Azərbaycan
Respublikası ilə İSESKO arasında Əməkdaşlıq Proqramı
çərçivəsində 1-3 oktyabr tarixlərində Təhsil Nazirliyi
və İSESKO-nun birgə təşkilatçılığı ilə "Mərkəzi Asiya
və Sakit okean regionu ölkələrində elmin
populyarlaşdırılması" mövzusunda regional seminar
keçirilmişdir.
Seminarın məqsədi biliyə əsaslanan iqtisadiyyatın
inkişafına elmin töhfəsinin artırılması və bu məsələyə
geniş ictimaiyyətin marağının yüksəldilməsi
problemlərini müzakirə etmək və həll yollarını
müəyyənləşdirməkdən ibarət idi. Seminarda İSESKO-nun
Tehrandakı Regional Nümayəndəliyinin direktoru dr. Abbas
Sədri, islam ölkələrindən bir sıra alim, tədqiqatçı və
dövlət qurumlarının nümayəndələri iştirak etmiş,
Azərbaycan tərəfini isə Təhsil Nazirliyi və Milli Elmlər
Akademiyasının əməkdaşları, həmçinin ali təhsil
müəssisələrinin və elmi-tədqiqat institutlarının məsul
işçiləri, müəllim və tədqiqatçılar təmsil etmişlər.
Seminarı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm
şöbəsinin müdiri Gültəkin Hüseynova açaraq qonaqları
salamladı və qeyd etdi ki, İSESKO ilə birgə tədbirlərin
keçirilməsi artıq xoş bir ənənəyə çevrilmişdir. Sonra o,
ölkəmizdə elmin populyarlaşdırılması sahəsində, xüsusilə
də formal təhsil sahəsində elmin populyarlaşdırılması
üzrə görülən işlər, Azərbaycan Respublikasının qoşulduğu
bir sıra mühüm regional və beynəlxalq konvensiyalar
çərçivəsində beynəlxalq təşkilatların, o cümlədən
YUNESKO, İSESKO, Avropa Şurası, Avropa Təhsil Fondu,
Dünya Bankının ekspert dəstəyi ilə ölkəmizdə elm və
təhsil sahələrində həyata keçirilmiş uğurlu islahatlar
barədə danışdı. Eyni zamanda G.Hüseynova öz çıxışında
vurğuladı ki, əldə olunmuş nailiyyətlərlə yanaşı, bizim
ölkənin və İSESKO-ya üzv olan digər ölkələrin qarşısında
elmin populyarlaşdırılması və inkişafı sahəsində həllini
gözləyən problemlər də az deyil. Qloballaşma prosesi,
müasir texnologiyaların sürətli inkişafı, miqrasiya
proseslərin gücləndirilməsi, akademik və əmək
mobilliyinin genişləndirilməsi hər bir ölkə qarşısına
biliklərə əsaslanan rəqabətli və dinamik inkişaf edən
iqtisadiyyatın qurulması vəzifəsini qoyur. Həmin
vəzifənin öhdəsindən gəlmək üçün başlıca olaraq elm və
təhsilin inkişafı təmin olunmalıdır. Bunun üçün isə
elmin populyarlaşdırılması, yəni mövcud elmi-texniki
biliklərin ötürülməsi və yeni biliklərin qazanılmasına
istiqamətlənmiş prosesin təşkil edilməsi vacibdir .
İSESKO-nun Tehrandakı Regional Nümayəndəliyinin
direktoru dr. Abbas Sədri öz çıxışında seminarın
məqsədini açıqladı və onun təşkili haqqında məlumat
verdi.
3 gün davam edən seminarda elmin populyarlaşdırılması
sahəsində müxtəlif ölkələrin təcrübələri barədə
məlumatlar dinlənildi, bu sahədə əldə edilmiş
nailiyyətlər və mövcud problemlərə dair ətraflı
müzakirələr aparıldı.
Seminar çərçivəsində xarici qonaqlar Azərbaycan Dövlət
İqtisad Universitetini və bu ali məktəbin nəzdində
fəaliyyət göstərən "İqtisadi araşdırmalar" Elmi-Tədqiqat
İnstitutunu ziyarət etdi və bu müəssisələrin elmin
inkişafına yönəldilmiş fəaliyyəti ilə tanış oldular.
Seminar zamanı keçirilmiş müzakirələrin nəticələri
nəzərə alınmaqla müvafiq tövsiyələr qəbul edildi. |