Oktyabrın
13-də Təhsil Nazirliyində "Ən yaxşı ümumi təhsil
müəssisəsi" və "Ən yaxşı müəllim" müsabiqələrinin
Təşkilat Komitəsinin yekun iclası oldu.
İclası açan təhsil naziri, Təşkilat Komitəsinin sədri
Misir Mərdanov son beş ildə hər iki müsabiqənin uğurla
keçirildiyini diqqətə çatdırıb. Bu il də həmin işin
öhdəsindən layiqincə gəldiklərinə, müəyyən olunmuş
qaydaya əsasən müsabiqə qaliblərinin seçilməsi
prosesinin obyektivlik və şəffaflıq şəraitində həyata
keçirilməsinə görə Təşkilat Komitəsinin üzvlərinə
təşəkkürünü bildirən nazir onların bir neçəsinin adını
xüsusi qeyd edib zəhmətlərini yüksək qiymətləndirdi.
Təhsil naziri qeyd etdi ki, hər bir müsabiqə 3
mərhələdən ibarət olmaqla sonda Təşkilat Komitəsinin
iclasında təqdimatının qiymətləndirilməsi ilə başa
çatıb. Bildirildi ki, bu müsabiqələr ölkə Prezidenti
cənab İlham Əliyev tərəfindən imzalanmış çoxsaylı təhsil
layihələrindən biri olmaqla yüksək qiymətə layiq bir
layihədir. Ona görə ki, bu layihənin həyata keçirilməsi
müəllimlər və məktəb direktorları arasında inkişafa
yönəlmiş rəqabəti artırmışdır.
Təşkilat Komitəsinin üzvlərindən birinin Azərbaycan
Milli Elmlər Akademiyasının müxbir üzvü, kimya elmləri
doktoru, professor Vaqif Abbasovun bu günlərdə 60
yaşının tamam olduğunu xüsusi diqqətə çatdıran nazir onu
nazirliyin bütün heyəti adından təbrik etdi.
Sonra təhsil naziri ötən dərs ili üzrə keçirilən "Ən
yaxşı ümumi təhsil müəssisəsi" və "Ən yaxşı müəllim"
müsabiqələrinin yekunlarını, seçimlə bağlı məqamları
ekranda əks olunan görüntülər vasitəsi ilə tədbir
iştirakçılarının diqqətinə çatdırdı.
Nazir əvvəlcə "Ən yaxşı ümumi təhsil müəssisəsi"
müsabiqəsinin yekunları barədə məlumat verdi. Qeyd etdi
ki, müsabiqədə iştirak üçün respublikanın əksər
bölgələrini təmsil edən 151 məktəb Təşkilat Komitəsinə
müraciət etmişdir. Əvvəlki illərdə olduğu kimi, bu il də
iştirakçılar arasında Bakı şəhərinin məktəbləri üstünlük
təşkil etmiş, 151 məktəbdən 53-ü (35,1 faiz) Bakı
şəhərinin məktəbləri olmuşdur. Qalan 98 məktəb isə 42
kənd rayonu (88 məktəb) və 3 şəhəri (10 məktəb) təmsil
etmişdir.
Sonra məktəbləri müsabiqədə iştirak üçün müraciət edən
rayonların adları açıqlandı. Qeyd olundu ki, 151
məktəbin təqdim etdiyi sənədlər ekspertizadan
keçirildikdən sonra 111 məktəb müsabiqənin II
mərhələsinə buraxılmışdır. Onlardan da 45-i Bakı
şəhərinin, qalanları isə respublikanın digər şəhər və
rayonlarının məktəbləridir.
Müsabiqənin hər üç mərhələsinin yekunlarına görə 47
məktəbin qalib hesab edildiyini söyləyən təhsil naziri
onlardan 20-nin Bakı şəhərinin, 3-nün Sumqayıt
şəhərinin, 3-nün İsmayıllı rayonunun, hər birindən 2
məktəb olmaqla Gəncə, Şəki, Bərdə, Şirvan, hər birindən
1 məktəb olmaqla Tovuz, İmişli, Zaqatala, Qazax, Qax,
Quba, Abşeron rayonlarının məktəbləri olduğunu bildirdi.
İclasda həmçinin qaliblərin siyahısında toplanmış
ballara görə ilk 10 yeri tutan məktəblərin adları
açıqlandı, qalib məktəblərin göstərdiyi nəticələr
diqqətə çatdırıldı. Bildirildi ki, II mərhələdə Sumqayıt
şəhərindən 24, 15, 14 nömrəli tam orta məktəblər, Bakı
şəhərindən 189, 9 nömrəli tam orta məktəblər, Xaçmaz
şəhər akademik Zərifə Əliyeva adına 8 nömrəli
məktəb-lisey, Şəki şəhər 10, 5 nömrəli tam orta
məktəblər, Ağstafa şəhər texniki-humanitar təmayüllü
lisey, Zaqatala rayon Aşağı Tala kənd 1 nömrəli tam orta
məktəbləri fərqlənmişdir.
Nazir dedi ki, Bakı şəhər 16, 36, 60, 266, Ağstafa şəhər
texniki-humanitar təmayüllü lisey, Şəki şəhər 5, Gəncə
şəhər 44 nömrəli ingilis dili təmayüllü
bağça-məktəb-lisey kompleksi, Gəncə şəhər 21 nömrəli,
İsmayıllı rayonu S.Həsənov adına Qubaxəlilli kənd,
Sumqayıt şəhər M.Füzuli adına 15 nömrəli tam orta
məktəblərin direktorlarının təqdimatları maraqla
qarşılanmış və onlara yüksək bal verilmişdir.
