Oktyabrın
10-da Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin XVI hesabat-seçki konfransı
keçirildi.
Konfransdan əvvəl tədbir iştirakçıları Fəxri xiyabana
gələrək ümummilli lider Heydər Əliyevin əziz xatirəsini
ehtiramla yad etdilər, məzarı önünə gül dəstəsi
qoydular. Görkəmli oftalmoloq alim, akademik Zərifə
xanım Əliyevanın da məzarı ziyarət olundu. Konfrans
iştirakçıları daha sonra Şəhidlər xiyabanına gedərək
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda
şəhid olanların xatirəsini andılar, məzarları üzərinə
qərənfillər düzdülər.
Konfrans Azərbaycan Respublikasının Milli Təhlükəsizlik
Nazirliyinin Mədəniyyət Mərkəzində öz işinə başladı.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar
Mehbalıyev, Təhsil Nazirliyinin məsul işçiləri,
respublikanın bütün bölgələrinin, eləcə də paytaxt
rayonlarının TİAHİ komitələrinin, ali və orta ixtisas
təhsili müəssisələrinin müəllim və tələbə həmkarlar
ittifaqı təşkilatlarının sədrləri, bir sıra ali təhsil
müəssisələrinin rektorları, tanınmış alim və pedaqoqlar,
səkkiz ölkənin həmkarlar təşkilatları və beynəlxalq
həmkarlar ittifaqları birliklərinin nümayəndələri
iştirak edirdilər.
Öncə Azərbaycan Respublikasının Dövlət himni
səsləndirildi. Ölkəmizdə təhsil sahəsində görülən
işlərdən, əldə olunan nailiyyətlərdən, elm və təhsil
işçilərinə dövlət tərəfindən göstərilən diqqət və
qayğıdan bəhs edən filmin nümayişi konfrans
iştirakçıları tərəfindən rəğbətlə qarşılandı. Azərbaycan
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika
Komitəsinin XVI hesabat-seçki konfransının gündəliyi və
iş qaydası təsdiq olunduqdan sonra Təhsil Nazirliyi
Aparatının rəhbəri İlham Pirməmmədov təhsil naziri Misir
Mərdanovun təbrikini oxudu.
Sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı
Səttar Mehbalıyevin rəhbərlik etdiyi qurumun
2006-2012-ci illər ərzində gördüyü işlərlə bağlı
hesabatı dinlənildi. Səttar Mehbalıyev bildirdi ki,
əsası xalqımızın ümummilli lideri Heydər Əliyev
tərəfindən qoyulmuş strateji inkişaf kursunu əzmlə
həyata keçirən ölkə başçısı cənab İlham Əliyevin
apardığı uğurlu siyasət nəticəsində bu gün Azərbaycan
sosial-iqtisadi inkişaf tempinə görə dünyanın ən öncül
ölkələrindən birinə çevrilmişdir. Respublikamız inkişaf
etdikcə həmkarlar ittifaqlarının da inkişaf etdiyini
deyən məruzəçi dövlətimiz tərəfindən həmkarlar ittifaqı
təşkilatlarının müstəqil fəaliyyət göstərə bilməsi üçün
yaradılmış münbit şəraitin, ölkə rəhbərliyi səviyyəsində
bu təsisatın cəmiyyət həyatındakı roluna verilən mühüm
önəmin, vətəndaşların əmək hüquqları ilə bağlı qanun və
qərarların qəbulu zamanı həmkarlar ittifaqı
təşkilatlarının rəyinin nəzərə alınmasının onları
yeni-yeni uğurların qazanılmasına ruhlandırdığını
söylədi.
Qeyd olundu ki, 2006-2012-ci illəri əhatə edən hesabat
dövründə ATİAHİ Respublika Komitəsi qarşıya qoyulan
istiqamətlər üzrə fəaliyyət göstərərək ittifaq
üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni
mənafelərinin təmin edilməsi ilə bağlı bir sıra işlər
görüb. Həmin dövrdə ATİAHİ Respublika Komitəsi
Məclisinin 7, Rəyasət Heyətinin 72 iclası keçirilib.
İclaslarda 649 məsələ müzakirə olunub. Bildirildi ki,
ATİAHİ Respublika Komitəsi də Azərbaycanın gənclər
siyasətinin fəal iştirakçılarındandır. Hesabat dövrü
ərzində Respublika Komitəsi tərəfindən hər il ali
məktəb tələbələri üçün bədii yaradıcılıq festivalları,
müsabiqələr, fənn olimpiadaları, intellektual yarışlar,
xüsusi istedada və yaradıcılığa malik gənclərin
aşkarlanması və onların potensial imkanlarının
genişləndirilməsi ilə bağlı tədbirlər təşkil olunmuşdur.
Bu cür tədbirlər çərçivəsində tələbələrə adlı təqaüdün
verilməsi xüsusi əhəmiyyət kəsb edir. 2011-2012-ci
tədris ilindən başlayaraq aztəminatlı ailələrdən olan 38
tələbənin təhsil haqqının 30 faizi həmkarlar
ittifaqının vəsaiti hesabına ödənilmişdir.
Milli Məclisin deputatı Səttar Mehbalıyev daha sonra
rəhbərlik etdiyi qurumla Təhsil Nazirliyi arasında
qurulmuş əməkdaşlıqdan, birgə həyata keçirilən
tədbirlərdən də geniş söz açdı.
Məruzəsində hesabat dövrü ərzində ATİAHİ Respublika
Komitəsinin gördüyü işlər barəsində konfrans
iştirakçılarına ətraflı məlumat verən sədr komitənin
bundan sonra da üzərinə düşən vəzifələri layiqincə
yerinə yetirəcəyinə ümidvar olduğunu dedi və bu işdə
hamıya uğurlar arzuladı.
Sonra ATİAHİ Respublika Komitəsinin təftiş
komissiyasının hesabatı dinlənildi. Respublikanın bir
sıra bölgələrinin, eləcə də paytaxt rayonlarının TİAHİ
komitələrinin, ali və orta ixtisas təhsili
müəssisələrinin müəllim və tələbə həmkarlar ittifaqı
təşkilatlarının sədrləri fəaliyyətlərindən söz açdılar,
Respublika Komitəsi ilə əməkdaşlıqlarından danışdılar.
Qeyd edək ki, konfransa respublikanın bütün
bölgələrindən 181 nümayəndə seçilmişdi.
Geniş fikir mübadiləsi və diskussiya şəraitində keçən
XVI hesabat- seçki konfransında ATİAHİ Respublika
Komitəsinin işi qənaətbəxş hesab edildi və Səttar
Mehbalıyev yekdilliklə yenidən növbəti dövr üçün
komitənin sədri seçildi.
Konfransda həmçinin gündəlikdə duran digər məsələlərə də
baxıldı, TİAHİ Respublika Komitəsinin yeni heyəti və
təftiş komissiyası seçildi.
Tədbirdə xarici ölkələrin həmkarlar təşkilatları və
beynəlxalq həmkarlar ittifaqları birliklərinin
nümayəndələri də çıxış edərək ATİAHİ Respublika
Komitəsinin fəaliyyətini yüksək qiymətləndirdilər,
azərbaycanlı həmkarlarına xatirə hədiyyələri təqdim
etdilər və qonaqpərvərliyə görə minnətdarlıqlarını
bildirdilər.
Sonda Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika
Komitəsinin XVI hesabat-seçki konfransı nümayəndələrinin
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevə müraciəti qəbul olundu.
Samirə KƏRİMOVA |