Oktyabrın
7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Tərtərdə yeni inşa edilən Gənclər Mərkəzinin açılışında
iştirak etmişdir.
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən
lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.
Bildirildi ki, bu gün ölkəmizdə savadlı, bilikli,
intellektual, vətənpərvər ruhlu gənclərin yetişməsi
məsələsinə xüsusi diqqət yetirilir. Məhz bundan ruhlanan
gənclərimiz siyasət, iqtisadiyyat, mədəniyyət,
incəsənət, idman və digər sahələrdə Azərbaycanı dünyada
layiqincə təmsil edirlər.
Diqqətə çatdırıldı ki, ümumi sahəsi bir hektar olan
mərkəzin tikintisinə bu ilin mayında başlanılmışdır.
Mərkəzin ikimərtəbəli binasının inşası maksimum
keyfiyyətlə və sürətlə həyata keçirilmişdir. Binanın
foyesində ümummilli lider Heydər Əliyevin büstü
qoyulmuş, ulu öndərin və Prezident İlham Əliyevin
Tərtərə səfərlərini, rayon zəhmətkeşləri ilə
görüşlərini, həmçinin gənclərə göstərdikləri diqqət və
qayğını əks etdirən fotostendlər qurulmuşdur.
Qeyd edildi ki, mərkəzdə hər cür şəraitin olduğu gənclər
kafesi yaradılmışdır. Mərkəzin 112 yerlik iclas zalı da
müasir standartlara cavab verir. Zalda rayon miqyaslı
müxtəlif tədbirlər keçirmək də mümkündür. Bundan başqa,
mərkəzin birinci mərtəbəsində müasir avadanlıqla təchiz
edilmiş karaoke-diskoteka və virtual-rinq otaqları da
yaradılmışdır. Virtual-rinq otağında gənclərin müxtəlif
intellektual oyunlar keçirmələri üçün zəruri sistem
qurulmuşdur. Mərkəzdəki tir otağı da müasir standartlar
səviyyəsindədir. Beşzolaqlı tirdə gənclər idmanın
atıcılıq növünə daha yaxşı yiyələnmək üçün imkan əldə
edirlər. Otaqdakı virtual tir böyük maraq doğurur.
Gənclər dünyanın aparıcı şirkətlərinin istehsalı olan
xüsusi lazer effektli tirdən də istifadə edə biləcəklər.
Mərkəzdə ən son texnoloji avadanlıqla təchiz edilən 30
nəfərlik 3D kino zalı, xarici dillər və linqafon otağı,
həmçinin fotostudiya da vardır. Bundan başqa, burada
gənclərin müxtəlif tədbirlər keçirmələri üçün konfrans
zalı da yaradılmışdır.
Gənclər Mərkəzinin həyətində mini stadion inşa edilmiş,
ətraf abadlaşdırılmış, fəvvarə quraşdırılmış, müasir
işıqlandırma sistemi yaradılmış, geniş yaşıllıq işləri
görülmüşdür.
Mərkəzlə tanışlıqdan sonra dövlətimizin başçısı burada
bölgə gənclərinin nümayəndələri ilə görüşdü. Azərbaycan
Prezidenti İlham Əliyev görüşdə çıxış etdi.
AzərTAc |