Azərbaycan Diplomatik Akademiyasının (ADA) nümayəndə
heyəti NATO-nun İctimai Diplomatiya Şöbəsinin
proqramında iştirak etmək üçün oktyabrın 18-19-da Şimali
Atlantika Alyansının Brüsseldəki iqamətgahında olmuşdur.
AzərTAc Azərbaycanın NATO-dakı nümayəndəliyinin mətbuat
xidmətinə istinadla xəbər verir ki, ADA-nın nümayəndə
heyətinə diplomatiya və beynəlxalq münasibətlər üzrə
magistr proqramının (MADIA) 27 tələbəsi daxildir.
NATO ekspertləri səfərin ilk günü tələbələr üçün
NATO-nun tərəfdaşları, əməliyyatları, enerji
təhlükəsizliyi, müdafiə islahatları sahələri üzrə
brifinq keçirmişlər. Azərbaycanın NATO-dakı
nümayəndəliyinin əməkdaşları ilə görüş olmuşdur.
Səfərin ikinci günü ADA-nın nümayəndə heyəti üçün
NATO-nun hərbi iqamətgahında brifinqlər keçirilmişdir.
Sonra nümayəndə heyəti Azərbaycanın Belçikadakı
səfirliyi tərəfindən təşkil edilmiş Avropa Parlamentinin
deputatları ilə görüşdə iştirak etmişdir.
Tələbələr brifinq və görüşlərə maraq göstərmiş,
interaktiv sessiyalarda fəal iştirak etmiş, NATO-nun
fəaliyyəti ilə bağlı biliklərin səviyyəsinin artırılması
baxımından belə görüşlərin əhəmiyyətini vurğulamışlar.
Qeyd edək ki, ADA-nın nümayəndə heyətinin Brüsselə
səfəri NATO-nun İctimai Diplomatiya Şöbəsinin və
Azərbaycanın NATO-dakı nümayəndəliyinin sıx əməkdaşlığı
və dəstəyi sayəsində mümkün olmuşdur. |