Naxçıvan Özəl Universitetində görkəmli yazıçı
M.S.Ordubadinin 140 illik yubileyinə həsr olunmuş
konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə
universitetin rektoru, professor İsmayıl Əliyev açaraq
demişdir ki, M.S.Ordubadi Azərbaycan ədəbiyyatında böyük
bir epoxadır. Onun realist publisistikası ədibin
yaradıcılığında olduqca mühüm yer tutur. M.S.Ordubadi
ədəbiyyatımızda ilk tarixi romanın təməlini qoymuş və bu
təməl üzərində sonralar böyük bir binanın əsası
hörülmüşdür. O, Təbriz və Şirazın tanınmış alimlərinin
yanında dərs almış, Ordubada qayıtdıqdan sonra
müəllimlik etmiş, şeir yazmağa da elə o illərdə
başlamışdır. "Dumanlı Təbriz" adlı roman-epopeyası ilə
M.S.Ordubadi Azərbaycan ədəbiyyatında yeni bir janrın
əsasını qoymuşdur. O, məşhur "Qılınc və Qələm"
(1946-1948), "Döyüşən şəhər" (1938), "Gizli Bakı" (1940)
adlı tarixi romanların müəllifidir.
Rektor çıxışında onu da diqqətə çatdırdı ki,
M.S.Ordubadi bir sıra librettoların da müəllifidir. O,
Ü.Hacıbəylinin "Koroğlu", Müslüm Maqomayevin "Nərgiz",
Ə.Bədəlbəylinin "Nizami" operalarına, F.Əmirovun
"Ürəkaçanlar", S.Rüstəmovun "Beş manatlıq gəlin"
musiqili komediyalarına libretto yazmışdır. O, eyni
zamanda A.S.Puşkinin "Bağçasaray fontanı", "Boris
Qodunov", Demyan Bedninin "Ziynətin andı" əsərlərini
Azərbaycan dilinə tərcümə etmişdir.
Sonra professor Yavuz Axundlu və ali təhsil ocağının
tələbələri yazıçının yaradıcılığı ilə bağlı
danışmışlar.
Nuray ƏSGƏROVA |