Akademik
Vasim Məmmədəliyevin ilahi lütfdən gələn istedadı, güclü
hafizəsi, dərin elmi təfəkkürü, yorulmaz pedaqoji
fəaliyyəti, Azərbaycan "milli ictimai şüurunun
zənginləşdirilməsində" (Nizami Cəfərov) rolu, ziyalı və
şəxsiyyət məfhumlarını qürurla birləşdirmək bacarığı,
çoxları üçün səmimi dost və yoldaş anlayışlarını
nümunəvi şəkildə ifadə etməsi onu fenomen səviyyəsinə
qaldırmışdır. Bu, Vasim müəllimin həyatının bütün
dövrlərində nadir hadisə kimi özünü göstərmişdir.
V.Məmmədəliyevə məxsus fəzilətin mayası Qurani-Kərimin
"Hədid" surəsində buyurulduğu kimi "seçilmişlər üçün
ilahi vergidən" (Şeyxülislam Hacı Allahşükür Paşazadə)
gəlir: "Lütf, mərhəmət Allahın əlindədir, onu istədiyinə
bəxş edir. Allah çox böyük mərhəmət, kərəm sahibidir".
İlahi bəxşin sayəsində Vasim müəllimin canına və qanına
hopmuş çalışqanlıq, zəhmət və qətiyyətli israr onun
varlığını nadir hadisəyə çevirmiş, bu şəxsiyyət
ölkəmizin şərqşünaslığı tarixində təkrarsız yerini
tutmuşdur. Ürəyində dərin Allah sevgisi olan mərhum ata
Məmmədəli müəllim sovet ümumtəhsil məktəbi ilə yanaşı,
yeniyetmə Vasimə islam dininin əsaslarını, ərəb və fars
dillərini öyrətmək istiqamətini verməklə Tanrının
buyurduğu bilik və elm yollarında onun seçimi
müəyyənləşmiş olur.
V.Məmmədəliyevin tələbəliyi fərqli, bənzərsiz olmuşdur.
Mən onu 1960-cı ildən Azərbaycan Dövlət Universiteti
(indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq
fakültəsinin ərəb şöbəsinin birinci kurs tələbəsi
olduğum vaxtdan tanıyıram. O, ikinci kurs tələbəsi idi.
Lakin ərəbşünaslığın sehrli aləminə kövrək addımlarını
atanların diqqətini özünə çəkməyə başlayırdı. Sanki bu
istedadlı tələbə ərəb dilinin o vaxtkı universitet
proqramını artıq mənimsəmişdi. Tələbə Vasim üçün
auditoriyada verilən bilik kifayət etmirdi. Çünki bu
"fenomenal yaddaş və istedad sahibi" (Elxan Əzizov)
ərəb filologiyasının universitet proqramını artıq
mənimsəmişdi. Vasim qoltuğunda və ya çantasında dəftər
gəzdirən tələbə deyildi. O, yalnız zehninə, iti
hafizəsinə arxayın olurdu. V.Məmmədəliyev proqramlardan
kənara çıxaraq zəngin ərəb dilinin qayda-qanunlarının
tarix boyu öyrənilməsi ənənələrinə yiyələnməyə müvəffəq
olur, canlı danışıq dilini uğurla öyrənir, klassik fars
və türk qaynaqlarına əl atırdı. Onun maraq dairəsində
Quranı öyrənmək, islam dininin başlıca qaynaqları ilə
ətraflı tanış olmaq kimi sovet dövrü üçün cəsarətli
addımlar atırdı.
Tələbə Vasim maraqlı tələbəlik dövrünün böyük və ya
kiçik bütün hadisələrində iştirak edir, özü yataqxanada
qalmasa da qayğılı yataqxana həyatının özünəməxsus
xüsusiyyətləri ilə də yaşayırdı.
Universiteti bitirdikdən sonra da V.Məmmədəliyev elm
kəsb etmək yolunu israrla davam etdirirdi. Böyük Xətib
Təbrizi elm qazanmaq ehtiyacını qədim Bağdadda, Şamda
aramışdır. Vasim bu ehtiyac dalınca o dövrdə görkəmli
ərəbşünasların çalışdığı Tbilisiyə üz tutmuş, aspirant
olaraq akademik Georgi Seretelinin yanında çalışmışdır.
Vasim Məmmədəliyev ondan elmi istiqamət aldığı kimi özü
də Quranın anlamı, islamı və islam dini qaynaqlarının
öyrənilməsində bir çox məsələlərin dərkində gürcü
ərəbşünaslarına kömək etmişdir. Bu, fenomen şəxsiyyətə
xas olan cəhətdir. Elm yollarında Vasimin israrlı
addımları onunla nəticələndi ki, namizədlik
dissertasiyasından sonra tezliklə 1974-cü ildə
doktorluq dissertasiyası müdafiə edərək Azərbaycanda
ərəbşünaslıq sahəsində yeni məktəbin yaranmasının
əsasını qoydu. O, 32 yaşında ərəbşünaslıq sahəsində
nəinki respublikamızda, habelə o vaxtkı bütün SSRİ-də ən
gənc elmlər doktoru oldu. Ölkəmizdə ərəb dilinin
tədrisi mərhum müəllimimiz professor Ələsgər Məmmədovun
adı ilə bağlandığı kimi, ərəbşünaslığın elmi şəkildə bir
məktəb kimi formalaşması və inkişafı akademik Vasim
Məmmədəliyevin fəaliyyətinin nəticəsidir. Buna nail
olmaq üçün Vasim müəllim öz yolu ilə qəti bir israrla
getmişdir. İstər "Müasir ərəb ədəbi dilində feilin
zaman, şəxs və şəkil kateqoriyaları" mövzusunda
doktorluq dissertasiyasında, istərsə klassik ərəb
dilçilik məktəbləri haqqında "Ərəb dilçiliyi", "Bəsrə
qrammatika məktəbi", "Kufə qrammatika məktəbi", "Quran
və elm" kimi monoqrafik tədqiqatlarında bu tipli işlərin
tələb etdiyi gərgin elmi araşdırmalar aparmışdır. Onun
elmi nəticələri VII əsrdən bəri Bəsrə, Kufə, Bağdad,
Misir və Əndəlus filoloqları arasında böyük
diskussiyalar, klassik ərəb dilinin fonetika,
morfologiya, sintaksis və leksikologiyasında mübahisə
doğurmuş 121 məsələnin müasir dilçilik elminin
nəticələri əsasında aydınlaşdırılmasına kömək edir.
Vasim müəllimin toxunduğu problemlər ərəb dilçiliyi ilə
məşğul olmuş, demək olar ki, bütün tədqiqatçıların
diqqət mərkəzində olmuş və olmaqdadır.
Akademik V.Məmmədəliyev tədqiqatlarında orta əsr ərəb
filoloqları, Avropa şərqşünasları, rus və müasir
ərəbşünasların ərəb dilçiliyi və qrammatika məktəblərinə
dair fikir və mülahizələrinə münasibət bildirmiş və bu
sahənin öyrənilməsində yeni nəticələr əldə etmişdir.
Onun qənaətləri samişünaslıq və ümumi dilçilik üçün çox
dəyərlidir. Bu qiymətli əsərlərilə akademik
V.Məmmədəliyev Azərbaycan ərəbşünaslığının nüfuzunu
dünyaya tanıtdırmışdır. Onun elmi əsərləri eyni zamanda
dünya şərqşünaslığına layiqli töhfədir.
V.Məmmədəliyevin fitri istedadı, ağıl vergisi möcüzə
təsirini bağışlayır. Hafizənin güclülüyü haqqında oxuyub
eşitdiyim müasir humanitar bilikli şəxsiyyətlərdən
söhbət gedəndə, ilk növbədə, Vasim müəllim yada düşür.
Onun böyük üstünlüyü ərəb, fars, türk filologiyasını
yaxşı bilməsi, bu dillərlə yanaşı rus və ingilis
dillərinə yiyələnməsidir. Çoxsaylı qaynaqlardan müqayisə
yolu ilə nümunə və mühakimələri olduğu kimi yada salmaq
hər tədqiqatçının hünəri deyil. Bu hünər Vasim
Məmmədəliyevə xasdır. O, Şərqin böyük alim və
şairlərinin poetik irsindən çoxlu şeirləri birnəfəsə
söyləyə bilir. Onun güclü yaddaşı analitik təfəkkürü ilə
ahəng təşkil edir.
