Oktyabrın
19-da Gədəbəydə Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Daşkəsən
və Şəmkir rayonları təhsil işçilərinin iştirakı ilə zona
müşavirəsi keçirildi. Tədbirdə təhsil naziri Misir
Mərdanov, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı
Ramiz Yediyarov, təhsil şöbə müdirləri, məktəb
direktorları və digər şəxslər iştirak edirdilər.
Müşavirəni giriş sözü ilə açan təhsil naziri Misir
Mərdanov Azərbaycanın təhsil sistemində aparılan
islahatlardan, ölkə Prezidenti cənab İlham Əliyevin bu
sahənin inkişafı üçün həyata keçirdiyi tədbirlər
nəticəsində qazanılan uğurlardan danışdı. Misir Mərdanov
6 rayonun təhsil göstəriciləri haqqında statistik
məlumatları slaydlar vasitəsilə iştirakçıların nəzərinə
çatdırdı. Mövcud problemlərin həlli istiqamətində
görüləcək işlərə toxunan təhsil naziri müəllimlərin yaş
senzi ilə əlaqədar yaranan problemlərə həssas
yanaşılmasını, gənc kadrlara şərait yaradılmasını, yaşlı
müəllimlərin fəaliyyətinin isə bacarıq və
qabiliyyətlərinə görə tənzimlənməsini tövsiyə etdi.
Şagird-müəllim nisbəti məsələsinə toxunan təhsil naziri
bu problemin ciddi xarakter daşıdığını və dünyanın
inkişaf etmiş ölkələrində olduğu kimi, respublikamızda
da rasionallaşdırmaya ehtiyac duyulduğunu qeyd etdi.
Təhsilin keyfiyyətinin artırılması və yüksək nəticələr
əldə olunması üçün rayon mərkəzlərində nümunəvi
liseylərin yaradılmasının vacibliyini vurğulayan Misir
Mərdanov həmin təhsil müəssisələrinə ən yaxşı
müəllimlərin və xüsusi istedada malik olan şagirdlərin
cəlb edilməsinin əhəmiyyətli olacağına inamını bildirdi.
Müşavirənin sonunda təhsil naziri Misir Mərdanov mövcud
problemlərin aradan qaldırılması və qarşıda duran
vəzifələrin uğurla yerinə yetirilməsi üçün daha ciddi
çalışmağın zəruriliyini önə çəkdi və bir sıra
tapşırıqlar verdi.
Niyazi RƏHİMOV |