Oktyabrın
12-də ADU-da universitetin, BMT-nin İctimai İnformasiya
Departamentinin Azərbaycan nümayəndəliyinin və Bakı
Oksford Məktəbinin təşkilatçılığı ilə "İspan dili
günü"nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə
ADU-nun professor-müəllim heyəti və tələbələr iştirak
edirdilər. Qonaqları salamlayan ADU-nun tərbiyə işləri
üzrə prorektoru Ələddin Əliyev bildirdi ki, bu cür
tədbirlərin universitetdə keçirilməsi ənənə halını
alıb. ADU-da ispan dilinin ötən əsrin 60-cı illərindən
tədris olunduğu və bu dilə tələbələrin böyük maraq
göstərdiyi tədbir iştirakçılarının diqqətinə
çatdırıldı.
Kubanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və
səlahiyyətli səfiri Omar Senon Medina Kinteron
çıxışında ADU-da olmaqdan məmnun olduğunu bildirdi.
İspan dilinin zənginliyindən danışan kubalı diplomat
mədəniyyətlərarası dialoqun qurulmasında bu dilin önəmli
rol oynadığını vurğuladı.
BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan
nümayəndəliyinin rəhbəri Envera Selimoviç keçirilən
tədbirin əhəmiyyətindən danışdı. Qeyd etdi ki,
dünyada 20 ölkədən olan 420 milyon insan ispan dilində
danışır.
Sonda ADU-nun tələbələri və Bakı Oksford Məktəbinin
şagirdləri ispan dilində şeir söylədilər, mahnı
oxudular və rəqs etdilər. Eyni zamanda ispan dilində
ADU tələbələrinin hazırladığı dahi Azərbaycan bəstəkarı
Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından
səhnəciklər nümayiş olundu. Tələbələrin çıxışı tədbir
iştirakçıları tərəfindən maraqla qarşılandı.
Şakir CƏFƏROV |