İslam
Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) "Elm və
Texnologiya sahəsində 2012-ci ilin İSESKO mükafatı"nın
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel
Məhərrəmova verilməsi haqqında qərar qəbul edib. Bu
yüksək mükafat akademik Abel Məhərrəmova kimya
(nanomateriallar və nanotexnologiyalar) sahəsindəki
böyük uğurlarına görə verilib. Sertifikat, qızıl medal
və puldan ibarət olan mükafat 20-21 noyabr 2012-ci il
tarixlərində Sudanın Xartun şəhərində keçiriləcək "Ali
Təhsil və Elmi Tədqiqatlar Nazirlərinin altıncı İslam
Konfransı" çərçivəsində təqdim ediləcək.
"Elm və Texnologiya sahəsində mükafat" İSESKO tərəfindən
təşkilatın üzvü olan 56 ölkə üzrə sosial-iqtisadi
əhəmiyyətli elmi-texniki problemlərin həll olunması
uğrunda görülən mühüm işləri mükafatlandırmaq və
innovativ istedadlı insanları təşviq etmək məqsədilə
2008-ci ildə təsis edilib. Həmin mükafat 2 ildən bir -
biologiya, kimya, geologiya, riyaziyyat və fizika
sahələrində əldə edilən nailiyyətlərə görə 56 ölkə üzrə
yalnız 1 nəfərə verilir. Akademik Abel Məhərrəmov bu
mükafata layiq görülən ilk azərbaycanlı alimdir.
Qeyd etmək lazımdır ki, İslam Təhsil Elm və Mədəniyyət
Təşkilatı (İSESKO) 1979-cu ildə İslam Konfransı
Təşkilatı tərəfindən təsis edilmişdir. Təşkilatın baş
qərargahı Rabat (Mərakeş) şəhərində yerləşir. Heydər
Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı
Mehriban Əliyeva bu təşkilatın xoşməramlı səfiridir.
BDU-nun Mətbuat və informasiya şöbəsi |