən "açıq dərs"lərdə iştirak etdilər. 2 saat ərzində həm konfransın keçirdiyi 252 nömrəli məktəb-liseyin, həm də onun yaxınlığında yerləşən 94, 96 və 213 nömrəli tam orta məktəblərin müəllimlərinin müxtəlif siniflərdə apardıqları 28 nümunəvi dərs dinlənildi. Təhsil naziri Misir Mərdanov 252 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi Emilya İbrahimovanın I sinifdə riyaziyyatdan və riyaziyyat müəllimi Təranə Kənanıinin XI sinifdə cəbr və analizin başlanğıcı fənnindən apardıqları dərslərdə iştirak etdi.

Emilya İbrahimova I sinifdə "Ədəd oxu" mövzusunda İKT-nin tətbiqi ilə apardığı dərsdə qruplarla iş formasından və təqdimetmə, müsahibə metodlarından istifadə etdi. Öncə şagirdlərə verdiyi "Riyaziyyatı bilmək bizə nə üçün lazımdır" sualına onlardan qaneedici cavablar alan müəllim dərsdə motivasiya yaratmaq üçün kiçik videoçarx nümayiş etdirdi və videoçarxın məzmunundan çıxış edərək mövzuya ustalıqla keçid etdi. Sonra əsas tədqiqat sualı qoyuldu: "Ədəd oxu bizə nə üçün lazımdır". Müəllimin ədəd oxu haqqında qısa izahatından sonra qruplarla iş aparıldı. 4 qrupun hər birinə tapşırıqlar yazılmış vərəqlər paylandı və onların həlli üçün vaxt verildi. Qruplar tapşırığı həll etdikdən sonra qrup liderləri öz təqdimatlarını etdilər və müəllim kompüterin köməyi ilə onların verdikləri cavabların nə dərəcədə düzgün olduğunu yoxladı.

Daha sonra dərslik üzrə iş aparıldı. Şagirdlər dərslikdə verilmiş misalları həll etdilər. Dərsin nəticə və ümumiləşdirmə mərhələsini də müəllim bacarıqla təşkil edib, qarşıya qoyulan məqsədlərə nail oldu. Şagirdlər tədqiqat sualını cavablandıraraq bildirdilər ki, ədəd oxu bizə ədədlərin istiqamətini müəyyənləşdirmək, ədədlərin yerini təyin etmək, ədədləri müqayisə etmək, toplama və çıxma əməllərini yerinə yetirmək üçün lazımdır.

Dərsin qiymətləndirmə mərhələsində qrupların fəaliyyəti tərtib olunmuş cədvəl üzrə qiymətləndirildi və şagirdlərə evdə "ədəd oxu" hazırlamaq tapşırıldı.

Müəllim şagirdlərin yorğunluğunu aradan qaldırmaq üçün dərsarası musiqili fasilədən də yerində istifadə etdi.

Müəllim Təranə Kənani də XI sinifdə cəbr və analizin başlanğıcı fənnindən apardığı dərsdə İKT-dən, kiçik qruplarla iş formasından, fəal təlim üsullarından, müstəqil işlərdən, resurslardan bacarıqla istifadə edərək dərsi maraqlı qurdu və "Triqonometrik funksiyaların törəməsi" mövzusunu şagirdlərə mənimsətdi. Şagirdlər triqonometrik funksiyaların düsturlarının tapılması qaydasını öyrəndilər, onları misallara tətbiq etdilər, arqumentin verilmiş qiymətində törəməni hesabladılar. Dərsdə kimya, biologiya, coğrafiya, fizika, iqtisadiyyatla inteqrasiya yaradıldı.

Dərslərin dinlənilməsi başa çatdıqdan sonra məktəb-liseyin akt zalında "dəyirmi masa" ətrafında dinlənilmiş dərslər və mövzu ilə bağlı müzakirə aparıldı.

