Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

5 Oktyabr 2012 - №39

 

Şagirdlərin yaradıcılıq qabiliyyətlərinin formalaşmasına təsir göstərən fəaliyyətlər

 

Şagirdlərin  öyrənmə fəalliyyəti təlim vəzifələrinin yerinə yetirilməsinə yönələn idrak əməliyyatlarının sistemi kimi özünü göstərir. Şagird tədris tapşırığını əməli şəkildə və ya fikrən yerinə yetirərkən istər-istəməz psixoloji  fəaliyyətdə olur. Şagird öyrənmə prosesində təkcə bilik və bacarıq əldə etmir, o həm də psixi səy göstərir, düşünür, onda öyrənmək, başa düşmək, dərk etmək  bacarıqları formalaşır. Başqa sözlə, təlim zamanı şagirdlər bilik əldə etməklə yanaşı, bu biliklər üzərində düşünür, daşınır. Deməli öyrənmənin, bilik əldə etmənin əsasında bir sıra idrak prosesi durur. İdrak marağı şagirdlərin qabiliyyətlərinin üzə çıxmasına şərait yaradır. Məlumdur ki, idrak marağı davamlı və güclü olan şagirdlər təlimdə daha çox uğur və müvəffəqiyyət qazanırlar. Şagirdlərin qabiliyyətlərini səciyyələndirən cəhətlərdən biri də onların müstəqilliyidir. Təcrübə göstərir ki, şagirdləri fəallıq göstərən, onları müstəqil işlətməyə istiqamətləndirən müəllim təlimdə yüksək göstəricilər əldə edir. Şagirdlərin inkişafını təmin etmək də təlim prosesinin mühüm vəzifəsidir. Bu vəzifə şagird  şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır. Bu zaman şagirdin təfəkkürü deyil, həm də şagirdi hərəkətə təhrik edən psixi prosesləri inkişaf edərək onun fəaliyyətinə məna və məzmun verir.

Xarici aləm şagird qarşısında rəngarəng suallar qoyur, suallar isə onu təbiət və cəmiyyətdə baş verən  hadisələrin mahiyyəti, səbəbləri haqqında düşünməyə təhrik edir. Qabaqcıl müəllimlər  şagirdlərin təlimə həvəsini inkişaf etdirir, onlarda müşahidəçilik qabiliyyətinin formalaşmasına şərait yaradır. Şagird yalnız fakt və hadisələri  müşahidə etməklə kifayətlənmir, insanın ən qiymətli əqli zinəti adlandırılan müqayisədən  istifadə edərək yeni biliklər dünyasına daxil olur. 

Şagirdlərin tərbiyəsinə və inkişafına yönələn idrak fəaliyyətinin təşkili deyəndə öyrədiləcək mövzunun tərbiyəvi imkanına onların diqqətini cəlb etmək, sinif qarşısında problem qoymaq, problemin öhdəsindən şagirdlərin gələ bilməsi üçün şərait yaratmaq, lazım olanda şagirdlərə təqdimetmə, tədris etmə hüququ vermək, bu vəzifəni yerinə yetirmək üçün onları təlimatlandırmaq, qoyulmuş problemin  həllində sinfə kömək etmək  başa düşülür.

İnsan fəaliyyətinin  hərəkətverici  qüvvələri - hisslər, əqidə və xarakter məhz dərsdə inkişaf edib  formalaşır. Təlimin inkişafedici vəzifəsi şagirdin sensor fəaliyyətinə düzgün istiqamət verir. Rənglər, səslər  dünyası, formalar, zaman və məkan  uşaqlara çox yaxın olmalıdır. Xarici aləmin  qavranılmasında, fakt və hadisələrin  dərk edilməsində  hissi idrak böyük rol oynayır.

Hər bir dərs  yeni maraqlı cəhəti ilə  fərqlənməlidir. Şagirdlər aldıqları məlumatları özləri saf-çürük etməli, onlara əlavələr etməlidirlər. Hər hansı bir məsələ, fakt və hadisə haqqında  bir-biri ilə mübahisə etməli,  öz fikir və mülahizələrini  bildirməli, öz fikirlərini əsaslandırmalı, yoldaşlarının  da fikirlərini dinləməli və ona hörmətlə yanaşmalıdır.

