11
dekabr 1980-ci ildə Qafan rayonunda dünyaya göz açmışam.
1988-ci ildən Bakı şəhərində yaşayıram. 1997-ci ildə
paytaxtdakı 250 nömrəli tam orta məktəbi "əla"
qiymətlərlə bitirmişəm. Sonra X.Rəfibəyli adına 2
nömrəli tibb texnikumunda təhsil almışam. 2005-ci ildə
BDU-nin fizika fakültəsini bakalavr dərəcəsi, "Fizika"
ixtisası, 2007-ci ildə isə magistr dərəcəsi "Kvant
elektronikası" ixtisası üzrə fərqlənmə diplomu ilə
bitirmişəm. Bu illər ərzində elmi işçi, hazırlıq
kurslarında müəllim kimi bir sıra fəaliyyətlərim olub.
2009-cu ilin yanvarında AMEA-nın Fizika İnstitutuna
əyani aspirant və kiçik elmi işçi kimi qəbul olundum və
2011-ci ilin dekabrında aspiranturanı bitirdim. Ailə
vəziyyətimlə əlaqədar bir il işsiz qaldım. İşə
ehtiyacımın olduğu vaxtda bacım Jalə Təhsil Nazirliyinin
müsabiqə yolu ilə müəllimlərin işə qəbulunu həyata
keçirdiyini, bu haqda İnternetdə məlumat
yerləşdirildiyini, sənəd qəbulunun 15 iyul 2012-ci il
tarixinədək olduğunu xəbər verdi. Sevindim. Vaxt
itirmədən saytda yerləşdirilən "elektron ərizə
forması"nı doldurdum, vakant yerləri seçərkən birinci
sırada yaşadığım Nizami rayonunda yerləşən 227 nömrəli
tam orta məktəbi qeyd elədim. Beş gün sonra İnternetlə
müsabiqəyə buraxıldığım, test imtahanının keçiriləcəyi
yer və tarix haqqında məlumat əldə etdim. 26 iyulda
imtahan verdim. 35 sualdan 33-nü cavablandırdım və
imtahanın sonunda kompüter ekranında 33 sualdan 29-nun
doğru olduğu işıqlandı. Nəticəyə görə keçid balını
keçmişdim. Və tezliklə imtahanın nəticələri məlum oldu -
mən elə birinci qeyd etdiyim vakant yerə qəbul
olunmuşdum. Müsabiqənin birinci və ikinci hissələri üzrə
yekun qiymətləndirmədə 30,08 bal topladığım
göstərilirdi. Sənədlərimi toplayaraq 5 avqustda
müsabiqənin üçüncü mərhələsindən - müsabiqə
komissiyasının təsdiqindən keçdim.
Nəzərə alsaq ki, bu proqram təhsilin səviyyəsinin
yüksəldilməsi, savadlı müəllimlərin işlə təmin olunması
üçün həyata keçirilir, onda qeyri-obyektivliyin
olacağına dair heç bir şübhə olmamalı idi. Üstəlik
təhsil aldığım müddətdə indiyədək keçdiyim bu qədər
imtahanlarda qeyri-obyektiv hallara rast gəlmədiyimə
görə şübhələnməyə heç bir əsas yox idi. Lakin bütün
bunlara baxmayaraq, içimdə kiçik də olsa bir narahatlıq
var idi. Amma imtahanın keçirilmə şəraiti, səliqəsi,
dəqiqliyi və nəticələri bu narahatlıqları da aradan
qaldırdı.
4 sentyabr tarixində sənədlərimi toplayıb 227 nömrəli
məktəbə gələrək, direktor Sarı Məmmədova müraciət etdim.
Sarı müəllim məni çox səmimi qarşıladı və məktəbdə
aparılan tədris prosesi haqqında məlumat verdi.
Sentyabrın 17-si dərs günü məktəbə gəldim. Məktəbin
səliqəsi, təmizliyi, şagirdlərin geyimi məni çox qane
etdi. Direktor müavinləri Gülnarə müəllim və İradə
müəllim sənəd məsələlərində və məktəblə tanışlıqda mənə
yaxından kömək etdilər. Məktəbin müəllim kollektivi
bir-bir mənimlə tanış olaraq yeni işimdə
müvəffəqiyyətlər arzuladılar. Burada özümü qətiyyən yad
kimi hiss etmədim, sanki əvvəldən burada işləyirəm.
Vakansiyada göstərilən 12 saat dərs yükü ilə təmin
olundum.
Sevinirəm ki, ölkəmiz günü-gündən inkişaf edir, təhsilin
səviyyəsinin yüksəldilməsi, savadlı kadrların işlə təmin
olunması üçün geniş tədbirlər həyata keçirilir. Bütün
bunlara görə ölkəmizin Prezidenti cənab İlham Əliyevə öz
dərin minnətdarlığımı bildirirəm.
Ofeliya İBRAHİMOVA,
Bakıdakı 227 nömrəli tam orta məktəbin fizika müəllimi
|