Yeni dərs ilinin başlanması ilə əlaqədar Qafqaz
Universitetində ənənəvi aylıq seminarlara start verilib.
Oktyabrın 8-də universitetin akt zalında bu silsilədən
ilk seminar keçirildi. Seminarın mövzusu "Azərbaycanda
pensiya sistemi: islahatlar davam edir", məruzəçisi isə
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun
sədri, iqtisad elmləri doktoru, professor Səlim Müslümov
idi.
Seminarı giriş sözü ilə açan Qafqaz Universitetinin
rektoru, professor Ahmet Saniç öncə qonağı salamlayıb
onu rəhbərlik etdiyi ali təhsil müəssisəsində
görməsindən məmnun olduğunu bildirdi. Sonra rektor aylıq
seminarlar haqqında qısa məlumat verərək onların
tələbələrin dünyagörüşünü genişləndirmək məqsədi ilə
təşkil edildiyini, tanınmış dövlət və hökumət
nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin, şirkət
rəhbərlərinin məruzəçi qismində seminarlara dəvət
olunduğunu diqqətə çatdırdı. Yığışdıqları seminarın
mövzusuna toxunan rektor onun nəinki iqtisadiyyat
profilli ixtisaslar üzrə təhsil alan tələbələr, eyni
zamanda digər ixtisaslara yiyələnənlər və
professor-müəllim heyəti üçün də maraqlı olacağına
əminliyini ifadə etdi və dəvətlərini qəbul edib
universitet kollektivi ilə görüşə gəldiyi üçün
S.Müslümova təşəkkürünü bildirdi.
Sonra söz məruzəçiyə verildi. S.Müslümov öncə rəhbərlik
etdiyi dövlət qurumu barədə məlumat verdi və onun
fəaliyyətə başlamasının 20 illiyi ilə bağlı bir sıra
tədbirlər keçirdiklərini, universitet kollektivi ilə
görüşünün də bu tədbirlər silsiləsindən olduğunu diqqətə
çatdırdı. Qeyd etdi ki, ölkə üzrə 27 min nəfər dövlət
qulluqçusunun 10 faizi, yəni 2700 nəfəri Dövlət Sosial
Müdafiə Fondu sistemində çalışır. Onlardan 2280 nəfəri
inzibati idarəetmə heyəti, qalanı isə digər personaldan
ibarətdir. Fondun 20 illik faliyyət yoluna nəzər salan
S.Müslümov sığorta-pensiya sisteminin indiyədək bir neçə
inkişaf mərhələsindən keçdiyini qeyd edib, 1992-1995,
1996-2002, 2003-2005 və 2006-cı ildən sonrakı dövrləri
əhatə edən hər bir mərhələdə görülmüş işlər barədə
ətraflı məlumat verdi. İlk illər qanunvericilik bazası
sovet pensiya sisteminin prinsiplərinə əsaslanan
ölkəmizin pensiya sisteminin bazar iqtisadiyyatına
uyğunlaşdırılması yolunda bir sıra çətinliklər olduğunu
deyən məruzəçi həmin çətinliklərin aradan qaldırılması
üçün ardıcıl iş aparıldığını, xüsusən 1996-2002-ci
illər ərzində zəruri iqtisadi baza yaradıldıqdan sonra
pensiya sistemində əsaslı dəyişikliklər edildiyini,
vahid sığorta-pensiya qurumunun yaradılmasını təmin
etmək üçün bir sıra qanunların, qərarların qəbul
olunduğunu, fərman və sərəncamların imzalandığını
diqqətə çatdırdı, 2006-cı ildən başlayaraq pensiya
sistemində tətbiq olunan yeni qayda və mexanizm haqqında
seminar iştirakçılarına ətraflı məlumat verildi. Qeyd
olundu ki, bu gün ölkədə 1245.000 pensiyaçı var və
pensiya sistemində aparılan islahatlar davam edir.
S.Müslümov məruzəsinin sonunda rəhbərlik etdiyi qurumda
bir sıra ixtisaslar üzrə mütəxəssislərə ciddi ehtiyac
duyulduğunu qeyd edib, həmin ixtisaslar üzrə kadr
hazırlığına başlanması üçün müvafiq addımlar atılmasının
zəruriliyini diqqətə çatdırdı, tələbələrə bu ixtisaslara
yiyələnməyi tövsiyə etdi.
Seminarda hörmətli qonağa Qafqaz Universitetinin plaketi
təqdim olundu.
Tədbirin sonunda S.Müslümov özü ilə gətirdiyi
kitablarını universitetin kitabxanasına hədiyyə etdi və
seminar iştirakçılarının çoxsaylı suallarını
cavablandırdı.
Yusif ƏLİYEV |