|
Dünyanın təhsil yenilikləri |
|
Rusiyada əcnəbi tələbələrə ayrılan təqaüdlərin sayının
artırılması müzakirə olunur |
Rusiya
Federasiyasının xarici işlər naziri Sergey
Lavrov dövlətin əcnəbi tələbələrə ayırdığı
yerlərin sayının 20 minə qaldırılmasını təklif
edib. O bu təkliflə MDB məsələləri üzrə Federal
Agentliyin xaricdəki nümayəndələrinin
müşavirəsində çıxış edib.
S.Lavrov deyib: "Biz əcnəbilərə hər il 10 min
ədəd dövlət təqaüdü veririk. Mən prezident və
hökumət sədrinin dediklərini nəzərə alaraq, bu
rəqəmi ikiqat artırmağı və hər il 20 min təqaüd
verilməsinin mümkünlüyünə baxılmasını, xüsusilə
həmvətənlərimiz, dost ölkələrdən, ilk növbədə
MDB ölkələrindən olan abituriyentlər üçün faiz
ayrılmasını təklif edərdim".
MDB məsələləri üzrə Federal Agentliyi Rusiya
Federasiyası prezidentinin sərəncamı ilə 2008-ci
il sentyabrın 6-da yaradılıb. Agentliyin
vəzifəsi MDB məkanında inteqrasiya proseslərinə
yardım etmək, xaricdə yaşayan həmvətənlərə
köməklik göstərmək, rus dili və mədəniyyətinə,
onun təbliğinə dəstək verməkdən ibarətdir. MDB
məsələləri üzrə Federal Agentliyin əsas
fəaliyyəti xaricdəki nümayəndəliklərin, Rusiya
elm və mədəniyyət mərkəzləri sistemi vasitəsi
ilə həyata keçirilir. Hazırda dünyanın 70-dən
çox ölkəsində bu cür mərkəz fəaliyyət göstərir.
|
|
Britaniyalı tələbələr xarici ölkələrdə təhsilə
üstünlük verir |
Britaniyalı
tələbələr arasında xarici ölkələrdə təhsilə
üstünlük verənlərin sayı artır. Buna səbəb
ölkədə illik təhsil haqlarının 9 min
funt-sterlinqədək artırılması və ali təhsilin
sonunda hər bir tələbənin dövlətə 40 min
funt-sterlinqdən çox borcunun yaranacağı
qorxusudur.
Bu səbəbdən britaniyalı tələbələrin xaricdə
təhsil almağa maraq göstərmələri təəccüb
doğurmur. Son araşdırmalara əsasən, onların 72
faizi xaricdə təhsilə maraq göstərdiyini
bildirib. Tələbələr əsasən, təhsil haqqının
aşağı olduğu Şimali Amerika, Avstraliya və digər
Avropa ölkələrində (xüsusən, Almaniya,
Hollandiya, Belçika və Skandinaviya ölkələri)
təhsilə üstünlük verirlər.
UCAS-ın (Universities and Colleges Admissions
Service-Universitet və Kolleclərə Qəbul Xidməti)
məlumatına görə, 2012-ci ildə İngiltərə ali
məktəblərinə sənəd verən tələbələrin sayı
azalıb. Məsələn, London İncəsənət Universitetinə
ərizə verən tələbələrin sayında 17 faiz azalma
müşahidə olunub. Belə ki, əgər 2011-ci ildə bu
ali məktəbə ərizə verən tələbələrin sayı 28358
nəfər idisə, 2012-ci ildə onların sayı 23421
nəfər olub.
Britaniyalı tələbələrin sayının azalması
nəticəsində London Universitet Kolleci və Kuin
Meri London Universitetində də 2012-ci tədris
ili üzrə ayrılan tələbə yerləri
məhdudlaşdırılıb. Belə ki, hər iki universitetə
2012-ci tədris ili üzrə Böyük Britaniya və
Avropa İttifaqı ölkələrindən 200-dək az ərizə
qəbul olunub. |
|
Rusiyada 2013-2020-ci illəri əhatə edən
"Təhsilin inkişafı" proqramı qəbul ediləcək |
Rusiyada
2013-2020-ci illəri əhatə edən təhsilin inkişafı
üzrə yeni proqram qəbul ediləcək. Proqrama
əsasən, bütün təhsil müəssisələrini böyük
dəyişikliklər gözləyir. Belə ki, 12 yaşdan
etibarən istedadlı şagirdlər Rusiya hökumətinin
təqaüdünü almaq imkanı əldə edəcəklər. Onlar
üçün hər il ali məktəblərin iştirakı ilə 300-ə
qədər yay və qış məktəbləri fəaliyyət
göstərəcək. Məzunların ixtisas seçmələri və bu
ixtisas üzrə məqsədyönlü hazırlıq keçmələri
məqsədilə bütün təhsil müəssisələri təmayüllü
olacaq.
XI (XII) sinif məzunlarının əsas yekun dövlət
attestasiyası olan vahid dövlət imtahanları
saxlanılacaq, lakin testlər biliyin
qiymətləndirilməsi üçün yeganə meyar olmayacaq.
Proqrama əsasən, 2020-ci ilə qədər vahid dövlət
imtahanlarının orta balı ilə məktəblərdə alınan
"kafi" və "yaxşı" qiymətləri arasında fərq 1,5
dəfədən çox olmamalıdır. Belə ki, əgər əvvəllər
məktəblərin "pis" və ya "yaxşı" olması
gizlədilirdisə, bu proqrama əsasən,
məktəblərdəki təhsilin keyfiyyətinin səviyyəsi
rəsmi sənədlərdə açıq şəkildə göstəriləcək.
Məsələn, əgər "yaxşı" məktəbin şagirdi hər hansı
fənn üzrə orta hesabla 60 bal toplayırsa, "pis"
məktəbdə bu fərq 45-dən aşağı olmamalıdır.
Bundan əlavə, 2015-ci ilədək məktəblərin 65
faizi sürətli İnternet şəbəkəsinə qoşulacaq.
2018-ci ilədək isə bu göstəricini 100 faizə
çatdırmaq nəzərdə tutulur.
Təhsilin inkişafı üzrə yeni proqram uşaq
bağçalarını da əhatə edəcək. Belə ki, proqrama
əsasən, 2013-2020-ci illərdə Rusiyada 3 yaşadək
uşaqlar üçün geniş körpələr evi şəbəkəsinin
yaradılması nəzərdə tutulub. Bundan əlavə, bütün
uşaqlar məktəbəqədər hazırlıqla təmin
ediləcəklər. Mühacirlərin övladlarına rus dilini
öyrənmələri üçün bütün şərait yaradılacaq.
Həmçinin, uşaq bağçalarında çalışan
müəllimlərin əməkhaqlarının ölkə üzrə orta
hesabla 100 faizədək artırılaraq təxminən 40 min
rubla çatdırılması, 2015-ci ilədək bütün uşaq
bağçalarının fəaliyyətinin dövlət standartlarına
uyğunlaşması, Rusiyanın cənubunda yerləşən 20
regiona isə yeni uşaq bağçalarının tikintisi
üçün əlavə subsidiyaların ayrılması
planlaşdırılır.
Proqrama əsasən, orta təhsil müəssisələrində
təhsil alan şagirdlərin 50 faizinin
olimpiadalarda iştirakı təmin ediləcək. 2020-ci
ilə qədər bütün məktəblərdə idman zalları
fəaliyyət göstərəcək, məktəblərin İnternet
şəbəkəsinə qoşulması təmin olunacaq. Həmçinin,
hər il 50 məktəbə islahatyönümlü işlər üçün
əlavə vəsait ayrılacaq və 1000 müəllimə 200 000
rubl məbləğində mükafat veriləcək. Proqramda
gənc müəllimlərə güzəştli ipoteka kreditlərinin
verilməsi də öz əksini tapıb.
Bundan əlavə, təhsilin inkişafı üzrə proqramda
ali məktəblərin 25 faizində əlillərin təhsili
üçün şəraitin yaradılması, ölkənin 5 ali
məktəbinin dünyanın aparıcı reytinq
siyahılarında ilk yüzlüyə düşməsi, 2015-ci
ilədək 10 ən yaxşı ali məktəbin əlavə maliyyə
vəsaiti ilə təmin olunması, tələbə təqaüdlərinin
5 min rubladək artırılması və ali məktəb
müəllimlərinin əməkhaqlarının ölkə üzrə orta
hesabla 200 faiz artırılaraq təxminən 80 min
rubla çatdırılması nəzərdə tutulur.
Proqramda həmçinin gənc pedaqoqlar üçün pedaqoji
internaturanın yaradılması nəzərdə tutulub.
Texniki peşə təhsili müəssisələri və kolleclər
isə iki böyük qrupa ayrılacaq. Onlardan biri
ümumu təhsil və peşə, digəri isə ixtisasartırma
ilə məşğul olacaq. Ali məktəblərin əlavə
maliyyələşməsi çərçivəsində prioritet
aspirantların və doktorantların hazırlığını
həyata keçirən federal və elmi-tədqiqat
universitetlərinə veriləcək. |
|
Əcnəbi tələbələrə ayrılan qrantlar artırılır |
İsveç
hökuməti 2013-cü ilin büdcəsində əcnəbi
tələbələr üçün verilən qrantların məbləğini
ikiqat artırmağı təklif edib. Bu addım 2011-ci
ildə qeyri-avropalı tələbələr üçün təhsil haqqı
tətbiq edildikdən sonra (yerli və avropalı
tələbələr üçün təhsil pulsuzdur) onların sayının
kəskin azalmasının qarşısını almaq və ölkəyə
əcnəbi tələbələri cəlb etmək üçün nəzərdə
tutulub.
Ölkənin əsas qəzetlərindən olan "Dagens
Nyheter"-də Stokholm ali məktəblərinə qəbul olan
əcnəbi tələbələrin sayının 2010-cu illə
müqayisədə 80 faiz azaldığı barədə məlumat dərc
edilib.
Hökumət əcnəbi tələbələrə verilən 50 milyon
İsveç kronu məbləğində qrantı 100 milyon İsveç
kronunadək (15 milyon ABŞ dolları) artırmağı
planlaşdırır. İsveç ali məktəblərində
qeyri-avropalı tələbələr üçün giriş (qəbul)
haqqı 900 (137 ABŞ dolları), orta illik təhsil
haqqı isə 120 min İsveç kronu (18300 ABŞ
dolları) təşkil edir.
Qeyri-avropalı tələbələr üçün təhsil haqqının
tətbiq edilməsini müdafiə etmək məqsədilə İsveç
Təhsil Nazirliyi başqa dəlillərlə çıxış edir.
Təhsil Nazirliyindən bildirirlər ki, İsveç ali
təhsili dünya bazarında təhsilinin ödənişsiz
olması ilə deyil, keyfiyyəti ilə rəqabət
aparmalıdır.
Dövlət büdcəsindən qrantlara ayrılan vəsaitin
artırılmasına əsas səbəb kimi isə ölkənin ali
məktəblərindən gələn şikayət və çağırışlar
göstərilir. Ali məktəblər əcnəbi tələbələri cəlb
edən marketinq kompaniyalarının yüklənməsindən
və əcnəbi tələbələrinin sayını artırmaq məqsədi
ilə digər mənbələr hesabına qrant artırmaq
məcburiyyətində qaldıqlarından şikayətlənirlər.
Həmçinin ali məktəblər hazırda beynəlxalq
magistr kurslarında yaxşı oxuyan tələbələrin
yoxluğundan gileylənirlər. Onlar 2010-cu ilədək
beynəlxalq magistr kurslarında Avropanın
hüdudlarından kənar ölkələrdən olan tələbələrin
çoxluq təşkil etdiyini vurğulayırlar.
Stokholm İncəsənət, Sənətkarlıq və Dizayn
Universitet Kollecinin tədqiqatlar üzrə
direktoru Maqnus Mork bildirib ki, kollecdə
2010-cu ildə qeyri-avropalı magistrantların sayı
45 nəfər olduğu halda, 2012-ci ildə bu göstərici
4 nəfərə enib. Kral Texnologiya İnstitutundan
isə magistratura səviyyəsində təhsil alan
tələbələrin yoxluğu ilə əlaqədar bir sıra
kursların bağlanılması və əməkdaşların işdən
azad edilməsinin nəzərdə tutulduğunu
bildiriblər.
Stokholm Universitetinin rektoru, professor Kore
Bremer "University World News" İnternet
dərgisinə müsahibəsində fikirlərini belə
əsaslandırıb: "Qrantların məbləğinin ikiqat
artırılması təqdirəlayiqdir, lakin bu hələlik
qənaətləndirici deyil və bizə daha çox qrant
lazımdır - yalnız inkişaf etməkdə olan ölkələri
təmsil edən tələbələr üçün deyil, həm də
Avropaya daxil olmayan, təhsil haqqının tətbiq
olunduğu istənilən ölkədən olan tələbələr üçün.
Tələbələrə qrant proqramı BMT tərəfindən
"inkişaf etməkdə olan ölkələr" üçün müəyyən
edilib, lakin İsveçə daha çox əcnəbi tələbə
lazımdır. Məsələn, İsveçdə təhsil haqqını ödəyə
biləcək ABŞ-dan və Avropadan kənarda yerləşən
digər inkişaf etmiş ölkələrdən olan tələbələr".
Stokholm Universitetində hazırda 81 əcnəbi
tələbə təhsil haqqı ödəyir. Ən çox tələbə Çindən
(17 nəfər), Ukraynadan (9 nəfər) və ABŞ-dandır
(8 nəfər). Əcnəbi tələbələrin 64 nəfərini
magistrantlar təşkil edir. Onlardan 32 nəfər
qrant alır.
İsveç İnstitutunun Təhsil proqramı üzrə meneceri
Niklas Tranaeus "University World News"-a
bildirib ki, İsveç İnstitutu qrantların
artırılmasını dəstəkləyir. "Bu addım
universitetlərə daha çox ölkədən tələbə
toplamağa kömək edəcək. Bu, həm tələbələr, həm
də İsveç ali təhsilinin beynəlmiləlləşdirilməsi
üçün çox yaxşı haldır".
İsveç dövləti Banqladeş, Boliviya, Kamboca,
Efiopiya, Keniya, Mali, Mozambik, Ruanda,
Tanzaniya, Uqanda, Zambiya kimi ölkələrin
inkişafına yardım məqsədilə uzunmüddətli proqram
həyata keçirir. Bu ölkələrdən olan tələbələrə
60-a qədər təqaüdün ayrılması nəzərdə tutulur.
Maliyyə yardımı almaq istəyən əcnəbi tələbələr
oxumaq istədikləri universitetlərin saytlarından
bu haqda əlavə məlumat əldə edə bilərlər. |
|
ABŞ məktəblilərinin yazı bacarığı səviyyəsi
aşağı düşüb |
ABŞ
məktəblilərinin yazı bacarığı səviyyəsi yeni
milli yazı imtahanında sınaqdan keçirilib.
Şagirdlərin əksəriyyəti imtahanların öhdəsindən
çətinliklə gəliblər. Test şagirdlərin kompüterdə
yazı bacarıqlarını müəyyənləşdirmək üçün
aparılmış ilk qiymətləndirmədir. Kompüterin
orfoqrafik səhvləri aşkarlamaq, lüğət və digər
imkanlarından istifadə etmələrinə baxmayaraq,
şagirdlər sınaqdan uğurla keçə bilməyiblər.
Blumberq agentliyinin məlumatına əsasən, Milli
Hesabat Kartı sayılan imtahanlarda 24 min VIII
və 28 min XII sinif şagirdləri iştirak edib ki,
onların da yalnız 24 faizi yüksək yazı bacarığı
səviyyəsi nümayiş etdirə biliblər.
