Müasir cəmiyyətdə informasiya axını çox sürətlə inkişaf
edir. Artıq informasiya mübadiləsi həyatın və cəmiyyətin
əsas resurslarından biri kimi inkişafın yeni mərhələsini
təşkil edir. Məhz dünyadakı elektron informasiya
resurslarını təhlil etmək bacarıqlarını formalaşdıran
informatikada informasiya ilkin və təyin olunmamış
anlayış kimi qəbul edilir. Yaşadığımız əsrin
informasiyalaşmış cəmiyyət əsri olması da təhsil
alanların yüksək səviyyəli mütəxəssis kimi formalaşması
üçün informatika və informasiya sahəsində zəruri bilik
və vərdişlərə yiyələnməsini tələb edir.
Bu baxımdan informatikadan fənn kurikulumu cəmiyyətin
intellektual potensialını yüksək səviyyəyə çatdıracaq
gənc nəslin formalaşması üçün vacib informasiya
ehtiyacını ödəyən kompüter, informasiya və kommunikasiya
texnologiyaları və sistemlərindən istifadə bacarıqlarına
malik olmasına yönəldilmişdir.
Öz məzmununa görə çoxcəhətli olan kurikulum islahatı
şagirdin pedaqoji prosesin fəal iştirakçısı olmasını
təmin edir. Həmçinin milli kurikulumların tətbiqi
nəticəsində müəllim-valideyn əlaqələri güclənir,
nəticədə valideyn təhsildəki yeniliklərlə bağlı təlim
prosesində daha yaxından iştirak edir.
Orta təhsil pilləsinin informatika fənn kurikulumunda
"İnformasiya və informasiya prosesləri" üzrə məzmun
xətti əsas və alt-standartlara ayrılaraq şagirdlərin
informasiya və informasiya prosesləri mədəniyyətinə
yiyələnmələrini və bunun nəticəsində əmək bacarıqlarını
müəyyənləşdirərək gələcəkdə həyat şəraitini mükəmməl
qurmaq imkanı əldə etmələrini vurğulayır. Sənəddə məzmun
xətti ilə bağlı əsas və alt-standartlar təhsil
pillələrini dolğun şəkildə əks etdirir. Məsələn, əsas
təhsil pilləsində şagirdlərdə ətraf aləmi informasiya
sistemi baxımından təhlil və qərar qəbul etmək
bacarıqlarının formalaşdırılması təmin olunursa, orta
təhsil pilləsində mənimsənilmiş bacarıq və vərdişləri
inkişaf etdirməklə onlarda informasiyalaşmış cəmiyyətin
tələblərinə uyğun, zəruri məlumatlarla işləmə
bacarıqları təmin olunur. Sənədin digər məzmun
xətləri: formallaşdırma, modelləşdirmə,
alqoritmləşdirmə və proqramlaşdırma; kompüter,
informasiya və kommunikasiya texnologiyaları və
sistemləri cəmiyyətin informasiyalaşdırılmasında ümumi
təlim nəticələrini reallaşdırır. Hər bir fənn
kurikulumunun əsasını onun məzmun standartları təşkil
edir ki, bu da fənnin məzmununun yığcam ifadəsidir.
Bizlər gənc nəsli şəxsiyyət kimi yetişdirmək
istəyiriksə, verilmiş məzmun standartlarını, məzmun
xətlərini müəyyən fəaliyyət standartları ilə
kəsişdirərək yerinə yetirməliyik və bu bizim bütün
fəaliyyətimizdə öz əksini tapmalıdır. Bu fəaliyyət
standartları şəxsiyyətin problemi həll etmək, mühakimə
yürütmək, auditoriya qarşısında sərbəst çıxış etmək,
analiz etmək, araşdırmaq, dərk etmək və ümumiləşdirmək
qabiliyyətlərini artırır, həmçinin müstəqil tədqiqat
işləri aparma, İKT-dən istifadə etmə vərdişlərini
təkmilləşdirir və nəticədə onlar tək fikirlilikdən
alternativliyə doğru, intuisiyadan məntiqə, vizual
effektivliyə doğru inkişaf yolu keçirlər. Yeni
kurikulumun görmək istədiyi şəxsiyyətdə idraki, sosial
və praktik bacarıqlar, psixoloji öhdəliklər
formalaşdırmaq məqsədi biz müəllimlərin qarşısında geniş
yaradıcılıq imkanları açır və bu istiqamətdə daha çox
çalışmamızı tələb edir. Eyni zamanda fəallığı artan
müəllimlərin tədqiqatçılıq və kommunikativ bacarıqları
və peşəkarlıq qabiliyyətləri inkişaf edir ki, bu da
təhsilimizdə böyük canlanmanın əmələ gəlməsi ilə
müşahidə olunur.
Bildiyimiz kimi ümumi təhsil sahəsində dövlət
siyasətinin əsasını zəruri biliklərlə yanaşı,
şəxsiyyətin yetkinliyini təmin edən həyati bacarıqlara
yiyələnmiş, milli mənəvi dəyərlərə malik vətəndaşın
formalaşması təşkil edir. Gələcək həyata hazırlanan
bugünkü şagird hər gün müxtəlif forma və vasitələrlə:
istər adi, istərsə də avtomatlaşdırılmış şəkildə
informasiyalar alır. Bu informasiyalar elmi, sənədli,
texniki, texnoloji, siyasi, iqtisadi, bədii, dünyəvi və
bu kimi digər növlərə ayrılır. Şagirdlərin hər gün
zəruri informasiyalarla təmin olunması, informasiya
daşıyıcıları ilə işləyə bilməsi onların təfəkkürünün
inkişafına, tənqidi, yaradıcı düşüncəyə
sahiblənmələrinə, dünyagörüşlərinin formalaşmasına, əmək
qabiliyyətlərinin inkişafına zəmin yaratmış olur. Bütün
bunlar isə informatikadan yeni fənn kurikulumunun əsas
hədəfləridir.
