Son
illər təhsilimizdə aparılan islahatlardan, tətbiq olunan
yeniliklərdən biri də ölkəmizdə müəllimlərin
mərkəzləşdirilmiş qaydada, müsabiqə yolu ilə işə
qəbuludur. Artıq üçüncü ildir ki, keçirilən müsabiqə
nəticəsində hər il yüzlərlə müəllim ölkəmizin bütün
bölgələrində təhsil müəssisələrində sevib-seçdiyi peşə
üzrə işləmək imkanı qazanır. Bu il işə yeni qəbul olunan
müəllimlərdən biri də mənəm.
1987-ci il iyulun 23-də Mingəçevir şəhərində anadan
olmuşam. 2005-ci ildə orta məktəbi bitirib, Bakı Dövlət
Universitetinin fizika fakültəsinə daxil olmuşam.
2009-cu ildə universiteti bitirib hərbi xidmətə
yollanmışam. 2010-cu ildə hərbi xidmətdən qayıtdıqdan
sonra təyinatım üzrə Gədəbəy rayonunun Hacılar kəndində
fizika müəllimi işləmişəm. Ailə vəziyyətimlə əlaqədar
işdən çıxıb paytaxta gəlməli oldum. Amma pedaqoji
fəaliyyətimi davam etdirmək istəyirdim. Ona görə də
Təhsil Nazirliyinin bu il müəllimlərin işə qəbulu ilə
bağlı keçirdiyi müsabiqədə iştirak etdim. Müsabiqənin I
mərhələsini keçib II mərhələsində - test imtahanında
iştirak etmək hüququ qazandım. İmtahan verib 27,13 bal
topladım və 13 nömrəli Bakı Peşə Liseyinə işə qəbul
olundum.
Müsabiqənin bütün mərhələləri tam şəffaf və yüksək
səviyyədə təşkil olunmuşdu. Ölkəmizdə müəllimlərin işə
qəbulu üçün tətbiq olunan bu yeniliyi yüksək
qiymətləndirir və bu işdə əməyi olanlara minnətdarlıq
edirəm.
Hər il olduğu kimi bu il də sentyabrın 15-də "Bilik
günü" qeyd olundu. Liseyin müəllim və usta kollektivi
başda direktor olmaqla məni səmimi qarşıladılar.
Direktor məni kifayət qədər dərs yükü ilə təmin edib.
Mənə hətta sinif və fizika kabineti rəhbərliyi də
verilib. Ümumiyyətlə, müasir standartlara cavab verən
məktəbimiz bütün avadanlıqlarla təchiz olunmuşdur.
Daim inkişaf edən respublikamızda biz gənclərə yaradılan
bu şəraitə görə dövlətimizin başçısı cənab İlham Əliyevə
bütün gənc müəllimlər adından dərin minnətdarlığımı
bildirirəm.
Anar MUSTAFAYEV,
13 nömrəli Bakı Peşə Liseyinin fizika müəllimi
|