Uşaq və yeniyetmələrin yaradıcılıq potensialının üzə
çıxarılması, onların yaradıcılığının inkişaf etdirilməsi
üçün stimulların yaradılması və onlar arasında təcrübə
mübadiləsinin təşkil olunması məqsədilə
ƏMR EDİRƏM:
1. Uşaq yaradıcılıq mərkəzlərinin dərnək üzvlərinin əl
işlərinin Respublika müsabiqəsi 2012-ci ilin noyabr
ayında keçirilsin.
2. Müsabiqənin Əsasnaməsi və Təşkilat Komitəsinin
tərkibi təsdiq olunsun (əlavə olunur).
3. Naxçıvan MR təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil
İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon, şəhər
təhsil şöbələrinin müdirləri müsabiqənin yüksək
səviyyədə təşkili üçün müvafiq tədbirlər görsünlər.
4. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi
(A.İbrahimov) müsabiqənin yerlərdə təşkili və
keçirilməsinə əməli köməklik göstərsin.
5. Müsabiqənin respublika mərhələsinin keçirilməsi ilə
bağlı xərclərin ödənilməsi T.İsmayılov adına
Uşaq-Gənclər Yaradıcılıq Sarayının 2012-ci ilə təsdiq
olunmuş xərclər smetasının müvafiq xərc maddələrində
nəzərdə tutulmuş vəsait hesabına müəyyən edilmiş qaydada
həyata keçirilsin.
6. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) və Tərbiyə və
məktəbdənkənar müəssisələr şöbəsi (A.İbrahimov)
müsabiqənin respublika mərhələsinin qaliblərinin əl
işlərinin kataloqunun nəşri ilə bağlı zəruri tədbirləri
həyata keçirsinlər.
7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin
"Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və əmrin
əsasnamə ilə birlikdə nazirliyin İnternet səhifəsində
yerləşdirilməsini təmin etsin.
8. Ümumi şöbə (X.Fərəcov) əmr və əsasnamənin çoxaldılıb
yerlərə göndərilməsini təmin etsin.
9. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova
həvalə edilsin.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
16 oktyabr 2012-ci il |