Moskvada,
"Holidey İnn Moskva Sokolniki" otelində Rusiyanın
Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) illik forumu
keçirilmişdir. Forumun açılış mərasimində RAGT-nin
sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA
Beynəlxalq ekologiya kampaniyasının təsisçisi Leyla
Əliyeva, habelə Azərbaycanın və Rusiyanın rəsmi şəxsləri
iştirak etmişlər.
Forum başlanmazdan əvvəl Rusiyanın Ümumdünya Vəhşi
Təbiət Fondu (WWF-Rossiya) və IDEA Beynəlxalq
kampaniyası arasında əməkdaşlıq haqqında sazişin
təntənəli imzalanma mərasimi olmuşdur. Sənədi IDEA
kampaniyasının təsisçisi Leyla Əliyeva və Rusiyanın
Ümumdünya Vəhşi Təbiət Fondunun sədri İqor Çestin
imzalamışlar. Əməkdaşlıq haqqında sazişdə Rusiyanın və
Azərbaycanın təbiətinin qorunması sahəsində qabaqcıl
ekoloji praktika, texnologiya və standartların tətbiqi,
populyarlaşması, əhalinin ekoloji şüurunun formalaşması
istiqamətlərində qarşılıqlı fəaliyyətin
genişləndirilməsi, habelə Avropa zubrunun və Orta Asiya
bəbirinin populyasiyasının bərpası proqramlarının
inkişaf etdirilməsi nəzərdə tutulur.
RAGT-nin sədri Leyla Əliyeva "Azərbaycan" sərgisi ilə
tanış olmuşdur.
İmzalanma mərasimindən sonra RAGT-nin illik forumu
açılmışdır.
Əvvəlcə
Azərbaycan Respublikasının və Rusiya Federasiyasının
dövlət himnləri səslənmişdir. Təntənəli tədbiri
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu
açmışdır. Səfir ötən beş ildə bu təşkilatın böyük
uğurlar qazandığını qeyd etmişdir. Onun fikrincə, bu gün
RAGT inamla təşkilatlanır, ölkəmizin hüdudlarından
kənarda, o cümlədən Rusiyada Azərbaycanın imicinin
formalaşması məsələsinə düşünülmüş, savadlı, proqram
mövqeyindən yanaşır. Səfir demişdir: "Sizin daha yaxşı
gələcəyə istiqamətlənməyiniz, qeyri-standart qərarlar
qəbul etmək bacarığınız azərbaycanlıların keyfiyyətcə
yeni, kreativ təfəkkürlü nəslinin yetişməsinə dəlalət
edir. Bu gün RAGT Rusiyanın bütün regionlarını əhatə
edən və ölkələrimizin gələcəyi üçün çox böyük əhəmiyyətə
malik olan mühüm gənclər təşkilatlarından birinə
çevrilmişdir".
Sonra RAGT-nin fəaliyyəti haqqında sənədli film nümayiş
etdirilmişdir.
Tədbirin moderatoru, Rusiyanın məşhur teleaparıcısı
Andrey Malaxov RAGT-nin fəaliyyəti barədə səmimi söhbət
açmış, sonra isə çıxış üçün bu gün yenidən RAGT-nin
sədri seçilmiş Leyla xanım Əliyevaya söz vermişdir.
