Oktyabrın
12-də Təhsil Nazirliyində "Məktəbdaxili qiymətləndirmə:
problemlər və qarşıda duran vəzifələr" mövzusunda
müşavirə keçirildi. Tədbirdə nazirliyin şöbələrinin və
müvafiq struktur bölmələrinin rəhbərləri, Sumqayıt Şəhər
Təhsil Şöbəsinin və Abşeron Rayon Təhsil Şöbəsinin
əməkdaşları, Bakının ümumtəhsil məktəblərinin
direktorları və müəllimlər iştirak edirdilər.
Təhsil naziri Misir Mərdanov tədbiri açaraq
iştirakçıları salamladı. Ölkəmizdə artıq 5-ci ildir ki,
kurikulum islahatlarının aparıldığını deyən nazir bu
islahatların tərkib hissəsi olan məktəbdaxili
qiymətləndirmə ilə bağlı görülən işlərdən söz açdı. Qeyd
etdi ki, müvafiq qurumların əməkdaşları bu məsələyə çox
ciddi diqqət yetirirlər.
Dörd il ərzində məktəbdaxili qiymətləndirmə ilə bağlı
müəllimlər üçün təlimlərin təşkil edildiyini,
monitorinqlərin aparıldığını diqqətə çatdıran təhsil
naziri bildirdi ki, bu sahədə müəyyən uğurlar əldə
olunub. Lakin unutmaq olmaz ki, söhbət 150 mindən çox
müəllimin bu işə cəlb olunmasından gedir. Kurikulum
islahatının uğurla davam etdirilməsi məktəbdaxili
qiymətləndirmənin müvafiq qaydalara uyğun olaraq
aparılması ilə sıx bağlıdır.
Ölkəmizin hər yerində bu işin yüksək səviyyədə
təşkilinin zəruri olduğunu vurğulayan Misir Mərdanov
qarşıda duran vəzifələr haqqında danışdı. Nazir qeyd
etdi ki, bu günlərdə işçi qrupu yaradılmalı, qrupun
üzvləri qısa müddət ərzində xarici ölkələrin təcrübəsini
öyrənməli, araşdırmalı, ölkəmizin 4 illik təcrübəsini də
nəzərə almaqla bütövlükdə formativ qiymətləndirmə ilə
bağlı nazirliyin tövsiyələrini hazırlayaraq yerlərə
çatdırmalıdır.
Sonra Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə
şöbəsinin müdiri Təranə Hacıyeva "Məktəbdaxili
qiymətləndirmə: problemlər və qarşıda duran vəzifələr"
mövzusunda təqdimatı tədbir iştirakçılarının diqqətinə
çatdırdı. Öncə yeni qiymətləndirməyə keçid və yeni
qiymətləndirmə sisteminin hüquqi əsasları haqqında
məlumat verən natiq bildirdi ki, 2003-cü ildə beynəlxalq
təşkilatların köməyi və tövsiyəsi ilə məktəbdaxili
qiymətləndirmənin yeni nəzəriyyəsi və icra
mexanizmlərinin hazırlanmasına başlanılmış və
2008-2009-cu dərs ilində ibtidai təhsil səviyyəsində
yeni qiymətləndirmə sistemi tətbiq olunmuşdur.
Beynəlxalq və müəyyən qədər yerli təcrübə əsasında
"Azərbaycan Respublikasının ümumtəhsil sistemində
Qiymətləndirmə Konsepsiyası" hazırlanmış və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar
tarixli, 9 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Konsepsiyada məktəbdaxili qiymətləndirmənin tərkib
hissələrinin (diaqnostik, formativ və summativ)
prinsipləri, əsas xüsusiyyətləri və mexanizmi təsbit
olunmuşdur. Daha sonra təqdimatda dünya təcrübəsində
yeni qiymətləndirmə, məktəbdaxili qiymətləndirmənin
tərkib hissələri, ənənəvi və yeni qiymətləndirmənin
səciyyəvi cəhətləri, formativ qiymətləndirmə, bu
qiymətləndirmənin nəzəri əsasları, dünya ədəbiyyatında
formativ qiymətləndirmə, dünyanın məşhur pedaqoqlarının
bununla bağlı fikirlərindən bəhs olundu. 2010-2011 və
2011-2012-ci dərs ilində yeni qiymətləndirmə sisteminin
tətbiqi ilə bağlı monitorinqlərin keçirildiyini deyən
Təranə Hacıyeva araşdırmaların nəticələrini
iştirakçıların diqqətinə çatdıraraq qeyd etdi ki, bu
sahədə qarşıya çıxan çətinliklərin və mövcud
problemlərin aradan qaldırılması məqsədilə bir sıra
zəruri tədbirlər həyata keçirilmişdir. V siniflərdə dərs
deyən müəllimlər üçün keçirilən təlimlərdə təlim
materialının qiymətləndirmə hissəsi daha da
təkmilləşdirilmiş və təlimlərin monitorinqi keçirilmiş,
məktəbli kitabçası və formativ qiymətləndirməyə
uyğunlaşdırılmış, formativ qiymətləndirmə jurnalının
tərtib edilməsi üçün işçi qrupu yaradılmış, jurnal
layihə şəklində Bakı, eləcə də Gəncə, Lənkəran və Bərdə
məktəblərində ibtidai sinif müəllimləri tərəfindən
sınaqdan keçirilmişdir. Sınaqdan keçirilmiş formativ
qiymətləndirmə jurnalı daha da təkmilləşdirilərək çap
edilmiş və 2012-2013-cü dərs ilində istifadə üçün
məktəblərə paylanılmışdır. İbtidai təhsil səviyyəsi və V
sinifdə tədris olunan fənlər üzrə müxtəlif
qiymətləndirmə vasitələrindən ibarət vəsait hazırlanmış
və çap olunmuşdur.
Növbəti bir neçə slaydda formativ qiymətləndirmə jurnalı
nümayiş etdirildi və jurnaldan istifadə qaydaları, əsas
xüsusiyyətlər, meyarlar üzrə qeydiyyatın aparılması və
s. haqqında geniş məlumat verildi.
Daha sonra təqdimatda qiymətləndirmə sahəsində mövcud
problemləri diqqətə çatdıran natiq onların aradan
qaldırılması istiqamətində həyata keçiriləcək
tədbirlərdən söz açdı. Bildirdi ki, bu məqsədlə müəllim
fəaliyyətinin monitorinqinin, formativ qiymətləndirmənin
və onun jurnalda qeydiyyatının aparılmasını təmin edən
monitorinqlərin keçirilməsi, Təhsil Nazirliyinin
tövsiyələri əsasında yerli təhsili idarə edən orqanlar
və məktəb müəllimlərindən ibarət xüsusi komissiya
tərəfindən summativ qiymətləndirmə vasitələri bankının
yaradılması, formativ qiymətləndirmədə valideynlərlə
əməkdaşlıq qiymətləndirmə üsuluna üstünlük verilməsi
nəzərdə tutulub.
Məruzəçi təqdimatın sonunda bu məsələ ilə bağlı
təkliflərini verdi.
Tədbirdə çıxış edən Təhsil Nazirliyinin Kənd rayonları
üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov,
Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması
şöbəsinin müdiri Fərzəli Qədirov, Bakı Avropa Liseyinin
direktoru Zülfiyyə Veysova və digərləri müzakirə olunan
məsələ ilə bağlı fikirlərini bildirərək təkliflərini
səsləndirdilər.
Hicran ƏKBƏROVA |