İnformasiya proseslərinin əsas mərhələlərini -
informasiyanın toplanması, ötürülməsi, saxlanması, emalı
şagirdlərin həyat fəaliyyətlərində önəmli rol oynayır.
Şagirdlər ətraf aləmdən aldıqları məlumatları
yaddaşlarında saxlayır, təfəkkürün köməyi ilə analiz
edir, digər insanlarla informasiya mübadiləsi edirlər.
Hazırda mövcud olan peşələr bir sıra qabiliyyətlərin
inteqrasiyasını tələb edir. Şagirdlərin elmi
dünyagörüşlərinin formalaşmasında, biliklərini
dərinləşdirərək həyati bacarıqlarının inkişaf
etdirilməsində inteqrativ təlimin xüsusi əhəmiyyəti var.
Bu məqsədlə Azərbaycan Respublikasında ümumtəhsil
məktəblərinin informasiya və kommunikasiya
texnologiyaları ilə təminatı proqramı təhsil sisteminə
texnologiyaların tətbiqini və ondan geniş istifadə
edilməsini informasiya cəmiyyətinin əsas
xüsusiyyətlərindən biri kimi müəyyənləşdirib. Hazırda
kompüterdən, multimediadan, ağıllı lövhədən qismən də
olsa istifadə etmədən daha böyük cəmiyyətə çıxmaq olmaz,
çünki şagirdi cəlb edən tədris prosesini yaratmaq,
maraqlı dərs qurmaq üçün texnika əsri olan XXI əsrin
tələblərinə uyğunlaşmaq lazımdır.
İKT ümumbəşəri dəyərlərin tərkib hissəsi olmaqla digər
fənlərin öyrənilməsində tətbiqi biliklərə yiyələnmək
üçün real əsas yaradır. Fənlərarası inteqrasiya müasir
biliklərə və bacarıqlara malik Azərbaycan
vətəndaşlarının formalaşmasına təsir edən vacib amildir.
Təlimin stimullaşdırılmasında, şagirdlərin fəallığının
təmin edilməsində, nəzərdə tutulan məzmunun ətraflı
mənimsədilməsində inteqrasiyanın tətbiqi kurikulumun
tələbidir. Məsələn: informatikanın riyaziyyat fənni ilə
inteqrasiyasına sadə bir nümunə deyək. Funksiyanın
tədrisi zamanı Microsoft Excel proqramının imkanlarından
istifadə edərək qrafiklərin dəqiq qurulmasını əyani
şəkildə tətbiq etmək olar. Bu şəkildə dərsin əyaniliyi
şagirdlərdə izləməyi, müqayisə etməyi, ümumiləşdirməyi
və nəticə çıxarmağı formalaşdırır. Riyaziyyat fənninin
informatika fənni ilə inteqrasiyası şifahi
hesablamalarda, yeni materialın öyrənilməsində,
məsələnin həllində, şagirdlərin tədqiqat fəaliyyətinin
təşkilində özünü doğruldur.
Yaxud da fizikanın tədrisində kompüter
texnologiyalarının imkanlarına nəzər salaq: fiziki
proses və hadisələri, fiziki anlayış, qanun, quruluş,
sxem və xassələri təbii şəkildə istənilən anda
illüstrasiya edə bilməsi, vizuallaşdıra bilməsi, virtual
laboratoriya işlərinin aparıla bilməsi, animasiyaları
qurmaq imkanının olması, az vaxt ərzində çox informasiya
çatdıra bilməsi və s. misal göstərmək olar.
Ümumiyyətlə, tədris olunan bütün fənlərlə informatika
fənninin inteqrasiyası təlim prosesinin operativliyinin
təmin edilməsində, şagirdlərin maraqlarına uyğun olaraq
diqqəti cəlb edən fraqmentlərdən istifadə edilməsində və
müasir texnologiyalara şagirdlərdə marağın oyanmasında
gözəl effektə malikdir.
İnformatika fənni digər fənlərdən fərqli olaraq, sürətlə
inkişaf etdiyi üçün bu fənni tədris edən müəllimin daim
öz üzərində işləməsi lazımdır. Çünki bugünkü material
aktuallığını gələcəkdə saxlamır, işlədiyimiz müəyyən
tətbiqi proqramlar isə sabahkı yeni proqramların
yaranması nəticəsində köhnəlir, bu da yeni proqramların
öyrənilməsi və tətbiqi məsələsini zərurətə çevirir. Biz
yetişməkdə olan gənc nəsli müstəqil həyata hazırlayırıq.
İnformatika fənn kurikulumunda bu fənn üzrə tədrisin
məqsədi, məzmunu və təşkili formaları vətənini sevən,
onun inkişafında öz sözünü deyən Azərbaycan
vətəndaşlarının yetişməsini və bu müqəddəs vəzifənin
reallaşmasını şərtləndirir.
Lütviyyə ƏHMƏDOVA,
Mingəçevir şəhəri N.Ahəngari adına 13 nömrəli tam orta
məktəbin
riyaziyyat-informatika müəllimi |