SDU-da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının
21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Universitetin rektoru, professor Nadir Qəhrəmanov ilk
öncə tədbir iştirakçılarını bu gün münasibətilə təbrik
edib. Azərbaycanın öz müstəqilliyini çətin şərtlər
altında qazandığını diqqətə çatdıran rektor bildirib ki,
90-cı illərin əvvəllərində ölkəmiz və xalqımız böyük
təhlükələrlə üz-üzə qaldı, hətta yenicə qazanılmış
müstəqilliyimizin uzunömürlü olacağına da təminat yox
idi. Yalnız xalqın tələbi ilə hakimiyyətə qayıdan dahi
siyasətçi Heydər Əliyevin qısa zamanda göstərdiyi
misilsiz tarixi xidmətləri nəticəsində Azərbaycan
üzləşdiyi böhranlı vəziyyətdən çıxa bildi. Sonrakı
illərdə ölkəmiz ulu öndərin müəyyənləşdirdiyi siyasi
strategiyaya uyğun olaraq inkişaf etməyə, yerləşdiyi
regionun lider dövlətinə çevrilməyə başladı. 2003-cü
ildən sonra isə ümummilli liderin siyasi kursunun
layiqli davamçısı, Prezident İlham Əliyevin həyata
keçirdiyi islahatlar, gördüyü tədbirlər ölkəmizi sürətli
inkişaf mərhələsinə çıxardı. Təsadüfi deyil ki, artıq
ölkəmiz öz inkişaf dinamikasına görə dünyanın ən
qabaqcıl ölkələrindəndir. N.Qəhrəmanov çıxışını bu
sözlərlə yekunlaşdırıb: "Azərbaycan xalqı ona görə
xoşbəxtdir ki, onun taleyində Heydər Əliyev kimi dahi
şəxsiyyət olub, Azərbaycan xalqı ona görə xoşbəxtdir ki,
onun İlham Əliyev kimi Prezidenti var".
Daha sonra çıxış edən universitetin ümumi tarix
kafedrasının müdiri Şirxan Səlimov ölkəmizin, xalqımızın
dövlətçilik ənənələrindən danışıb.
Təbiət və texniki fənlər üzrə Azərbaycan tarixi
kafedrasının müdiri Əmirxan İsayev ölkəmizin bugünkü
sürətli inkişaf dinamikasından söz açaraq, qeyd edib ki,
bu inkişafın kökündə düşünülmüş və çevik siyasət
dayanır.
Universitetin riyaziyyat fakültəsinin 3-cü kurs tələbəsi
Lamiyə Abbasova Azərbaycanın müstəqilliyə doğru gedən
yolda qarşılaşdığı çətinliklər və dahi lider Heydər
Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə
qayıtmasından sonra qazanılmış uğurlardan bəhs edib.
SDU-nun Mətbuat xidməti |