Konfransı giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov onun yeni fənn proqramlarının (kurikulumların) tətbiqi vəziyyəti ilə tanış olmaq, 5-ci ildir ki, aparılan islahatların nəticələrinin necə olmasını konkret bir məktəbin təcrübəsində müəyyənləşdirmək məqsədi ilə keçirildiyini bildirdi.

Bununla əlaqədar 2 saat ərzində müxtəlif fənlər üzrə xeyli dərsin dinlənildiyini deyən nazir özünün də iki riyaziyyat dərsində iştirak etdiyini və ümumilikdə hər iki dərsdən razı qaldığını söylədi. Bununla yanaşı nazir hər iki dərsdə onu razı salmayan bəzi cəhətlərin də olduğunu diqqətə çatdırdı. Bildirdi ki, onun fikrincə, dərslərdə qruplarla işə həddən artıq çox yer verilir. Halbuki riyaziyyat dərslərində müəllim və şagirdlərin  yazı taxtasında işləməsi daha məqbul formadır və bu mənada müəllimin şagirdləri yazı taxtasında işlətməsi daha yaxşı olardı. Təhsil naziri yeni təlim üsullarının hansılarının daha xeyirli olmasını müəyyənləşdirmək üçün müvafiq tədqiqatların aparılmasını və yalnız bundan sonra onların geniş tətbiq olunmasını zəruri saydı.

Sonra təhsil naziri Misir Mərdanov nazirliyin müvafiq şöbəsi tərəfindən hazırlanmış və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin son iki tədris ili üzrə müqayisəli nəticələrini əks etdirən təqdimatla konfrans iştirakçılarını tanış etdi. Tədqimata əsasən Sabunçu rayonu ilə paytaxtın digər rayonları arasında təhsilin müxtəlif parametrləri, o cümlədən məktəb, müəllim və şagirdlərin sayı, müəllim-şagird nisbəti, buraxılış və ali məktəblərə qəbul imtahanlarının, "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin nəticələri, fənn olimpiadalarında iştirak, müəllimlərlə təminat, məktəb tikintisi və s. göstəriciləri üzrə müqayisələr aparıldı.

Son üç ildə Sabunçu rayonunda 3 nəfər məzunun qəbul imtahanlarında ən yüksək - 700 bal toplaması, şagird-müəllim nisbətinin ölkə üzrə orta göstəricidən yüksək olması və s. müsbət hal kimi qiymətləndirildi, bəzi göstəricilərin digər rayonlara nisbətən aşağı olduğu qeyd edildi.

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev elmi-praktik konfransda çıxış edərək belə mühüm tədbirin rayonlarının tədris müəssisəsində keçirilməsinə görə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirdi, bu cür görüşlərin, müzakirələrin işin xeyrinə olduğunu vurğuladı. Rayonda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi, keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən söz açan A.Vəliyev mövcud problemlərə də toxundu, onların aradan qaldırılması üçün Təhsil Nazirliyinin dəstəyinə ehtiyac duyduqlarını söylədi, dinlədiyi dərslərlə bağlı fikirlərini bölüşdü.

Konfransda söz alan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov, bəstəkar, dərslik müəllifi, professor Oqtay Rəcəbov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekanı, professor Fərrux Rüstəmov, dərslik müəllifi Rafiq İsmayılov, 96 nömrəli tam orta məktəbin direktoru Əminə Hüseynova və başqaları dinlədikləri dərslərə qiymət verib mövzu ilə bağlı fikir və mülahizələrini bildirdilər, təkliflərini səsləndirdilər. Çıxışlarda yeni fənn proqramlarının (kurikulumların) uğurla tətbiq olunduğu, müəllimlərin dərslərinə yaradıcı yanaşıb, müasir təlim forma və üsullarından, İKT-dən bacarıqla istifadə etdikləri, qruplarla iş forması seçilərkən dərsin mövzu və məqsədlərinin nəzərə alınmasının, valideynlərlə işə daha çox diqqət yetirilməsinin vacibliyi vurğulandı. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov