Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

5 Oktyabr 2012 - №39

 

Təlim-tərbiyə prosesində əsas sima

 

Müstəqil respublikamızda   həyata keçirilən təhsil islahatının ilk addımı təhsilin humanistləşdirilməsi, müəllim-şagird, şagird-müəllim münasibətlərinin insaniləşdirilməsidir. Bu, təhsil işçilərinin, əsasən müəllimlərin nəinki birinci dərəcəli  vəzifəsinə, eyni zamanda onların müqəddəs borcuna, fəaliyyətinin məğzinə çevrilməlidir.   Müəllim adını daşıyan hər bir pedaqoq  "İnsanlıq  emalatxanası" olan məktəbin aparıcı qüvvəsidir. Ona görə ki, dərin bilik, möhkəm bacarıq, yüksək tərbiyəlilik zirvəsinə gedən yol dərsdən keçir, müasir tərbiyənin ziyası ilə  işıqlanır, müəllim  yaradıcılığı ilə cilalanır, büllurlaşır. Dərsin "sükançısı" nüfuzlu, qayğıkeş, yaradıcı müəllimdir. 

Pedaqoji təfəkkürün inkişafı dərsdə özünü büruzə verir. Dərsdə şagird özünü sərbəst hiss etməli, bildiyini deməkdən çəkinməməlidir. "Sən xeyli fəallaşmısan", "Sənin yaxşı yaddaşın var", "Belə getsə sən əlaçı olarsan" ruhverici sözləri müəllim şagirdə deməlidir. Bunun üçün müəllimdən böyük ustalıq, pedaqogikanı, psixologiyanı, öz fənnini yaxşı bilmək, təmkin, ağıl, hikmət və ədalət kimi sifətləri özündə cəmləşdirmək tələb olunur.

Müəllimin nüfuzu, onun şəxsiyyəti o zaman dəyərli olur ki, o, yüksək ictimai şüura, siyasi mədəniyyətə, dərin elmi zəkaya, mənəvi zənginliyə, əxlaqı saflığa və ləyaqətə malik olsun.

Müəllim təlim-tərbiyə prosesində əsas simadır. Öz üzərində çalışan, daim axtarışda  olan, həmişə yeni fikirlə sinfə daxil olan hazırlıqlı və yüksək şəxsiyyətli müəllimlər həm şagirdlərin, həm valideynlərin, həm də ictimaiyyətin hörmətini qazanır, işlərində yaxşı səmərə əldə edirlər.

Məhz buna görə də müəllimin nüfuzu, şəxsiyyəti, qayğıkeşliyi, mehribanlığı, ziyalılığı şagirdlərin təlim-tərbiyə prosesində mühüm rol oynayır. Bütün gözəl sifətlərin sahibi olan müəllimin əlindən heç vaxt "zay" məhsul çıxmaz.

Uşaqların daxili keyfiyyətləri müəllim tərəfindən öz vaxtında kəşf edilməli, uşaqları  mənfi  sifətlərdən qorumaq yolları, metodları, priyomları tapılmalıdır. Bunun üçün uşağın bütün keyfiyyətləri ələkdən, süzgəcdən keçməlidir. Müəllim ta qədimdən xalqın gözündə kamil sayılıb. Onun bütün hərəkətləri başqa peşə sahiblərindən tez gözə dəyir. Müəllimin danışığı, oturuşu, duruşu, geyimi, şagirdlərlə davranmağı həmişə izlənib.

Müəllim cəmiyyətin bilikli, bacarıqlı, mədəni üzvüdür. Ona görə də o, xalqın gözündə humanistdir, mülayimdir, mehribandır, sadədir. Belə keyfiyyət və xasiyyət sahibi olan müəllim ucadan danışmaz, acı sözlə könül sındırmaz, kimsənin qəlbinə toxunub onu incitməz.

Müəllim sinifdə əsas simadır. O, şagirdlərin qəlbində böyükdür, uludur, yenilməzdir. Müəllim ustaddır.

Belə yüksək ada layiq olan şəxs - müəllim şagird şəxsiyyətinə hörmət və ehtiramla yanaşmalıdır. Müəllim şagirdin qabiliyyətini, bacarığını, istedadını, nəyə qadir olduğunu üzə çıxarmaqda mahir olmalıdır. Apardığım müşahidələr nəticəsində öyrənmişəm ki, mənəviyyatı zəngin olan müəllimdən heç kim narazılıq etmir.

Müəllim metod seçməyi bacarmalıdır. Təhsil islahatlarının tələblərinə uyğun hərəkət etməlidir. Passivlikdən fəallığa, ənənəvilikdən interaktiv üsula, fəal təlimə keçməlidir. Səbirli olmaqda, nəzakətli davranmaqda, mərhəmət göstərməkdə hamıdan yüksəkdə durmalıdır.

Xatirimdədir, 1957-ci ildə Bakının 44 nömrəli məktəbində təcrübə keçirdik. O vaxt mürəkkəbqabı, qələmlər partanın üstündə kərtilmiş yerdə olardı.

VII sinifdə "açıq dərs"im idi. Metodistlər, qrup yoldaşlarım arxa cərgədə əyləşmişdilər. Dərsin təhlili mənim taleyimi həll edirdi. "3" qiyməti alsaydım mənim təqaüdüm kəsilirdi. Dərsdə suallara cavab verə bilməyən bir şagirdə "2" qiymət yazdım. Bu, şagirdi narahat etdi. O, yerindən durdu, partanın üstündəki mürəkkəbqabını götürüb gəlib qənşərimdə dayandı:

-Müəllim. Xahiş edirəm, alın bu badəni nuş edin!

Mən çıxılmaz vəziyyətə düşmüşdüm. Lakin səbirli olmaq, hikkəmi cilovlamaq dadıma çatdı.

Yadımdadır, VII sinifdə oxuyan "Q"-nın əlindən dad aman çəkən fizika müəllimi onu həmişə danlayır, gözümçıxdıya salır və rübdə "2" qiymət verirdi. Bir dəfə mənə məlumat verdilər ki, "Q" ikinci mərtəbədən xalçanı endirdi. Maraqlandım. Aydın oldu ki, xalça sahibi xalçanı balkondan asıb günə verirmiş, "Q" gedib bir yekə pişik tapır və gətirib xalçanın üstünə atır. Pişik xalça yuxarı dırmaşdıqca, xalça sürüşür aşağı. Fizika fənnindən "qeyri-kafi" qiymət alan şagird, "təsir əks-təsirə bərabərdir qanunu"ndan məharətlə istifadə edir. Deməli, şagirdin düşünmə tərzi var. Onun başqa qabiliyyəti də olmamış deyil. Bunları üzə çıxarmaq üçün kamil müəllim olmalıdır.

Uşaqlar lap kiçik yaşlarından hər işi həvəslə özləri görmək istəyirlər. Corabını, ayaqqabılarını tərsinə geyinsə də özü geyinmək, xörəyi qaşıqla özü yemək, çantanı özü götürmək istəyir. Lakin ata-ana bu həvəsini uşaqların gözlərində qoyurlar, onları incidir, üstlərinə qışqırırlar: 

- Sən özün yemək yeyənsən, üst-başını batırarsan. Sən corab geyinənsən, ilməsini qaçırarsan. Sən ayaqqabı geyənsən, dabanını əzərsən və s. Bundan sonra da uşaqlar corab geyinmək, xörək yemək, su içmək istəyəndə anasını köməyə çağırır. Axı anası deyib ki, sən özün bunları bacarmazsan.

Uşaqlar ailədə dərindən öyrənilməlidir, onun arzularına diqqətlə, qayğıyla yanaşılmalıdır. Şagird müəllimdən mərdliyi, sərtliyi, eniş-yoxuş çıxmağı, gözəlliyə baxmağı, erkən yaşlarından öyrənməlidir.Valideyn uşağı məktəbə, məktəb isə onları həyata hazırlayır. Hər iki tərəf bilməlidir ki, uşaqlar dünyanın sevincidir, onların sevincini almaq günahdır. Bu gün təhsilimizə dövlət qayğısı danılmazdır. Yeni məktəblərin inşası, köhnə təhsil ocaqlarının əsaslı təmiri, dünya standartlarına cavab verməsi sevindiricidir. 

Əvəz Mahmud LƏLƏDAĞ

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov