Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

12 Oktyabr 2012 - №40

 

Dünyanın təhsil yenilikləri

 

2013-cü ilədək Ukraynanın bütün orta məktəbləri İnternetə qoşulacaq

Ukraynanın Təhsil və Elm, Gənclər və İdman Nazirliyi 2013-cü ilin sonlarına qədər ölkənin bütün ümumtəhsil məktəblərini kompüterləşdirmək və İnternet şəbəkəsinə qoşmaq niyyətindədir. "Məktəblərin kompüterləşdirilməsi məsələsi Ukrayna prezidentinin xüsusi nəzarəti altındadır. Zənnimcə, 2013-cü ilin sonuna qədər bu proqram 100 faiz yerinə yetiriləcək", - deyə təhsil və elm, gənclər və idman naziri Dmitri Tabaçnik bildirib.   Nazirin sözlərinə görə, 2015-ci ilədək olan dövrü əhatə edən "100% Proqramı" təsdiqlənib. "Proqram riyaziyyat və informatika müəllimlərinin hazırlığını və bütün orta ümumtəhsil müəssisələrinin kompüterləşdirilməsini nəzərdə tutur", - deyə Tabaçnik qeyd edib.

Onun sözlərinə görə, proqram, həmçinin kompüter texnikası parkının tədricən yeniləşdirilməsini və ölkənin bütün məktəblərinin ümumdünya İnternet şəbəkəsinə qoşulmasını nəzərdə tutur.

 

Uşaqlara vaxtından əvvəl məktəb proqramı tədris olunmamalıdır

Rusiya Təhsil Akademiyasının Yaş Fiziologiyası İnstitutunun professoru Maryana Bezrukix hesab edir ki, uşaqlar məktəbə hazırlıq prosesində məktəb proqramını keçməməlidirlər. Əks halda bu kompleks problemlərin yaranmasına gətirib çıxaracaq.

Bir çox müəllimlər məktəbdə təhsil almazdan öncə uşaqlara maksimum bilik verməyə çalışır və hazırlıq məşğələlərində birinci və hətta ikinci sinif proqramlarını keçir. Bu cür təlim gələcək şagirdə oxu və yazı kimi baza bacarıqlarının mənimsənilməsində problemlərlə üzləşmək təhlükəsi yaradır. "RİA Novosti" agentliyinin təşkil etdiyi "Müəllim və valideyn: ümumi iş üçün qarşılıqlı anlaşma" adlı onlayn konfransda iştirak edən M.Bezrukix qeyd edib: "Məktəb yaşına çatmamış uşaq birinci, xüsusi ilə də ikinci sinif proqramını öyrənməyə hazır deyil. Hətta müəllimlər və valideynlər hesab etsələr ki, uşaq yüksək intellektual inkişafa malikdir, funksional olaraq o buna hazır deyil".

Ekspertin sözlərinə görə, bir sıra tədqiqatlar təsdiq edir ki, məktəbəqədər təlim tələskənliyinin yaratdığı problemləri sonradan həll etmək çətin olur. "Həm də bu problemlər yazı və oxu kimi baza bacarıqlarının formalaşması ilə bağlıdır", - deyə Bezrukix əlavə edib.

Mütəxəssis vurğulayıb ki, hər bir müəllimin riayət etməli olduğu məktəbəqədər hazırlıq proqramları mövcuddur və bu vəziyyətdə özfəaliyyətlə məşğul olmaq yolverilməzdir.

 

ABŞ bəzi təhsil göstəricilərinə görə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının digər üzvlərindən geri qalır

Amerika Birləşmiş Ştatları orta təhsil pilləsini başa vuranların say nisbətinə və məktəbəqədər təhsil göstəricilərinə görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) digər üzv ölkələrdən geri qalır.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı - 2012 "Təhsilə baxış" hesabatına əsasən, ABŞ-ın təhsilin inkişafı sahəsində həyata keçirdiyi tədbirlər üzrə göstəricisi İƏİT-ə üzv digər ölkələrin orta göstəricilərindən aşağıdır.

