Azərbaycan Texniki Universitetində (AzTU) Xəzəryanı
Ölkələrin Dövlət Universitetləri Assosiasiyasının XV Baş
Assambleyasının iclası keçirilmişdir.
AzTU-dan AzərTAc-a bildirmişlər ki, tədbir iştirakçıları
əvvəlcə Fəxri xiyabana gələrək Azərbaycan xalqının
ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin
qurucusu və memarı Heydər Əliyevin xatirəsini ehtiramla
yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım
Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə gül
dəstələri düzülmüşdür.
Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda
şəhid olmuş qəhrəman Vətən övladlarının uyuduqları
Şəhidlər xiyabanını ziyarət edən tədbir iştirakçıları
məzarların üzərinə güllər qoymuşlar.
Sonra AzTU-da işini davam etdirən tədbirdə universitetin
rektoru, professor Havar Məmmədov bildirmişdir ki,
hazırda assosiasiyada beş Xəzəryanı ölkənin 51
universiteti təmsil olunur. Bu beynəlxalq qurum əsasən
Xəzərin ekoloji problemlərini öyrənir və onların aradan
qaldırılması üçün elmi tədqiqatlarla məşğul olur.
Assosiasiyanın başlıca vəzifəsi ekoloji problemlərin
həlli ilə yanaşı, elm və təhsil sahəsində əməkdaşlığı
genişləndirmək, müxtəlif beynəlxalq layihələrin həyata
keçirilməsində fəal iştirak etməkdir. Təhsil
nazirinin müavini Qulu Novruzov təşkilatın ekologiya,
elm və təhsil sahəsində regional əməkdaşlığının
əhəmiyyətindən danışmışdır.
Sonra assosiasiyanın icraçı direktoru, Həştərxan Dövlət
Texniki Universitetinin rektoru, professor Yuri
Pimenovun hesabat məruzəsi dinlənilmişdir. O,
assosiasiyanın yaranma tarixi və son ikiillik fəaliyyəti
barədə məlumat vermişdir.
Qeyd olunmuşdur ki, bu qurumun tərkibindəki beş elmi
mərkəz Xəzərin bioloji müxtəlifliyini və ekologiyasını
qorumaq sahəsində səmərəli fəaliyyət göstərir.
Milli Məclisin deputatı Elton Məmmədov Azərbaycanda
ekologiyanın sağlamlaşdırılması istiqamətində görülən
işlərdən, həyata keçirilən tədbir və layihələrdən söz
açmışdır.
Dağıstan Dövlət Universiteti Tətbiqi Ekologiya
İnstitutunun direktoru, professor Qayirbek Əbdülrəhmanov
qurumun fəaliyyətindən danışaraq demişdir ki, təkcə
Dağıstanda 7 min 500-dən çox termal su mənbəyi aşkar
edilmişdir. Tərkibində zərərli elementlər olan bu
tullantılar ətraf mühitin tarazlığının pozulmasına səbəb
olur. Q.Əbdülrəhmanov başçılıq etdiyi institutun bu
problemlə məşğul olduğunu vurğulamışdır.
İclasda assosiasiyanın digər üzvlərinin də çıxışları
dinlənilmişdir.
AzTU-nun rektoru, professor Havar Məmmədov növbəti illər
üçün Baş Assambleyanın prezidenti seçilmişdir. |