2012-2013-cü
dərs ilində İmişli rayonu ümumtəhsil məktəblərinin V
siniflərində daha səriştəli fənn müəllimlərinin dərs
deməsinin təmin edilməsi məqsədilə təlim kurslarına cəlb
olunacaq müəllimlərin siyahısı dəqiqləşdirilmişdir.
Həmin kursların səmərəli keçməsi ilə bağlı İmişli şəhər
2 nömrəli tam orta məktəbi təlim mərkəzi kimi
müəyyənləşdirilmişdir. Təlim otaqları zəruri texniki
avadanlıqlarla (kompüter, proyektor, printer və s.)
təchiz edilmiş, lazımi şərait yaradılmışdır.
Təlim kursları Azərbaycan dili və ədəbiyyat, həyat
bilgisi, texnologiya, fiziki tərbiyə, musiqi və təsviri
incəsənət fənləri üzrə Azərbaycan Universitetinin,
riyaziyyat, informatika və Azərbaycan tarixi fənləri
üzrə "Mədəd Azərbaycan" təşkilatının, xarici dil fənni
üzrə Xəzər Universitetinin əməkdaşları tərəfindən yüksək
səviyyədə aparılmışdır.
Rayon üzrə bu il V siniflərdə dərs deyəcək 551 nəfər
müəllim kursdan keçərək sertifikat alıb. Təlim kursları
müdavimlər tərəfindən razılıqla qarşılanmışdır. Onlar
yeni kurikulumlarda hər fənnin məqsədinin konkret olaraq
göstərildiyini, hər bir təhsil standartında zəruri bilik
və fəaliyyətlərin əhatə olunduğunu qeyd etmişlər.
Həmçinin bütün fənlər üzrə təlimin təşkili ilə bağlı
praktik işlər aparılmış, bir çox qabaqcıl müəllimlərin
nümunəvi dərsləri dinlənilmişdir. Təlimçi müəllimlərdən
Rəna Məmmədova, Xuraman Nağızadə, Gülnar Adıgözəlova,
Leyla Məcidova, Faiq Manafov, Təhminə Süleymanzadə,
Rüsxarə Ələkbərova, Solmaya Əmiralıyeva, Nərminə
Qaragözova, Gülbəniz Camalova məşğələləri daha məzmunlu
qurmuş, müdavimlərin təlimlərdən maksimum
yararlanmalarına nail olmuşlar.
İmişli Rayon Təhsil Şöbəsinin müdiri R.Əmirov və
şöbənin əməkdaşları təlim kurslarının səmərəli
keçməsinə yaxından köməklik göstərmişlər.
S.HÜSEYNOV,
İmişli RTŞ-ın metodik kabinetinin direktoru |