Belə ki, 2010-cu ildən etibarən ABŞ-da şagirdlərin orta məktəbi bitirmə üzrə göstəricisinin sabit (77 faiz) qalmasına baxmayaraq, ölkə bu göstərici ilə 34 ölkə arasında 22-ci yerdə qərarlaşıb. İƏİT-ə üzv digər 21 ölkədə bu göstərici 84 faiz təşkil edir.

Fransa, Hollandiya, İspaniya və Belçikada isə 4 yaşadək uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbul göstəricisi 100 faiz olduğu halda, ABŞ-da bu göstərici 69 faizdir.

ABŞ-da orta məktəb müəllimləri digər kollec təhsilli şəxslərlə müqayisədə 72 faiz çox gəlir əldə edir. İƏİT-in bir çox ölkəsində bu göstərici 90 faiz təşkil edir. Bəzi ölkələrdə isə fərqlər daha yüksəkdir. Məsələn, İspaniyada müəllimlər digər ali təhsilli şəxslərdən 138 faiz çox əməkhaqqı alır. Buna baxmayaraq, bu göstəricinin daha aşağı olduğu ölkələr də var. Məsələn, Slovakiyada bu nisbət 45 faizdir.

Hesabata əsasən, ABŞ-da aşağı təhsilli valideynlərin övladları digər ölkələrlə müqayisədə təhsil pillələrini daha çətinliklə adlayırlar. ABŞ bu cür ailələrdən olan kollec şagirdlərinin sayına görə 34 ölkə arasında 26-cı yerdə qərarlaşır. Bu göstəriciyə görə, ilk yeri İslandiya tutur.

Hesabatda göstərildiyi kimi, ABŞ-da kollec məzunları digər ölkələrlə müqayisədə daha çox gəlir əldə edirlər. Belə ki, ABŞ-da orta təhsilli şəxslərə nisbətən kollec məzunları ildə təxminən 19000 dollar çox gəlir əldə etdiyi halda, digər İƏİT ölkələrində bu göstərici nisbətən aşağıdır. ABŞ-dan sonra 18000 dollarla Lüksemburq və 15500 dollarla Çexiya Respublikası qərarlaşır. Böyük Britaniya, Avstriya və Hollandiyada bu fərq 12000 dollar, İƏİT-in digər üzv ölkələrində isə 8900 dollar təşkil edir.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı Avropa İqtisadi Əməkdaşlıq Təşkilatının varisidir. Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı (AİƏT) 1947-ci ildə yaradılıb. AİƏT-in varisi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ABŞ-ın təşəbbüsü ilə təsis olunub. Təşkilatın yaradılması haqqında konvensiya 1960-cı il dekabrın 14-də imzalanıb və 1961-ci il sentyabrın 30-da bütün üzv dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minib. Hazırda təşkilat 34 üzv ölkəni əhatə edir.

 

Daha dörd universitet nüfuzlu Rassel Qrupuna daxil olub

2012-ci ilin martında daha dörd aparıcı ali təhsil müəssisəsi - Darem Universiteti, Ekseter Universiteti, Kuin Meri London Universiteti və York Universiteti Rassel Qrupuna üzv olub. Qeyd edək ki, Rassel Qrupu ən yaxşı tədqiqatlar həyata keçirən, yüksək səviyyəli təhsil və təcrübə verən, biznes və dövlət sektoru ilə mükəmməl əlaqələrə malik, hazırda Böyük Britaniyanın 24 ali təhsil müəssisəsini birləşdirən bir qurumdur.

Rassel Qrupuna daxil olan digər ali məktəblər bunlardır: Birminqem, Bristol, Kembric, Kardiff, Edinburq, Qlazqo, Lids, Liverpul, Mançester, Nyukasl, Nottingem, Oksford, Şeffild, Sauzəmpton, Uorvik, Belfast Kral universitetləri, London İmperial, London Kral, London Universitet kollecləri və London İqtisadiyyat Məktəbi. 