Təlimin səmərəli təşkilinə  yalnız o zaman nail olmaq mümkündür ki, müəllim şagirdlərə yaxın olsun. Onunla şagird arasında qarşılıqlı anlaşma olsun. Dərs dediyi şagirdlərin  fərdi və psixoloji  xüsusiyyətlərini öyrənsin, təlim prosesində  onları nəzərə alsın.

Tədris prosesində yaradıcılığa geniş yer verilməlidir. Belə ki, ana dili dərslərində mətni hissələrə ayırıb, başlıq vermək, hekayənin qəhrəmanına  və ya müəllifinə məktub yazmaq, mətndəki obrazlara şəxsi münasibət bildirmək, obrazların yerini dəyişməklə mətni danışmaq, oxuduqları mətni həyatla bağlamaq, cümlə, rabitəli mətn qurmaq, esse və ya  hekayə yazmaq, şeiri nəsrə çevirmək və s.

Riyaziyyat  dərslərində şagirdləri yazılı  və şifahi şəkildə təqdimetmə tapşırıqlar vasitəsi ilə onlarda ünsiyyətqurma, əlaqələndirmə və tətbiqetmə bacarığı formalaşır. Dərslik və iş dəftərində verilmiş tapşırıqları bir dərsdə bütün şagirdlərin yerinə yetirməsi məcburi deyil. Müəllimin seçimi ilə tapşırıqlar sinifdə qruplara verilə bilər, şifahi həll edilə bilər, hər tapşırıqda bir neçə misal həll edilə bilər. Ola bilər ki, şagirdlərin bir çoxu bu tapşırıqları asanlıqla həll etsinlər, evdə və ya sinifdə həll edilməmiş misalları sonradan həvəslə yerinə yetirsinlər. Əsas məsələ təlim məqsədini nəzərdə tutulan şagird bacarıqlarının müəllim tərəfindən düzgün qiymətləndirilməsi və bu bacarıqların formalaşdırılması üçün şagirdlər tərəfindən iş planının hazırlanmasıdır.

Dərsin əsas məqsədi tapşırıqların bütün uşaqlar tərəfindən yerinə yetirilməsi deyil, seçilmiş məşğələ və tapşırığın yerinə yetirilməsində bütün şagirdlərin iştirakıdır.

Dərsi oyun üzərində qurmaqla və ya təklif olunmuş məsələ və misallardan bir neçəsini seçməklə qoyulan məqsədə nail olmaq olar.

Müəyyən əyani vasitələr vasitəsilə şagirdlər bilik və bacarıqlara yiyələnə bilirlər. Məsələn, rəngli kublarla müxtəlif konstruksiyalar hazırlamaqla, onları əyani  şəkildə baroqraf modelləşdirib, həmçinin həcm və sahə vahidlərini hesablayırlar. Kub blokları vasitəsilə çoxrəqəmli ədədləri mərtəbələrə görə modelləşdirirlər. Həndəsə taxtası vasitəsi ilə müstəvi fiqurlar quraşdırmaqla perimetr və sahə anlayışlarını təsvir etməklə bu şəkilləri çəkməyə hazırlaşır. Həndəsi fiqur dəsti vasitəsilə hər bir şagird  fiqurlar ardıcıllığı yaradaraq fəza fiqurları ilə müstəvi fiqurların əlaqəsini sərbəst araşdırır.

Texnologiya dərslərində texniki modelləşdirmə və s. şagirdlərin yaradıcı qabiliyyətinin inkişafını təmin edən amillərdəndir.

Təlim prosesində şagirdlərin fərdi  yaradıcılıq qabiliyyətlərinin inkişafına geniş  imkanlar vardır. Dərs prosesi elə canlı təcrübə meydanıdır ki, şagirdlərin və müəllimlərin bəzən özlərinə məlum olmayan müsbət və mənfi  cəhətləri üzə çıxır. Şagird və müəllim bir-birinin əməyindən bəhrələnə bilir.