Nazir eyni zamanda builki müsabiqədə Mingəçevir və
Naftalan şəhərlərindən, Lənkəran, Ağdam, Balakən,
Qobustan, Qubadlı, Daşkəsən, Zəngilan, Yardımlı,
Kəlbəcər, Goranboy, Laçın, Lerik, Tərtər, Saatlı,
Xocalı, Xocavənd, Şuşa rayonlarından iştirak üçün
müraciət edən məktəblərin olmamasını təəssüf doğuran hal
sayıb bu barədə düşünmək lazım gəldiyini söylədi.
Daha sonra təhsil naziri Misir Mərdanov "Ən yaxşı
müəllim" müsabiqəsi üzrə bir sıra məlumatları diqqətə
çatdırdı. Bildirdi ki, müsabiqədə iştirak etmək üçün 464
nəfər müəllim sənəd təqdim etmişdir ki, bu da ötən ilə
nisbətən 39 nəfər çoxdur. Müsabiqə şərtlərinə uyğun
gəlmədiyi üçün 8 nəfərin sənədləri qəbul edilməmişdir.
Nəticədə 456 nəfərin sənədləri ekspertizadan keçirilmiş,
daha çox bal toplayan 231 nəfər növbəti mərhələdə
iştirak etmək hüququ qazanmışdır. Obyektiv səbəblərdən 3
nəfər ikinci mərhələyə gələ bilməmişdir.
Təhsil naziri müsabiqələrin ikinci mərhələsinin gedişi
barədə də məlumat verərək bildirdi ki, bu mərhələdə
müəllimlərin sınaq dərslərinin təşkili üçün Bakı
şəhərində 21 məktəb müəyyənləşdirilmiş, nazirliyin
müvafiq əmri ilə fənlər üzrə müəllimlərin say nisbəti
nəzərə alınmaqla 88 nəfərdən ibarət 17 fənn komissiyası
yaradılmışdır.
Müsabiqənin ikinci mərhələsi 2012-ci il fevralın 21-də
başlanıb aprelin 9-da yekunlaşdırılmışdır. Hər bir sınaq
dərsi videolentə alınmış, dərs bitdikdən dərhal sonra
onun müzakirəsi aparılmış, Təşkilat Komitəsində
razılaşdırılmış 12 göstərici üzrə qiymətləndirilmişdir.
Nazir onu da diqqətə çatdırdı ki, müsabiqələrin üçüncü
mərhələsində üzürlü səbəbdən 13 nəfər iştirak edə
bilməmiş, yekun mərhələdə 214 müəllimin təqdimatı
dinlənilib qiymətləndirilmişdir. Hər üç mərhələnin
balları əsasında müəllimlərin yekun balı müəyyən edilmiş
və ən yüksək nəticə göstərən 95 nəfər müəllim qalib
hesab olunmuşdur.
Qaliblərdən 51-i (53,58 faiz) Bakı şəhəri, 15-i nazirlik
nəzdindəki müəssisələr, 3-ü Sumqayıt şəhəri, 3-ü
İsmayıllı, 2-si BSU nəzdindəki məktəb-lisey kompleksi,
hər birindən 2 nəfər olmaqla Mingəçevir şəhəri, Qusar,
Bərdə rayonları və hər birindən 1 nəfər olmaqla Abşeron,
Qazax, Tovuz, Zaqatala, Astara, Ucar, Şəmkir, Şamaxı,
Ağdam, Cəlilabad, Tərtər rayonları, Gəncə şəhəri,
Avropa-Azərbaycan məktəbi, Bakı xoreoqrafiya məktəbi və
Bülbül adına orta ixtisas musiqi məktəbini təmsil edir.
Onlardan 29-u ibtidai sinif, 19-u Azərbaycan dili və
ədəbiyyat, 11-i ingilis dili, 7-si kimya, 6-sı
biologiya, 5-i riyaziyyat, 4-ü informatika, 3-ü tarix,
3-ü musiqi, 2-si rus dili və ədəbiyyatı, hər birindən
bir nəfər olmaqla fizika, coğrafiya, fransız dili,
çağırışaqədər hazırlıq, fiziki tərbiyə və təsviri
incəsənət müəllimləridir.
Nazir həmçinin sınaq dərsləri və təqdimatları ən yüksək
balla qiymətləndirilmiş müəllimlərin də adlarını çəkdi.
Tədbirdə "Ən yaxşı ümumi təhsil müəssisəsi"
müsabiqəsinin qalibi olmuş 47 məktəbin rəhbərinə
sertifikatlar, "Ən yaxşı müəllim" müsabiqəsində qalib
gəlmiş 95 müəllimə isə vəsiqələr təqdim edildi.
Sonda təhsil naziri tədbir iştirakçılarına daha bir
sevindirici xəbər verərək bildirdi ki, oktyabrın 1-dən
6-a kimi Rusiya Federasiyasının Anapa şəhərində boks
üzrə məktəblilərin Avropa çempionatı keçirilib. Yarışda
25 ölkə üzrə 200-ə qədər boksçu mübarizə aparıb. Yarışda
müxtəlif çəki dərəcəsində qüvvəsini sınayan 13
boksçumuzdan 5-i medal qazanıb.
Nazir qalib şagirdləri və onların məşqçilərini təbrik
edərək onlara daha böyük uğurlar arzuladı.
Ədalət DAŞDƏMİRLİ |