Rassel Qrupunun qərargahı London şəhərində yerləşir və qrupa Lids Universitetinin vitse-kansleri professor Maykl Artur rəhbərlik edir. Qrup 1994-cü ildə yaradılıb və universitet rəhbərlərinin iştirak etdiyi tədbirlərin təşkil olunduğu Rassel meydanındakı Rassel otelinin şərəfinə adlandırılıb. Rassel Qrupu hökumət, parlament, eləcə də digər nüfuzlu orqanlar qarşısında qrupa üzv olan ali məktəblərin maraqlarını təmsil etmək məqsədi ilə yaradılıb.

Rassel Qrupu ali təhsil sahəsində bir neçə ən böyük adların nümayəndələrindən biridir. Çox zaman bu qrupu ABŞ-ın nüfuzlu Sarmaşıq Liqasının Britaniya variantı kimi də qiymətləndirirlər.

Hazırda Böyük Britaniya universitetlərinin əksəriyyəti "missiya qrupları" adlandırılan qurumlardan birinə daxildir. Bu cür "missiya qrupları" ali təhsil siyasətinin və marketinqinin bir hissəsinə çevrilib. Böyük Britaniyada fəaliyyət göstərən digər qurumlardan 1994 Qrupunu və Oldviç Qrupunu qeyd etmək olar. Darem, Ekseter, Kuin Meri London və York universitetləri əvvəllər üzvü olduqları 1994 Qrupunu tərk edərək Rassel Qrupuna daxil olublar.

Hər hansı bir universitetin Rassel Qrupuna üzv olması həmin ali məktəbdə təhsil haqqının artmasına səbəb olur. Bu, xüsusilə gəlirli əcnəbi tələbə bazarında mövqeləri möhkəmləndirmək baxımından əhəmiyyətlidir.

 

İnformatika üzrə Beynəlxalq olimpiada 2016-cı ildə Kazanda keçiriləcək

Tatarıstanın İnformasiyalaşdırma və Rabitə Nazirliyinin rəsmi saytı məlumat verib ki, 2016-cı ilin iyulunda informatika üzrə Beynəlxalq olimpiada Kazanda keçiriləcək. 

Olimpiada iştirakçıları 2013 Universiada Kəndində qalacaqlar. Olimpiadanın Kazan IT-parkında keçirilməsi planlaşdırılır. Lakin 2016-cı ilədək Tatarıstanda İnnopolisin (Kazan yaxınlığında IT-şəhər, bu şəhərin tikintisinə 2012-ci ilin yayında başlanılıb) tikinti layihəsi reallaşdırılarsa, olimpiada bu ərazidə təşkil olunacaq.

Tatarıstan Respublikası İnformasiya Texnologiyaları Mərkəzinin direktoru Tatyana Kamaletdinova bildirib: "Kazan informatika üzrə Beynəlxalq olimpiadanı qəbul edən ilk Rusiya şəhəri olacaq. Tatarıstan nümayəndə heyəti İtaliyanın Lombardiya vilayətində keçirilən informatika üzrə XXIV Beynəlxalq olimpiada çərçivəsində Kazanın ərizəsini təqdim edib". 

T.Kamaletdinova qeyd edib ki, 2011-ci ildə yarışlar Tailandda, 2012-ci ildə isə İtaliyada keçirilib. 2013-cü ildə olimpiadanı Avstraliya, 2014-cü ildə Çin, 2015-ci ildə isə Qazaxıstan qəbul edəcək.   T.Kamaletdinovanın sözlərinə görə, bu il informatika üzrə Beynəlxalq olimpiadada 87 ölkədən milli seçimlərin qalibləri olmuş 400 şagird  iştirak edib. Yeri gəlmişkən, bu il informatika üzrə Ümumrusiya olimpiadası məhz Kazan şəhərində keçirilib və seçimlər nəticəsində İtaliyaya göndərilmiş nümayəndələrin dördü də qızıl medal qazanıb. Rusiya komandası ümumi nəticələrə görə Çinlə birlikdə birinci yeri bölüşüb. 

Hazırladılar:
Lamiyə ƏLİYEVA,
Leyla HEYDƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov