Oktyabrın
7-də Prezident İlham Əliyev Zərdabda Gənclər Mərkəzinin
açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən
lenti kəsdi.
Mərkəzdə yaradılan şəraitlə tanışlıq zamanı məlumat
verildi ki, Heydər Əliyev Parkında yeni inşa olunan
Gənclər Mərkəzinin həyətində XXX London Yay Olimpiya
Oyunlarının qaliblərinin və olimpiya komandamızın
Prezident İlham Əliyev ilə görüşlərini əks etdirən
fotostend yaradılmışdır. Mərkəzin foyesində ümummilli
lider Heydər Əliyevin və Prezident İlham Əliyevin
ictimai-siyasi fəaliyyətlərinin müxtəlif məqamlarını,
Zərdaba səfərlərini əks etdirən fotolardan ibarət
guşələr vardır.
Qeyd olundu ki, Gənclər Mərkəzinin tikintisinə ötən ilin
iyulunda başlanılmışdır.
Mərkəzin inşaat işləri Prezident İlham Əliyevin Zərdaba
səfərindən sonra imzaladığı 2011-ci
il 11
may tarixli sərəncamı
ilə ayrılan 2 milyon manat vəsait hesabına
aparılmışdır. Bütün lazımi avadanlıqla təchiz edilən on
otaq və rəqs zalından ibarət mərkəzdə gənclər öz asudə
vaxtlarını maraqlı keçirə bilərlər. Burada ayrıca
kompüter otağı da vardır. Bütün kompüterlər sürətli
İnternetə qoşulmuşdur. Mərkəzdə kompüter, dərzilik
kursları, musiqi dərnəkləri təşkil olunacaqdır. Binadakı
kafe-barda gənclərin istirahəti üçün hər cür şərait
yaradılmışdır.
Dövlətimizin başçısı mərkəzin rəqs zalı ilə tanış oldu.
Burada atıcılıq otağı və bilyard zalı fəaliyyət
göstərir. Ümumilikdə mərkəz gənclərin asudə vaxtlarının
səmərəli təşkilində mühüm rol oynayacaqdır.
Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev
müvafiq tapşırıq və tövsiyələrini verdi.
AzərTAc |