Oktyabrın
19-da Gədəbəy rayonunda Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü, tanınmış pedaqoq, professor
Qoşqar Əhmədovun 95 illik yubileyi ilə əlaqədar mərasim
keçirildi. Tədbirdə təhsil naziri Misir Mərdanov,
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz
Yediyarov, alimin həmkarları, yaxınları, tələbələri və
ziyalılar iştirak edirdilər. Öncə tədbir iştirakçıları
alimin adını daşıyan Gədəbəy rayonu Slavyanka kənd 1
nömrəli orta məktəbin qarşısında qoyulmuş Qoşqar
Əhmədovun büstünün önünə gül dəstələri qoydular. Təhsil
naziri Misir Mərdanov və iştirakçılar məktəbdə alimin
həyatını, yaradıcılığını əks etdirən guşə ilə tanış
oldular.
Sonra tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin
rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib,
önünə gül dəstələri qoydular.
Rayon Mədəniyyət evində keçirilən tədbiri giriş sözü ilə
açan Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz
Yediyarov professor Qoşqar Əhmədovun həyat və
yaradıcılığı haqqında qısa məlumat verdi. Qeyd edildi
ki, Qoşqar Əhmədov 1917-ci ildə Gədəbəy rayonunun
Söyüdlü kəndində anadan olub, 1941-ci ildə Azərbaycan
Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti)
fizika-riyaziyyat fakültəsini, 1942-ci ildə Dzerjinski
adına Hərbi Akademiyanı bitirib. Sonra icra başçısı
Qoşqar Əhmədovun Bakı Dövlət Universitetində elmi
yaradıcılıqla məşğul olduğunu, 1950-ci ildə namizədlik
dissertasiyasını müdafiə etdiyini söylədi. O, Qoşqar
Əhmədovun 1956-cı ildə M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin doktoranturasına daxil olduğunu, 1961-ci
ildə isə professor elmi adına layiq görüldüyünü,
görkəmli alimin rəhbərliyi altında 60-dan çox namizədlik
və doktorluq dissertasiyaları müdafiə olunduğunu
bildirdi.
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov mərasim
iştirakçılarını salamlayaraq müəllimi olmuş Qoşqar
Əhmədovun 95 illik yubileyində iştirak etməkdən
məmnunluq duyduğunu bildirdi. Riyaziyyat elminə əvəzsiz
töhfələr verən alimin sadə insani keyfiyyətləri, öz
tələbələrinə daim yaradıcılıq keyfiyyətləri aşılaması
barədə danışan Misir Mərdanov Qoşqar Əhmədovun tanınmış
şəxsiyyət və böyük insan olduğunu vurğuladı.
Nazir qeyd etdi ki, Qoşqar Əhmədov müasir riyaziyyatın
çox sürətlə inkişaf edən optimal proseslərin riyazi
nəzəriyyəsi üzrə elmi fəaliyyət göstərib və bir çox gənc
alimləri bu istiqamətdə tədqiqatlar aparmağa cəlb edib.
Görkəmli alimin yetirmələrinin fəaliyyət coğrafiyasının
çox geniş olduğunu bildirən təhsil naziri Misir Mərdanov
qeyd etdi ki, hazırda onun tələbələri Azərbaycanla
yanaşı MDB, eləcə də dünyanın bir sıra başqa ölkələrində
çalışırlar. Qoşqar Əhmədovun böyük alim olmaqla yanaşı,
həm də yüksək səviyyəli pedaqoq olduğunu bildirən nazir
alimin atası, əməkdar müəllim Teymur Əhmədli haqqında da
xoş fikirlər bildirdi. Alimin elinə-obasına çox bağlı
bir insan olduğunu və vaxt tapdıqda doğma yurdu Gədəbəyə
gələrək istirahətini məhz burada etməyi sevdiyini
bildirən nazir Qoşqar müəllimin saza, sözə böyük qiymət
verdiyini, bir çox tanınmış şairlərimiz və
yazıçılarımızın onun haqqında şeirlər və xatirələr
yazdığını nəzərə çatdırdı.
Tədbirdə çıxış edən alimin yetirməsi, professor Telman
Məlikov Qoşqar müəllim haqqında xatirələrini
iştirakçılarla bölüşdü. Bildirdi ki, gecə-gündüz
yorulmadan çalışaraq elmi kəşflər etmək və bu nəticələri
gənclərə çatdırmaq, onlarda elmə maraq yaratmaq onun
başlıca amalı idi. Alimin xəstəliklə çarpışdığı
vaxtlarda belə bir müəllim kimi tələbələri ilə
maraqlanması, onlara tövsiyələr verməsi Qoşqar Əhmədovun
nə qədər böyük insan olduğunu sübut edir. Qoşqar
müəllimlə yaxından münasibətdə və onun yetirməsi olduğu
üçün böyük qürur hissi keçirdiyini bildirən T.Məlikov
alimin həyat yolunu və yaradıcılığını özünə örnək
saydığını qeyd etdi.
Tədbirdə alimin bacıları dosent Gülnaz Əhmədli, dosent
Gülarə Əhmədova Qoşqar Əhmədovun xatirəsinə göstərilən
dərin hörmət və ehtirama görə hər bir şəxsə xüsusi
minnətdarlıqlarını bildirdilər.
Tədbirdə Gədəbəy aşıqlarının ifasında şeirlər
söylənildi, havalar səsləndirildi.
Niyazi RƏHİMOV |