Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasında ABŞ-da
fəaliyyət göstərən "Qarabağ Fondu"nun icraçı direktoru
xanım Diana Altman Kohenlə görüş keçirilib. Akademiyanın
rektoru, akademik Urxan Ələkbərov tədbiri açaraq
ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə
gəldiyi ilk günlərdən dünya ictimaiyyətinə Azərbaycan
həqiqətləri, xüsusilə Qarabağ problemi ilə əlaqədar
obyektiv məlumat verilməsini hər zaman diqqət mərkəzində
saxlamasından və bu sahədə göstərdiyi xidmətlərdən bəhs
edib. Natiq bu siyasətin davamı kimi Azərbaycanda əldə
olunan nailiyyətlərin, o cümlədən ölkənin beynəlxalq
nüfuzunun artmasının dövlət başçısı cənab İlham Əliyevin
uğurlu inkişaf strategiyasının nəticəsi olduğunu
bildirib. Rektor daha sonra "Qarabağ Fondu" barədə
ətraflı məlumat verib. Qeyd edib ki, ABŞ-da yaradılan və
qeyri-hökumət təşkilatlarına verilən yüksək statusa
malik olan "Qarabağ Fondu"nun məqsədi Azərbaycanı, onun
Qarabağ bölgəsini amerikalılara tanıtmaq, Azərbaycan
mədəniyyəti və incəsənətini bu ölkədə tərənnüm və təbliğ
etməkdən ibarətdir. Akademik bu məqsədlə həyata
keçirilən müxtəlif mədəni-kütləvi tədbirlərin böyük
əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Tədbirdə çıxış edən "Qarabağ Fondu"nun icraçı direktoru
xanım Diana Altman Kohen rəhbərlik etdiyi təşkilatın
missiyasının Azərbaycan və Amerika Birləşmiş Ştatları
arasında mədəni körpünun yaradılmasından ibarət olduğunu
bildirərək həyata keçirilən tədbirlərdən söz açıb. Diana
Kohen fondun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı amerikalıların maarifləndirilməsi
istiqamətində bir sıra mühüm işlər görməsindən bəhs
edib. O bu qurumun Azərbaycanın mədəni irsi və
adət-ənənələrini yüksək səviyyədə təbliğ etməyə
çalışdığını söyləyıb. Bakıya artıq ikinci dəfə, Dövlət
İdarəçilik Akademiyasına isə ilk dəfə gəldiyini deyən
qonaq gördüyü dəyişiklikləri yüksək dəyərləndirərək
ölkəmizin sürətli inkişafından heyrətləndiyini bildirib.
Sonra maraqlı diskussiya şəklində davam edən görüş
zamanı xanım Diana Altman Kohen müəllim və tələbələrin
suallarını cavablandırıb.
Hicran ƏKBƏROVA |