Bu kimi dəyərli keyfiyyətləri davamlı şəkildə inkişaf
etdirən akademik V.Məmmədəliyev həmişə mütaliə ilə
məşğul olur, dünya elmindəki yenilikləri izləyir. O,
şərqşünaslıqda ensiklopedik biliyə malik olan bir şəxs
kimi tanınır. Onun Ərəb Şərqi və islam dünyası haqqında
biliklər xəzinəsində ərəb dilçiliyi, ədəbiyyatı və
tarixi, Şərq filologiyası və mürəkkəb poetika sistemi,
islam tarixi, Azərbaycan ədəbiyyatı, əruz və musiqi,
muğam sənəti və ifaçılıq tərzi haqqında mühazirə, söhbət
və mühakimələri hamı tərəfindən maraqla dinlənilir.
Musiqi sənəti ilə məşğul olanlar Vasim müəllimin əruz və
ahənglə bağlı söhbətlərini dinləməyi özünə borc
bilirlər.
V.Məmmədəliyev Şərq dünyasını, ərəb filologiyasını
öyrənməkdə birtərəfli mövqedə durmur, dünya
mədəniyyətinin və Qərb sivilizasiyasının dəyərli
məqamlarını təqdir edərək bəşər elminin inkişafına öz
payını verməyə çalışır. O, elm və din problemi haqqında
ilahi kəlamları əsas tutan bir araşdırıcı kimi ilahiyyat
elminin uğur qazanmasına xidmət edir. Bakı Dövlət
Universitetində İlahiyyat fakültəsinin təşkil
edilməsində böyük rolu olan akademik V.Məmmədəliyev
həmin fakültənin dekanı və eyni zamanda şərqşünaslıq
fakültəsində ərəb filologiyası kafedrasının müdiridir.
Şeyxülislamın təşəbbüsü ilə Qafqaz Müsəlmanları
İdarəsinin nəzdində fəaliyyət göstərən Elmi-dini şurada
bəşəriyyətin elmi inkişafını təqdir edən islam dininin
müasir cəmiyyətdə rolu və ona münasibətlə bağlı müxtəlif
məsələlərin çözülməsinə dair problemlərə baxılır və
münasibət bildirilir. Sağlam ağıl, düşüncə və elmi
təqdir edən islam dini insanın təfəkkürünün
dərinləşməsini nəzərdə tutur və Allahı tanıyıb dərk
etməkdə elmin rolunu yüksək qiymətləndirir. Bu yolda
təsəvvüf fəlsəfəsinin zənginləşməsində məşhur alim
Qəzalinin xidməti ondan ibarət olmuşdur ki, əsərlərində
təsəvvüflə elmi idrakı birləşdirməyin əsaslarını
müəyyənləşdirmişdir. Akademik V.Məmmədəliyev islam dini
və elm, Qurani-Kərim və elm mövzularının müasir,
müstəqil Azərbaycan şəraitində ictimai dərkini
asanlaşdırmaq üçün əsərlər yazır, çıxışlar edir və
maraqlı söhbətlər qurur. Bu baxımdan, Vasim müəllimin
Azərbaycan televiziyası ilə "Haqqın dərgahı"ndakı
müntəzəm və davamlı çıxışları çox maraqla qarşılanır.
Vasim müəllim ölkəmizdə uzun illərdən bəri insanların
mənəvi ehtiyac duyduğu bir işin - Qurani-Kərimin
Azərbaycan dilinə tərcüməsinin (1971) öhdəsindən uğurla
gəlmişdir. Akademik Ziya Bünyadovla birgə yerinə
yetirilmiş bu iş Azərbaycan ilahiyyatçı alimləri Mir
Məhəmməd Kərim ağa (1906) və Məhəmməd Həsən Movlazadə
Şəkəvinin (1908) savab qazandıran zəhmətlərinin
davamıdır. Hacı Vasimin tərcüməyə yazdığı ön söz ilahi
kitabın ölkəmizdə müasir şəraitdə dəyərləndirilməsi üçün
lazım olan istiqamətləri müəyyənləşdirmişdir.
Qurani-Kərimin bu uğurlu tərcüməsi artıq Ukrayna,
Türkiyə, İran və Pakistanda da təkrar nəşr edilmişdir.
Vasim müəllim hər nəşrdə tərcümə üzərində yenidən
işləmişdir.
V.Məmmədəliyev ilahiyyat elmləri sahəsində biliyi ilə
seçilən şəxsiyyət kimi bir çox elmi və dini tədbirlərdə
aparıcı rol oynayır. İstər İslam Konfransı Təşkilatı
xəttilə, istərsə elmi, ədəbi məzmunlu beynəlxalq və
respublika miqyaslı konfrans və simpoziumlarda akademik
V.Məmmədəliyevin iştirakı ölkəmizin alimləri və
iştirakçıları üçün başucalıq gətirir.
Misir, İraq, Suriya, Səudiyyə Ərəbistanı, Mərakeş,
Birləşmiş Ərəb Əmirlikləri, Liviya, Küveytdə, habelə
Türkiyə, İran, ABŞ, İtaliya, Polşa, İndoneziya, Çad
Respublikasında keçirilmiş dini və elmi tədbirlərdə o,
bir sıra hallarda iclaslara sədrlik etmişdir. İstedadlı
alimin analitik düşüncələrdən doğan yeni elmi fikirlər
irəli sürməsi, ərəb, fars, rus və ingilis dillərində
sərbəst danışması, ərəb, fars və klassik türk dillərində
ilkin qaynaqlara aid çoxlu miqdarda elmi, dini, poetik
nümunələri hafizədən söyləmək bacarığına görə beynəlxalq
konfranslarda çıxışları həmişə diqqət mərkəzində
olmuşdur. Məsələn, 1994-cü ildə M.Füzulinin 500 illik
yubileyinə həsr edilmiş Bağdadda beynəlxalq konfransda
çıxışını səlis ərəb dilində quran və iclasa sədrlik edən
professor V.Məmmədəliyev haqqında tanınmış İraq alimi
Hüseyn Əli Məhfuz yanında oturanlara - bizə dedi: "Bu
şəxs istedadlı adamdır. Ərəb dilində fikirlərini belə
yüksək səviyyədə ifadə etməsi məni heyrətə gətirdi".
Hacı Allahşükür Paşazadə beynəlxalq konfranslarda Vasim
müəllimin çıxışlarının çoxunu dinləyən bir münsif kimi
deyir: "Hacı Vasim çıxış etdikdə biz fəxr edirik, qürur
hissi keçiririk".
Vasim müəllim bir alim və pedaqoq kimi nüfuzu və əməli
fəaliyyətilə Azərbaycan ərəbşünaslığını xeyli irəli
aparmaqla respublikamızın ərəb ölkələrilə elmi və mədəni
əlaqələrinin inkişafına böyük təsir göstərmiş və
göstərməkdədir. V.Məmmədəliyevin bu sahədəki fəaliyyəti
Azərbaycan Respublikasının Şərq aləmində və beynəlxalq
miqyasda tanınmasına kömək edir, ölkəmizin elmi
potensialının və dərin elmi düşüncəyə malik
istedadlarının gücündən xəbər verir.
Azərbaycan-ərəb ədəbi, elmi və mədəni əlaqələrinin
inkişafında görkəmli alimin rolu fəaliyyətinin bütün
sahələrinə aiddir: nəşr etdiyi əsərlərinə, beynəlxalq və
regional konfrans və tədbirlərdəki məruzə və
çıxışlarına, tələbə və elmi-pedaqoji kadrlar
hazırlanmasına, tanınmış ərəb alimləri və
şəxsiyyətlərilə görüşləri və əlaqələrinə, ərəb və
Azərbaycan dillərinə etdiyi tərcümələrinə.
V.Məmmədəliyevin Rabatda Təhsil, Elm və Mədəniyyət
işləri üzrə İslam Təşkilatının (İSESKO) xəttilə nəşr
etdiyi "Azərbaycan dilinin ərəb hərflərilə ifadəsi"
kitabı (1999) ərəb oxucularını Azərbaycan dilinin
tarixi, dil və əlifba, ərəb əlifbasının tarixi rolu kimi
məsələlərlə tanış edir.
Xarici ölkələrin, xüsusilə ərəb ölkələrinin müxtəlif
elmi və ədəbi jurnallarında alimin 60-a yaxın məqaləsi
çıxmışdır. Məqalələr Bağdad, Mərakeş, Əbu Dabi, Tehran,
İstanbulda "Sovtul-ittihad", "Əd-diya",
"Əl-iqtisad-əl-islami", "Varlıq", "Türkiyə Diyanət
Vəqfi", "Ədəbestan" və başqa jurnallarda, Bağdadda işıq
üzü görmüş "Füzuli əl-Bağdadi" məcmuələrində nəşr
edilmişdir.
V.Məmmədəliyevin Azərbaycan dilindən ərəb dilinə, ərəb
dilindən Azərbaycan dilinə tərcümə etdiyi əsərlər və
nümunələr mövzu baxımından çeşidlidir. Ərəb dilinə
tərcümələr arasında "Xaqani Şirvani. Rübailər", "Cəlil
Məmmədquluzadə. Hekayələr", "H.Araslı. Xaqani Şirvani"
kitabçaçı, rus müəllifi professor A.Rojdestvenskinin
"Fikrət Əmirov" monoqrafiyası və F.Əmirovun "1001 gecə"
baletinin librettosunu göstərmək olar. Azərbaycan
oxucuları Livan şairi Mişel Suleymanın şeirlərilə
V.Məmmədəliyevin sətri tərcüməsi, xalq şairi Nəbi Xəzri
və Cabir Novruzun poetik tərcüməsi əsasında tanış
olmuşlar. Ərəb müəllifi Nizar Səlimin Nailə Nəzirova ilə
birgə yazdıqları "Təmmuzun qayıdışı" baletinin
librettosunun Azərbaycan dilinə tərcüməsi də Vasim
müəllimə məxsusdur. Onun tərcümə etdiyi bir çox
nümunələr Azərbaycan Radio və Televiziya Verilişləri
Şirkətinin ərəb dilində verilişlərində yayımlanmışdır.
Akademik V.Məmmədəliyevin elmi nüfuzu sayəsində ərəb
ölkələrindən bir çox tədqiqatçılar ərəb filologiyası
ixtisası üzrə doktorluq dissertasiyası müdafiə etmək
üçün Azərbaycana gəlirlər. O, Misir, Küveyt və BƏƏ-dən
gəlmiş bir neçə dissertantın elmi rəhbəri olmuşdur.
Misirli Məhəmməd Abdulla Əbu Zeyd, suriyalı Əbdülfəttah
ibn Rəmzi və Rizvan Dibsi V.Məmmədəliyevin rəhbərliyilə
filologiya doktoru alimlik dərəcəsini almışlar.
Ümumiyyətlə, alim bu sahədə 20-yə qədər doktorantın
opponenti olmuşdur.
Tarix boyu əlaqələrimizin davam etdiyi İraq, İran,
Türkiyə, Suriya, Misir kimi ölkələrdə akademik
V.Məmmədəliyevin fəaliyyəti elmi qurumlar tərəfindən
qiymətləndirilmiş və Azərbaycan alimi həmin ölkələrdə
akademiyaların, elmi cəmiyyətlərin üzvü seçilmişdir.
İraqda və Misirdə ərəb dili akademiyalarının, Suriyada
Quran Elmləri və ərəb Filologiyası Akademiyasının,
mərkəzi Səudiyyə Ərəbistanda (Ciddə şəhərində) yerləşən
İslam Təşkilatı Konfransının Müsəlman Hüququ
Akademiyasının üzvü, Beynəlxalq Əhli-beyt Cəmiyyətinin
(İran) həqiqi üzvü, habelə Türkiyə Elmi Araşdırmalar
Vəqfinin fəxri üzvü. Uzun müddətdir ki, akademik
V.Məmmədəliyev Azərbaycan-İraq Dostluq Cəmiyyətinin
sədridir. Ölkələr arasında dostluq münasibətlərinin
qurulmasında, müstəqil Azərbaycan Respublikasının
beynəlxalq aləmdə tanınmasında xalq diplomatiyasından
söhbət getdikdə Vasim müəllimin fəaliyyətini nümunə
göstərmək olar.
İmamverdi HƏMİDOV,
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun
Qədim dövr ədəbiyyatı
şöbəsinin müdiri, filologiya elmləri doktoru |