Leyla Əliyevanın çıxışı
-
RAGT artıq beş ildir ki, mövcuddur. Bu gün kifayət qədər
inamla demək olar ki, biz gənclərin həyatında yüksək
nəticələrə nail olmuşuq. Təşkilatımız ilbəil qüvvə
toplayır və mən ümid edirəm ki, bugünkü konfrans ən
geniş miqyaslı, maraqlı və mühüm tədbir olacaqdır. Zalda
çoxlu tanış simalar, gənclər görürəm, bunlar bizim
RAGT-nin fəallarıdır. Zalda regionlardan gəlmiş
tələbələr də çoxdur. Bu gün RAGT-nin 70-dən artıq
regional bölməsi vardır və mən sizə təşəkkür etmək
istəyirəm ki, bu qədər uzun yol qət edərək konfransda
iştirak etmək üçün buraya gəlmisiniz. Bu gün zalda
birinci kurs tələbələri də çoxdur. Onlar üçün tədris ili
yenicə başlanmışdır. Mən sizi dərs ilinin başlanması
münasibətilə təbrik etmək, bütün təşəbbüslərinizdə və
təhsilinizdə sizə uğur diləmək istəyirəm. Əminəm ki,
RAGT Azərbaycanı Rusiyada ləyaqətlə təmsil edəcək və
ölkələrimiz arasında münasibətlərin inkişafına töhfəsini
verəcəkdir. Axı Azərbaycan ilə Rusiyanı tarixən
bir-birinə bağlayan tellər çoxdur - mədəni əlaqələrdən,
ortaq bayramlardan, adət və ənənələrdən başlamış, sadə,
səmimi insani münasibətlərə qədər. Mənim fikrimcə,
insanlar arasında bu cür canlı əlaqələr, səmimi
münasibətlər hər şeydən üstündür. Azərbaycan həmişə
müxtəlif dinlərin, müxtəlif millətlərin və
mədəniyyətlərin nümayəndələrinin sülh və həmrəylik
şəraitində yaşadığı ölkə olmuşdur. Bizim üçün
tolerantlıq nailiyyət deyildir, bu, həyat tərzidir,
normadır. Azərbaycan həmişə açıq və sülhsevər ölkə
olmuşdur. Az adam bunu bilir ki, Azərbaycanda qadınlara
hələ 1918-ci ildə, müsəlman Şərqində Azərbaycanda ilk
demokratik Parlament Respublikası elan ediləndə səsvermə
hüququ verilmişdi. Müsəlman qızlar üçün ilk məktəb də
Azərbaycanda tikilmiş, Şərqdə ilk opera da Azərbaycanda
yaradılmışdır. Böyük rus mədəniyyətinə, rus ədəbiyyatına
və incəsənətinə bizim ölkədə həmişə hörmət və məhəbbət
bəslənmişdir. Azərbaycan bu gün də postsovet məkanında
yeganə dövlətdir ki, onun məktəblərində rus dilinin
öyrənilməsi tam həcmdə saxlanmışdır. Azərbaycanda Rus
Dram Teatrı, Bakı Slavyan Universiteti, Rus Mədəniyyəti
Mərkəzi, M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin filialı fəaliyyət göstərir. Bu gün
Azərbaycanda 16 mindən çox tələbə rus dilində ali təhsil
alır. Cənubi Qafqazda ən böyük rus diasporu da bizim
ölkədədir. Mənim fikrimcə, bu, hər iki tərəf üçün çox
dəyərlidir, çünki heç bir başqa amil xalqları mədəni
müxtəliflik amili qədər yaxınlaşdırmır, dostluğu onun
qədər möhkəmlətmir. Ümid edirəm ki, RAGT bu dostluğa öz
töhfəsini verə biləcək və Azərbaycanı Rusiyada ləyaqətlə
təmsil edəcək, gənclərin Rusiya cəmiyyətinə
inteqrasiyasına, onların Azərbaycanın zəngin
mədəniyyətini, qədim tarixini və bənzərsiz incəsənətini
təmsil etməsinə kömək göstərəcəkdir. Sözün düzü, biz
RAGT-ni yaratmağa yenicə başlayanda mən bilirdim ki, hər
şey yaxşı olacaqdır. Lakin bizim gənclərin intellekti,
istedadı, təşəbbüskarlığı, Vətənimizə məhəbbəti mənim
gözlədiklərimdən də üstün oldu. Buna görə çox sağ olun.
Bu gün Rusiyada altı minə yaxın Azərbaycan vətəndaşı
təhsil alır. Rusiyanın bir sıra ali məktəblərində
Azərbaycan gənclik qrupları yaradılmışdır və bizim
gənclər mütəmadi olaraq müxtəlif müsabiqələr, sərgilər,
konfranslar təşkil edir, humanitar və xeyriyyə
layihələrində fəal iştirak edir, öz təşəbbüsləri ilə
uşaq evlərinə baş çəkir, "Qanın milləti yoxdur" devizi
altında pulsuz qanvermə aksiyalarında iştirak edirlər.