ABŞ Təhsil Departamentinin Təhsilin İnkişafı
üzrə Milli Qiymətləndirmə Proqramının rəsmiləri
bu vəziyyətlə bağlı narahatlıqlarını
bildiriblər. Proqramın rəhbəri Devid Driskol
bildirib ki, şagirdlər aydın, məntiqli və dəqiq
yazmağı bacarmalıdırlar. "Biz bu işdə
şagirdlərimizi dəstəkləməliyik", - deyə o əlavə
edib. Rəsmilər qeyd ediblər ki, keçirilmiş
imtahan kompüter texnologiyasının yaxşı yazmağı
öyrənmək istəyənlərə kömək etmədiyini göstərib.
Qeyd edək ki, əvvəllər Təhsilin İnkişafı üzrə
Milli Qiymətləndirmənin yazı testini verərkən
şagirdlər kompüter əvəzinə qələm və dəftərdən
istifadə edirdilər. |
|
London Universiteti ABŞ-ın Kursera şirkətinin
onlayn kursuna qoşulub |
Böyük Britaniyanın London Universitetinin
Beynəlxalq bölməsi ABŞ-ın sürətlə genişlənən
onlayn universitet layihəsi - Kurseraya
(Coursera) qoşulub. Ali məktəb cari ildə Kursera
şirkətinin Honkonq, Avstraliya və ABŞ
universitetləri ilə yanaşı əldə etdiyi növbəti
tərəfdaşıdır.
Britaniya ali təhsil müəssisələri arasında bu
layihəyə ilk olaraq Edinburq Universiteti
qoşulub. London Universitetinin Beynəlxalq
bölməsi Kursera vasitəsilə psixologiya, hüquq və
kompüter proqramı fənləri daxil olmaqla,
ümumilikdə, 5 kurs təklif edəcək. Ali məktəbin
Beynəlxalq bölməsinin dekanı Conatan Kid
bildirib ki, o, Kurserada təqdim edilən pulsuz
kurslar vasitəsilə tələbələri universitetə cəlb
edəcəklərinə ümid edir.
Stanford Universitetinin müəllimləri Endryu İnq
və Dafna Köller tərəfindən 2011-ci ildə
yaradılmış Kursera onlayn təhsil şirkəti
dünyanın bir çox nüfuzlu ali məktəbləri ilə
əməkdaşlıq edir. Tələbələr üçün dünyanın ən
yaxşı universitetlərində pulsuz onlayn kurslar
təklif edən şirkətin yaradılmasında məqsəd
təhsili hamı üçün mümkün etməkdir. Şirkətin
kurslarına qatılan tələbələr hər hansı elmi
dərəcə almasa da, dünyanın məşhur
professorlarının mühazirələrinə qulaq asmaq və
interaktiv tapşırıqlar vasitəsilə öz biliklərini
möhkəmləndirmək imkanı əldə edirlər.
Qeyd edək ki, Kursera universitetlərə vençur
kapitalının (riskli, lakin perspektivli
yeniliklərin tətbiq edilməsinin kreditləşdirmə
və maliyyələşdirmə forması) dəstəyi ilə
tələbələrə pulsuz onlayn kurslar təqdim etmələri
üçün şərait yaradır. Hazırda 30-dan artıq
universitetdə Kursera vasitəsilə 1,3 milyondan
çox tələbənin cəlb olunduğu 200-dən artıq
müxtəlif fənn üzrə onlayn kurslar fəaliyyət
göstərir. Onlardan ABŞ-ın Prinston, Stanford,
Pensilvaniya, Miçiqan, Vaşinqton, Dyuk, Cons
Hopkins, Urbana-Şampeyn İllinoys
universitetlərinin və Corciya Texnologiya
İnstitutunun adını çəkmək olar. Qeyd edək ki,
Kurseranın 6-10 həftəlik kurslarına həftədə bir
və ya iki saatlıq videodərslər daxildir.
Cari ildən Kurseranın yeni tərəfdaşları arasında
ABŞ-ın Braun, Florida və Vanderbilt
universitetləri, İsrailin Hibru, Kanadanın
Britaniya Kolumbiyası və Honkonqun Elm və
Texnologiya universitetləri yer alır. |
Hazırladılar: Lamiyə ƏLİYEVA,
Leyla HEYDƏROVA |
|
|
|
|
|
|
|
|
|
|