Hörmətli
həmvətənlər!
Sizi - Azərbaycan Respublikası vətəndaşlarını və xarici
ölkələrdə yaşayan soydaşlarımızı dünya müsəlmanlarının
mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban
bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu
və diləklərimi yetirirəm.
Qurban bayramı islamın bir din kimi tamamlandığı və
insanlar üçün hidayət yolu olaraq seçildiyi mübarək
günün təcəssümüdür. Əksər müsəlmanlar bu əlamətdar gündə
Uca Yaradanın adına kəsilən qurbanlarla Allaha
yaxınlığın, mənəvi-əxlaqi dəyərlərə bağlılığın sevincini
yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa
hazır olduqlarını nümayiş etdirirlər.
Qurban bayramı həm də xeyirxahlıq, şəfqət və mərhəmət
bayramıdır. Azərbaycanda hər il böyük fərəh hissləri ilə
icra olunan Qurban mərasimləri insanları sülh və
əmin-amanlıq yoluna dəvət edir, cəmiyyətimizdə
milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın
təntənəsinə çevrilir. Bu günlər ölkəmizdə geniş
xeyriyyəçilik tədbirləri həyata keçirilir, imkanı çatan
hər bir müsəlman ehtiyacı olanlara könül xoşluğu ilə
yardım göstərir.
Əziz həmvətənlər, hörmətli soydaşlar!
Mübarək Qurban bayramı günündə hamınıza Tanrıdan möhkəm
cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə
ruzi-bərəkət arzulayıram.
Bayramınız mübarək olsun!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 oktyabr 2012-ci il |