RAGT bizim gənclərin idmanla bağlı bütün təşəbbüslərini
dəstəkləyir, klublar və ali məktəblər arasında müxtəlif
müsabiqələr və yarışlar təşkil edir. RAGT ətraf mühitin
qorunması məsələsinə də böyük diqqət yetirir və
beynəlxalq IDEA hərəkatının bütün layihələrini
dəstəkləyir. Buraya ağac əkmək, quşlar üçün yuvalar
düzəldilməsi, müsabiqələr, seminarlar təşkil edilməsi
kimi tədbirlər aiddir. Zənnimizcə, nəsli kəsilmək
təhlükəsi ilə üzləşmiş heyvanların müdafiə edilməsi çox
vacibdir.
Bu günlərdə biz "Neyşnl ceoqrafik"in fotoqrafı Rza
Diqqəti ilə birlikdə IDEA-nın növbəti müştərək
layihəsini uğurla başa çatdırmışıq. Bu layihə sayəsində
dünyanın 90 ölkəsindən olan uşaq və gənclər ətraf
mühitin qorunması barədə öz təsəvvürlərini bölüşmək
imkanı əldə etmişlər. Mən sevinc hissi ilə elan etmək
istəyirəm ki, həmin layihədə birinci yeri səkkiz yaşlı
rusiyalı Anastasiya Vorobko tutmuşdur. Anastasiya bu gün
bu zaldadır. Onun cəmi səkkiz yaşı var. Bu yaşında,
həqiqətən, çox gözəl şəkillər çəkməyə nail olmuşdur.
Əlbəttə, bütün ekoloji layihələrin dövlət sərhədləri
çərçivəsində qapanıb qalmaması çox vacibdir. Cəmi bir
saat bundan əvvəl biz Rusiyanın Ümumdünya Vəhşi Təbiət
Fondu ilə əməkdaşlıq haqqında saziş imzalamışıq və güman
edirəm ki, qarşıda bizi çox maraqlı işlər gözləyir.
Bizim maraqlı planlarımız, layihələrimiz və ideyalarımız
çoxdur. Bu beş ildə çox iş gördüyümüzə baxmayaraq, əldə
edilmiş nailiyyətlə kifayətlənmək fikrində deyiliksə,
qarşıda çox mühüm vəzifələrimiz vardır. Bu gün
Azərbaycan çox böyük sürətlə inkişaf edən müasir,
müstəqil dövlətdir: yeni yollar çəkilir, binalar
tikilir, parklar, körpülər salınır, memarlıq abidələri,
muzeylər, teatrlar bərpa olunur. Hətta mən özüm də hər
dəfə şəhərimizə gələndə onun necə sürətlə dəyişməsinə və
gözəlləşməsinə heyrətlənirəm. Dövlətimiz mədəniyyətin,
elmin, texnologiyaların və təhsilin inkişafına çox böyük
diqqət yetirir. Ərazilərimizin iyirmi faizinin işğal
altında olmasına, ölkədə bir milyona yaxın qaçqın və
məcburi köçkün olmasına baxmayaraq biz inanırıq ki,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
tezliklə öz ədalətli həllini tapacaq və bütün qaçqınlar
öz doğma yurdlarına, evlərinə qayıdacaqlar.
Biz, xaricdə yaşayan Azərbaycan gəncləri bu münaqişə
haqqında həqiqəti dünya birliyinə çatdırmalı və
Vətənimizi, dilimizi, mədəniyyətimizi, ənənələrimizi heç
vaxt unutmamalıyıq. Mən inanıram ki, əgər biz, Rusiyada
yaşayan Azərbaycan gəncləri həmişə əlbir olsaq,
bir-birimizi eşitsək, bir-birimizə kömək etsək,
bir-birimizə məhəbbətlə yanaşsaq, onda istənilən
çətinlikləri dəf edə biləcəyik və həmişə üzüağ, alnıaçıq
olacağıq. RAGT-nin qapıları isə həmişə açıqdır. Biz
sizin ideyalarınızı, təşəbbüslərinizi dəstəkləməyə
həmişə hazırıq. Biz Rusiyanın digər gənclər təşkilatları
ilə də əməkdaşlıq etməyə hazırıq. İnanıram ki, biz
bir-birimizdən çox şey öyrənə bilərik. Beş il ərzində
görülmüş bütün işlərə görə sizə bir daha təşəkkür edirəm
və əminliklə deyə bilərəm ki, RAGT bir təşkilat kimi
özünü təsdiq etmişdir. Son olaraq, Azərbaycana və
Rusiyaya sülh və firavanlıq arzulamaq istərdim.
