Bu günlərdə Bolqarıstanda gənc musiqiçilərin "Ümid.
İstedadlar. Ustadlar" adlı XVII beynəlxalq müsabiqəsi
keçirilib. Professorlar Viktor Çuçkov (Bolqarıstan),
Tomislav Baynov (Almaniya) və Tamara Poddubnayadan (ABŞ)
ibarət münsiflər heyətinin yekdil qərarı ilə kiçik və
orta qruplarda Qran-pri nominasiyasında birinci mükafata
Azərbaycan ifaçıları - Bakı Musiqi Akademiyasının
məktəb-studiyasının şagirdləri Firuzə Bəylərova və Murad
Abbasov layiq görülüblər.
23 ölkədən 150 nəfərin iştirak etdiyi sənət yarışmasında
Qran-pri nominasiyasında mükafatlandırılan 15 nəfər
arasında yer alan bu iki yeniyetmə pianoçu yüksək
mükafatla yanaşı, Almaniyada müasir dövrün görkəmli
musiqiçilərinin ustad dərslərində iştirak etmək imkanı
da qazanıblar.
Qeyd edək ki, Bolqarıstanda keçirilmiş bundan əvvəlki
müsabiqələrdə uğur qazanmış digər laureatlarımız da
Almaniyaya səfərlə mükafatlandırılıblar. Həmin
laureatlardin biri- Bakı Musiqi Akademiyasının
məktəb-studiyasının şagirdi Vüsalə Babayeva bu
yaxınlarda Hammelburq Musiqi Akademiyasında müxtəlif
ölkələrdən olan iştirakçılarla birlikdə ustad dərsində
müvəffəqiyyətlə çıxış edib.
Samirə KƏRİMOVA |