Mən
2006-2010-cu illərdə ADPU-nun riyaziyyat fakültəsində
riyaziyyat-informatika ixtisası üzrə təhsil almışam.
Daha sonra informatika ixtisası üzrə magistraturanın
əyani şöbəsinə daxil olmuş və bu il həmin universiteti
bitirmişəm. Universiteti bitirdikdən dərhal sonra Təhsil
Nazirliyinin müəllimlərin işə qəbulu ilə bağlı
keçirəcəyi müsabiqədə iştirak etməyi qərara aldım,
elektron ərizə formasını doldurdum. İyulun 27-də
keçirilən imtahanda uğurlu nəticə əldə etdim.
İmtahan çox obyektiv və şəffaf şəraitdə keçirildi. Mən
34,13 balla siyahıda ilk yerdə yazdığım Səbail rayon
O.Mirzəyev adına 190 nömrəli orta məktəbə qəbul olundum.
Bu məktəb barəsində əvvəllər çox xoş sözlər eşitmişdim.
Azərbaycan maarifinin incilərindən sayılan Sona xanım
Tağıyevanın qurmuş olduğu və 60 ilə yaxın rəhbərlik
etdiyi bir məktəbə işə qəbul olunmaq mənim üçün bir fəxr
idi. Həmçinin məktəbin hazırkı direktoru, respublikanin
əməkdar müəllimi Afət xanım Bakıxanova ilə ilk
tanışlığımızda seçimimdə yanılmadığımı başa düşdüm.
Məktəbdə məni elan olunmuş vakansiyadakı dərs saatları
ilə tam təmin etdilər.
Məktəbə mənimlə eyni zamanda müsabiqə yolu ilə bir neçə
müəllim də qəbul olunmuşdur. Məktəbin direktoru və
direktor müavinlərinin bizə olan xoş münasibəti məktəb
haqqındakı müsbət fikirlərimizi daha da artırdı.
Hazırda I, IV, VI, IX, X, XI siniflərdə informatika
fənnini tədris edirəm. Mən və digər müsabiqə yolu ilə
qəbul olunmuş müəllimlər bizə bu cür şərait
yaratdıqları üçün Təhsil Nazirliyinə minnətdarlığımızı
bildiririk. Biz fəxr edirik ki, respublikanın ən zəngin
tarixi ənənələri olan təhsil ocağına - 190 nömrəli
məktəbə işə qəbul olunmuşuq. Mən həmçinin bir daha öz
adımdan və digər təzə qəbul olunmuş müəllimlər adından
O.Mirzəyev adına 190 nömrəli orta məktəbin direktoru
Afət Bakıxanovaya və məktəbin kollektivinə
göstərdikləri isti münasibətə görə təşəkkürümü
bildirirəm.
Afaq MURADOVA,
Bakı şəhər O.Mirzəyev adına 190 nömrəli tam orta
məktəbin
informatika müəllimi |