Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Səadət Veysovadan
aldığımız məlumatda bildirilir ki, 2012-2013-cü dərs
ilində Dövlət Proqramına müvafiq olaraq rayonun Göylər
kənd 2 nömrəli tam orta məktəbi üçün 360, Təhsil
Nazirliyinin sifarişi ilə II Çaylı kənd tam orta məktəbi
üçün 80, rayon icra hakimiyyətinin sifarişi ilə Həmyəli
kənd tam orta məktəbi üçün 180 və Kərkənc kənd tam orta
məktəbi üçün 80, Sosial İnkişaf Fondu hesabına isə
Qonaqkənd kənd tam orta məktəbi üçün 80 şagird yerlik
yeni məktəb binaları tikilərək bu il sentyabrın 15-də
müəllim və şagirdlərin istifadəsinə verilib.
Müasir tələblərə cavab verən binaların hər biri istilik
sistemi ilə təchiz edilib, bütün lazımi inventar və
texniki avadanlıqlarla tam təmin olunub.
Yeni məktəblərin açılış mərasimlərində çıxış edənlər
Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına
diqqət və qayğısından, bu sahədə həyata keçirilən
çoxsaylı layihələrdən danışıblar.
Eyni zamanda çıxışlarda Heydər Əliyev Fondunun bu sahədə
xidmətlərindən də geniş bəhs edilib. Qeyd olunub ki, son
beş ildə Şamaxıda bu gün istifadəyə verilən beş təhsil
ocağı da daxil olmaqla 18 məktəb üçün yeni bina tikilib.
Bu məktəb binalarından beşi Heydər Əliyev Fondunun
təşəbbüsü ilə inşa edilib.
Hazırda rayonun Böyük Xınıslı və Cabanı kənd ümumi orta
məktəbləri üçün hər biri 80 şagird yerlik olmaqla yeni
məktəb binalarının tikintisinə başlanılıb. Həmin
binaların 2013-cü ildə istifadəyə verilməsi nəzərdə
tutulub.
Ölkəmizdə, o cümlədən Şamaxı rayonunda təhsildə
qazanılan uğurları regionların sosial-iqtisadi inkişafı
üzrə Dövlət Proqramının ardıcıl həyata keçirilməsinin
nəticəsi kimi qiymətləndirən natiqlər bölgələrdə
təhsilin inkişafına, onun maddi-texniki bazasının
möhkəmləndirilməsinə göstərilən diqqət və qayğıya görə
Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun
prezidenti, Milli Məclisin deputatı Mehriban xanım
Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Ədalət DAŞDƏMİRLİ |