Oktyabrın
8-də təhsil naziri Misir Mərdanov Koreya Respublikasının
ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-İn
ilə görüşüb.
Qonağı Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu
qeyd edən Misir Mərdanov təhsil sahəsində Azərbaycanla
Koreya arasında son illər genişlənməkdə olan əlaqələrdən
söz açıb. Təhsilin müxtəlif istiqamətləri üzrə
əməkdaşlığın əhəmiyyətinə toxunan nazir iki ölkə
arasında tələbə mübadiləsinin ilbəil artdığını, hazırda
70 nəfərdən artıq azərbaycanlı gəncin Koreya
universitetlərində təhsil aldığını diqqətə çatdırıb.
Misir Mərdanov təhsil sahəsində qabaqcıl ənənələri olan
Koreya ilə qarşılıqlı təcrübə mübadiləsinin
genişləndirilməsinin səmərəli nəticələr verəcəyinə
inamını ifadə edib. Azərbaycanda təhsil sahəsinin
inkişafı istiqamətində həyata keçirilən bir sıra
layihələrdə Koreya ilə əməkdaşlığın mövcudluğuna diqqət
çəkən nazir ölkəmizin 5 ali məktəbində koreyaşünaslıq
üzrə tədris aparıldığını bildirib.
Çoi Suk-İn səmimi qəbula görə minnətdarlığını ifadə
edib. Ölkəsinin Azərbaycanla elm və təhsil sahəsində sıx
əlaqələr qurmağa xüsusi önəm verdiyini açıqlayan səfir
tələbə mübadiləsinin ikitərəfli əlaqələrin inkişafındakı
rolundan danışıb. Azərbaycanın ali təhsil müəssisələri
ilə əlaqələrin genişləndiyini, bir sıra birgə
layihələrin həyata keçirildiyini söyləyən qonaq
ikitərəfli münasibətlərin bundan sonra da yüksələn xətlə
inkişaf edəcəyinə əminliyini ifadə edib.
Görüşdə təhsil sahəsində qarşılıqlı əməkdaşlığın daha da
inkişaf etdirilməsi istiqamətində həyata keçirilən
tədbirlər və bir sıra digər məsələlər ətrafında
müzakirələr aparılıb. |