***
Gənclər və idman naziri Azad Rəhimov qeyd etmişdir ki,
bu gün RAGT gəncləri təşəkkül və cəmiyyətdə özünütəsdiq
yolu ilə savadlı və etibarlı şəkildə irəli aparan bir
təşkilatdır. O, xüsusi vurğulamışdır ki, artıq bu gün
Rusiyanın 70-dən çox regionunda RAGT-nin bölmələri
fəaliyyət göstərir. Özünün belə böyük coğrafi əhatə
dairəsi və geniş maraqları sayəsində haqlı olaraq
ümumrusiya təşkilatına çevrilmiş RAGT Rusiyada yaşayan
minlərlə azərbaycanlı gənci ictimai fəaliyyətə cəlb
etməyə nail olmuşdur və bunu davam etdirir.
RF Dövlət Dumasının MDB İşləri və Həmvətənlərlə Əlaqələr
Komitəsinin sədri, Rusiya Sülh Fondunun idarə heyətinin
sədri Leonid Slutski RAGT-nin çoxşaxəli fəaliyyətini və
onun rəhbəri Leyla Əliyevanın şəxsi töhfəsini yüksək
qiymətləndirmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri
Elnur Aslanov demişdir ki, görkəmli filosoflar dünyanı
dəyişdirməyə, novator ideyalar irəli sürməyə və heç
vaxt, xüsusən öz ideyalarının müdafiəsi məsələsində heç
kəsə güzəştə getməməyə çağırmışlar.
RF Təhsil və Elm Nazirliyinin uşaqların əlavə təhsili,
tərbiyəsi və gənclər siyasəti departamentinin direktoru
Aleksandr Stradze, "Yedinaya Rossiya" Partiyasının
"Molodaya qvardiya" Rusiya Gənclər Təşkilatının sədri
Alla Buçkova, RF Federal Məclisinin Federasiya Şurasının
üzvü Ruslan Qattarov Leyla Əliyevanı RAGT-nin sədri
vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik etmiş
və gənclər hərəkatının lideri Leyla Əliyevanın Rusiyanın
gənclər təşkilatları ilə əməkdaşlığa, Rusiya-Azərbaycan
humanitar əlaqələrinin möhkəmlənməsinə yönəlmiş
fəaliyyətini yüksək qiymətləndirmişlər.
ÜAK-nın prezidenti Məmməd Əliyev, "Böyük İpək Yolu"
Beynəlxalq gənclər təşkilatının sədri Fuad Muradov qeyd
etmişlər ki, RAGT-nin genişmiqyaslı fəaliyyəti
xalqlarımız arasında dostluğun, etimadın və qarşılıqlı
anlaşmanın möhkəmlənməsinə, Azərbaycan gənclərinin
birləşməsinə və cəmiyyətə inteqrasiyasına şərait
yaradır.
Tədbirdə RF Dövlət Dumasının sədri Sergey Narışkinin
forum iştirakçılarına ünvanlanmış təbrik məktubu
oxunmuşdur.
Tədbirin sonunda əlaçı birinci kurs tələbələrinin təltif
edilməsi mərasimi keçirilmişdir. Leyla Əliyeva Rusiyanın
ali məktəblərində əla qiymətlərlə oxuyan azərbaycanlı
tələbələrə "RAGT əlaçısı" diplomlarını təqdim etmişdir.
Konfransdan sonra Leyla Əliyeva və forumun bütün
iştirakçıları Rusiya və Azərbaycan incəsənət
ulduzlarının möhtəşəm konsertinə tamaşa etmişlər.
AzərTAc |