Oktyabrın
20-də Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf
Nazirliyinin təşkilatçılığı ilə xaricdə təhsil almış
gənclər üçün əmək yarmarkası keçirilmişdir.
Tədbirdə çıxış edən iqtisadi inkişaf nazirinin müavini
Sevinc Həsənova "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində hər il yüzlərlə gəncin müxtəlif
ölkələrin aparıcı təhsil müəssisələrində oxuduğunu
bildirmişdir. Qeyd edilmişdir ki, xaricdə təhsil almış
gənclərin işlə təmin olunması daim diqqət mərkəzindədir.
Bugünkü əmək yarmarkasının da məhz buna xidmət etdiyini
deyən nazir müavini tədbir barədə ətraflı danışmışdır.
Təhsil nazirinin müavini Qulu Novruzov Azərbaycanda
həyata keçirilən təhsil siyasəti, ölkə gənclərinin
xaricdə təhsil alma imkanlarının genişləndirilməsi
istiqamətində görülən işlər, gənclər və idman nazirinin
müavini İntiqam Babayev uğurlu gənclər siyasətinin
prioritetləri, Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr
müavini Vəfadar Misirov dövlət qulluğuna qəbul və bu
sahədə yaradılan imkanlar, Azərbaycan Respublikası
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev
gənclərin sahibkarlığın inkişafında rolundan bəhs
etmişlər.
İştirakçı şirkətlər gənclərə mövcud vakant yerlər barədə
məlumat vermiş, maraq göstərən məzunların müraciətləri
qəbul olunmuşdur.
Tədbirdə iqtisadiyyatın müxtəlif sahələrində (neft-qaz,
enerji, sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat,
rabitə, informasiya texnologiyaları, bank-maliyyə,
turizm və s.) fəaliyyət göstərən 50-yə yaxın nüfuzlu
yerli və xarici şirkətin nümayəndələri iştirak etmişlər.
AzərTAc |