O
müəllim xoşbəxtdir ki, bütün fəaliyyəti dövründə gərgin
əməyi ilə təhsil sahəsində gərəkli xidmət göstərərək,
qəlbinin hərarətini və zəkasını Vətən övladlarının
maariflənməsinə, onların hərtərəfli inkişafına və
tərəqqisinə həsr edir.
Məşhur pedaqoq B.A.Suxomlinski deyib: "Müəllim hər
şeydən əvvəl elə bir adamdır ki, uşaqları sevir, onlarla
ünsiyyətdə öz xoşbəxtliyini tapır, onlarla dostluq
etməyi bacarır, uşaqların sevincini də, qəmini də
bölüşdürə bilir, uşağın qəlbinə girə bilir və özünün də
nə vaxtsa uşaq olduğunu qətiyyən unutmur".
Şərəfli müəllim peşəsinə qəlbən bağlanan belə xoşbəxt
insanlardan biri də Solmaz Abiyevadır.
S.Abiyeva M.Ə.Sabir adına Bakı Pedaqoji Məktəbini
fərqlənmə diplomu ilə bitirdikdən sonra 1980-ci ildən
Lənkəran rayonu Nərimanabad qəsəbə tam orta məktəbində
pedaqoji fəaliyyətə başlayıb. Sonra təhsilini APİ-də
qiyabi yolla davam etdirərək biologiya müəllimi
ixtisasına yiyələnib.
O, bu gün məktəbin sayılıb-seçilən müəllimlərindən biri
kimi pedaqoji fəaliyyətini davam etdirir. Hərtərfli
bilik, bacarıq və qabiliyyəti ilə seçilən Solmaz müəllim
öz işinə yaradıcı yanaşır.
Müəllimlik peşəsinə vurğunluğu, ixtisasını yüksək
səviyyədə bilməsi onu şagirdlərinə sevdirib, qabaqcıl
müəllimlər sırasına çıxarıb.
Pedaqoji fəaliyyəti dövründə onun dərs dediyi şagirdlər
respublikamızın nüfuzlu ali məktəblərinə daxil olub. Elə
bu il qəbul imtahanları zamanı şagirdi Şəlalə
Abdullayeva 600-dən yuxarı bal toplayaraq Azərbaycan
Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub.
Onun vaxtı ilə dərs dediyi şagirdi İlhamə Paşayeva isə
müəllimi Solmaz Abiyeva ilə bir məktəbdə çiyin-çiyinə
çalışır.
S.Abiyeva biologiya fənnini sevir və onu şagirdlərinə də
sevdirməyi bacarır. Təsadüfi deyildir ki, məktəbdə
biologiya fənn kabinetini və laboratoriyasını yaradıb.
O, dərslərində fəal təlim metodlarından, interaktiv
üsullardan səmərəli istifadə edərək fənlərarası
inteqrasiyaya da üstünlük verir.
Onun dərs dediyi şagirdlər biologiya fənni üzrə
keçirilən bilik yarışlarında, fənn olimpiadalarında
həmişə fəal iştirak edərək layiqli yer tutur, uğur
qazanır. Solmaz müəllimin şagirdi Reyhanə Məmmədova
2010-2011-ci tədris ilində keçirilən respublika fənn
olimpiadalarında biologiya üzrə IV yeri tutub.
O, bir fənn müəllimi kimi pedaqoji fəaliyyəti dövründə
rayon icra hakimiyyəti və məktəb rəhbərliyi tərəfindən
təşəkkürlər alıb, rayon təhsil şöbəsi tərəfindən fəxri
fərmanla təltif olunub.
Dərs müəllimin elmi-metodik hazırlığının aynasıdır. Odur
ki, S.Abiyeva öz üzərində daim çalışır, təlim və
kurslarda bilik və bacarığını daha da artırır. Sonuncu
dəfə o, Azərbaycan Müəllimlər İnstitutunun təşkil etdiyi
"Xüsusi istedadlı uşaq və gənclərin fəaliyyətinin
xarakterik xüsusiyyətləri"nə aid kursdan da uğurla
keçib.
S.Abiyeva ölkə təhsilinə və müəllimlərə göstərdikləri
yüksək qayğı və diqqətə görə möhtərəm Prezidentimiz
İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevaya minnətdarlığını bildirir.
Eyni zamanda peşə bayramları münasibəti ilə bütün təhsil
işçilərini səmimi-qəlbdən təbrik edir.
Ədalət DAŞDƏMİRLİ |