Son
illər respublikamızda hər sahədə olduğu kimi, idman
sahəsində də sürətli inkişaf gedir. Ölkə Prezidenti
cənab İlham Əliyevin idmana göstərdiyi diqqət və
qayğının nəticəsində idmançılarımız beynəlxalq
arenalarda uğurla çıxış edərək dövlətimizin bayrağını
ucaldırlar. Belə idmançılar arasında adlarını fəxrlə
çəkdiyimiz Bakıdakı 16 nömrəli Uşaq-Gənclər İdman
Məktəbinin yetirmələri olan Kərim Cəfərov və Mikayıl
Rəhmanov öz uğurları ilə hamımızı sevindirir.
16 nömrəli UGİM-in direktoru Mərdan Quliyevdən aldığımız
məlumata görə, 2005-ci ildən yunan-Roma güləşi üzrə
məşqlərə başlayan Kərim Cəfərov hazırda yeniyetmələrdən
ibarət milli komandanın üzvüdür. Qeyd edək ki, Kərimin
məşqçi-müəllimi Akif Əliyevdir. Kərim Cəfərov
respublikamızda keçirilən çoxlu sayda turnirdə də yüksək
nəticələr əldə edərək beynəlxalq səviyyəli yarışlara
qatılmışdır. Beynəlxalq yarışlarda da uğurlar qazanan
gənc güləşçi bir çox turnirlərin qalibi olmuşdur. Belə
ki, Kərim Serbiyada 2010-cu ildə, Polşada isə 2011-ci
ildə keçirilmiş yeniyetmələr arasında yunan-Roma güləşi
üzrə Avropa çempionatlarının 42 və 46 kq çəkidə qalibi
olmuş, 2012-ci ildə isə Bakıda yeniyetmələr arasında
yunan-Roma güləşi üzrə keçirilən dünya çempionatında 54
kq çəkidə I yerə layiq görülmüşdür.
UGİM-in digər yetirməsi Mikayıl Rəhmanov 2007-ci ildən
adıçəkilən məktəbdə yunan-Roma güləşi üzrə məşqlərə
başlayıb. Məşqçi-müəllimi Füzuli Tağıyev olan Mikayıl
Rəhmanov yeniyetmələrdən ibarət milli komandanın
üzvüdür. Respublika və beynəlxalq yarışlarda 46 kq çəki
dərəcəsində uğurlar qazanan Mikayılın ən böyük
nailiyyəti isə bu il Bakıda yunan-Roma güləşi üzrə
yeniyetmələr arasında keçirilən dünya çempionatında
fəxri kürsünün ən yüksək pilləsinə çıxaraq qızıl medal
qazanmasıdır.
Niyazi RƏHİMOV |