İbtidai siniflərdə riyaziyyatın öyrədilməsi düşüncə, məntiqi mühakimə, ümumiləşdirmə və mücərrədləşmə aparmaq və s. qabiliyyətləri əhəmiyyətli dərəcədə inkişaf etdirir. Riyazi biliklər sisteminin mənimsənilməsi şagirdlərə hadisələri  hərtərəfli müşahidə etməyə, mühüm əlamətləri ayırmağa, onları daha dərindən başa düşməyə imkan verir. Bu biliklər əsasında  şagirdlərdə əməliyyatlar aparmaq, kəmiyyətlər arasındakı münasibətləri  əsaslandırmaq  bacarıqları formalaşır. Hər bir ibtidai sinif müəllimi şagirdlərdə riyaziyyat təliminə maraq oyatmaq üçün dərslərində yaradıcılıq əhvali-ruhiyyəsi yaratmalı, yetirmələrini tədqiqatçı vəziyyətinə salmalıdır. Onları axtarıcılığa sövq etməklə müəllim şagirdlərin özlərinin də nə isə tapa biləcəklərinə onlarda inam yaratmalıdır. Yeni bilikləri müstəqil əldə etmək, mühakimələr yürütmək, hadisələrin mahiyyətini, qanunauyğun əlaqələri açıb göstərmək, bir sözlə, axtarıb, araşdırıb  nə isə  tapa bilmək bacarığının şagirdlərə aşılanmasına ibtidai siniflərdən başlamaq vacibdir. Bu həm də onların təhsillərini  yuxarı siniflərdə müvəffəqiyyətlə davam etdirmələrinə müsbət təsir göstərir.

Müasir təlimdə riyaziyyat dərslərində layihə işlərinə də xüsusi yer verilməlidir. Layihə işlərində əsas məqsəd onun yerinə yetirilməsi əsasında bu və  ya digər sahəyə aid biliklər öyrənməkdir. Biliklər görülən işlərin nəticəsində qazanılır. Layihə işi müəllimin rəhbərliyi altında tək və qrup halında aparılır. Bu zaman şagirdlər problem həlletmə məsuliyyətini dərk edirlər, həmçinin onlarda müstəqil qərarvermə bacarığı inkişaf edir. Layihə mövzusunu seçərkən keçilən mövzular bölmə üzrə riyazi biliklərin tətbiqinin mümkünlüyünü nəzərə almaq lazımdır. Riyaziyyat dərslərində problemlər müəyyən məsələlər, mətnlər, praktik və əyani materiallar və s. üzərində qurula bilər. Problem məsələlərin özündə riyazi biliklər həllin məzmununu, fəaliyyətin istiqamətini müəyyən edir. Yaxşı məlumdur ki, biliksiz yaradıcılıq mümkün deyildir. Lakin yalnız biliklər də bunun üçün azdır, kifayət deyildir. Fəaliyyətin özünün yaradıcı olması lazımdır. İdrakı fəaliyyətin stimulyatoru olan tədqiqat metodundan istifadə, biliklərin yaradıcı mənimsənilməsini nəzərdə tutur.  Bu prosesdə müəllimin pedaqoji ustalığı ondan ibarətdir ki, şagirdlərin müstəqil mühakimə aparıb öz mülahizələrini söyləmələrinə imkan yaratsın. Onların fikrini lazımi istiqamətdə yönəldə bilsin. Belə ki, düzgün olmayan cavabı rədd etməklə yox, şagirdləri düşünməyə vadar edən münaqişə situasiyası yaratmaqla  və səhv cavabı  inandırıcı-əsaslandırıcı surətdə təkzib etməklə şagirdi doğru nəticə çıxarmağa sövq edə bilsin. 

Mahizər ƏLİYEVA,
Bakıdakı 158 nömrəli tam orta  məktəbin ibtidai sinif müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov