1986-cı
ildə Ağdam rayonunda anadan olmuşam. İlk təhsilimi
1992-ci ildən 2000-ci ilə kimi Ağdaş rayonunda almışam.
Sonra təhsilimi Bakıda davam etdirərək 2003-cü ildə
Binəqədi rayonu 3 nömrəli tam orta məktəbi bitirmişəm.
Həmin ildə Azərbaycan Müəllimlər İnstitutunun ibtidai
təhsilin pedaqogikası və metodikası fakültəsinə daxil
olmuşam. 2007-ci ildə bakalavr pilləsini, 2009-cu ildə
isə magistraturanı fərqlənmə diplomu ilə bitirmişəm.
İnstitutu bitirdikdən sonra müəllim işləmək istəyirdim.
Lakin paytaxtdakı məktəblərin ibtidai sinif müəlliminə
tələbatı olmadığından istəyimi reallaşdıra bilmirdim.
Builki vakant yerlər haqqında məlumatda bir neçə
məktəbdə ibtidai sinif müəlliminə ehtiyac olduğunu görüb
Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu ilə bağlı
keçirdiyi müsabiqədə iştirak etmək qərarına gəldim. İyun
ayında Təhsil Nazirliyinin rəsmi saytında qeydiyyatdan
keçdim. İyul ayının 18-də imtahan verdim. İmtahan çox
şəffaf keçirildi. 35 sualdan 33-nə düzgün cavab verdim.
Həmin günün sonunda öyrəndim ki, 34,78 bal toplayaraq
Bakı şəhər Binəqədi rayonu 314 nömrəli tam orta məktəbə
işə qəbul olunmuşam. Elektron ərizəmdə 314 nömrəli tam
orta məktəbi ilk sırada qeyd etmişdim. İmtahanların
yaxşı təşkil olunması məni çox sevindirdi. Xüsusilə
təhsil sahəsində belə şəraitin yaradılması çox
sevindirici haldır. Ümummilli liderimiz Heydər Əliyevin
"Təhsil millətin gələcəyidir", "Təhsilimiz savadlı,
bilikli, istedadlı gənclərin çiyinləri üzərində
qurulacaq" müdrik sözlərini yada saldım. Və bir daha çox
fəxr etdim ki, bu gün dövlətimiz mənim kimi sənətini
sevən gənclərə hər cür şərait yaradır.
Nəticələr açıqlandıqdan sonra məktəbimizin direktoru
Vidadi Daşdəmirov və müəllim kollektivi ilə tanış oldum.
Sentyabr ayının 10-dan müəllim kimi fəaliyyətə
başlamışam. Hazırda məktəbin kollektivindən çox
razıyam. Kollektiv arasında olan isti münasibət və
səmimiyyət məni daha da ruhlandırır. Çox sevinirəm ki,
uşaqlıqdan bəri arzu etdiyim sənəti bu məktəbdə davam
etdirirəm. Yaxşı müəllim olmaq üçün əlimdən gələn hər
şeyi edəcəyəm. Məqsədim Vətənini sevən, onun milli
dəyərlərinə sahib çıxan, böyüyünə hörmət edən, kiçiyini
sevən, tərbiyəli, ağıllı, savadlı, dünyagörüşü zəngin
olan şagirdlər yetişdirməkdir. Bunun üçün hər zaman öz
üzərimdə çalışacağam.
Bu gün bizim peçə bayramımızdır. Mən ilk dəfədir ki, bu
bayramı qeyd edirəm. Yəqin ki, mənimlə bərabər bu il işə
qəbul olunanların çoxu üçün bu belədir. Onları, onların
simasında bütün müəllimləri təbrik edir, xoş arzularımı
bildirirəm.
Qumru ŞİRİNOVA,
Bakıdakı 314 nömrəli tam orta məktəbin ibtidai sinif
müəllimi |