Bu
danılmaz bir həqiqətdir ki, müxtəlif xalqların görkəmli
oğul və qızları öz uğurları üçün, ilk növbədə, məktəbə,
müəllimlərinə borclu və minnətdar olduqlarını
söyləyiblər. Deməli, bütün ağıl və bilik, fiziki güc və
qüdrət sahiblərinin hamısının yolu məktəbdə düzgün
təlim-tərbiyə prosesindən keçib və bu gün də belədir.
Haqqında söhbət açmaq istədiyimiz Bakının Binəqədi
rayonu, Sulutəpə qəsəbəsində yerləşən 313 nömrəli tam
orta məktəb də belə təhsil müəssisələrindəndir. Məktəb
2007-ci ildə Təhsil Nazirliyi tərəfindən tikilərək
istifadəyə verilib. Bu təhsil ocağının direktoru Zakir
Bayramovdan aldığımız məlumatda bildirilir ki, məktəbdə
ötən dərs ilində 904 şagird təhsil alıb. Həmin
şagirdlərin təlim-tərbiyəsi ilə 58 ixtisaslı müəllim
məşğul olub. Yeni dərs ilində isə məktəbdə təxminən
1050-yə yaxın şagird təhsil alır. Onlardan 168-i birinci
sinif şagirdidir.
Məktəb 2011-2012-ci tədris ilinin "Ən yaxşı ümumtəhsil
məktəbi" müsabiqəsinin qalibi olub. Təhsil ocağının
kollektivi bu uğurun əsas səbəbini nizam-intizamda,
şagirdlərin məktəbdə qabaqcıl, müasir təhsilin tələbləri
səviyyəsində dərs keçən müəllimlərdən təhsil almalarında
və yüksək bilik əldə etmələrində görür.
Təsadüfi deyildir ki, məktəbin müəllimlərindən 94 faizi
ali təhsillidir. Həmin müəllimlərdən bir nəfəri BDU-nun
dissertantı, bir nəfəri isə 2012-ci ildə "Ən yaxşı
müəllim" müsabiqəsinin qalibidir. Yeni dərs ilində isə
məktəbin üç müəllimi bu müsabiqəyə qoşulub.
Məhz belə müəllimlərin əməyinin nəticəsidir ki, ötən
tədris ilində məktəbi bitirən 21 şagirdin hamısı
mərkəzləşdirilmiş buraxılış imtahanlarından uğurla
keçərək attestat alıb. Onlardan 11-i müxtəlif ali təhsil
ocaqlarına qəbul olunub. İki nəfər - Vüqar Mürşüdlü və
Xəzər Qurbanlı isə 600-dən yuxarı bal toplayıb.
Məktəbin yetirmələrinin əldə etdiyi nailiyyətlər bununla
bitmir. Onlardan "Gənc kompüter istedadları" I
Respublika müsabiqəsinin qalibi Cavid Müseyibli,
riyaziyyat fənni üzrə olimpiadanın respublika turunun
mükafatçısı Mövlud Məmmədli məktəbin fəxrləri
sırasındadır.
Təhsil ocağında şagird və müəllimlərə
informasiya-kommunikasiya texnologiyaları ilə işləmək
üçün yüksək səviyyəli şərait yaradılıb. Məktəbin
müəllimləri İKT-nin tətbiqi ilə əlaqədar müxtəlif
kurslarda, o cümlədən "Xalq kompüteri" layihəsində
iştirak edərək qazandıqları bilikləri dərslərində tətbiq
edirlər.
Hazırda məktəbdə 2 informatika kabineti fəaliyyət
göstərir. Həmin kabinetlərin birində 7, digərində isə 12
kompüter var. Bu da dərslərin müasir tələblər
səviyyəsində qurulmasında, şagirdlərin yaradıcı və
məntiqi təfəkkürünün inkişafında mühüm rol oynayır.
Məktəbdə kurikulumun tətbiqi də yüksək səviyyədədir.
Burada müasir tələblərə uyğun "açıq dərs"lər, "dəyirmi
masa"lar və digər tədbirlər keçirilir.
Məktəbin kitabxanasında şagirdlərin asudə vaxtlarında
mütaliə ilə məşğul olmaları üçün zəngin ədəbiyyatla
yanaşı, onların rahatlığını təmin edən "Oxu zalı" və
şagirdlərə yardımçı olan qayğıkeş kitabxanaçılar var.
Kitabxanada 11564 dərslik, 825 ədəd bədii ədəbiyyat
mövcuddur.
Məktəbdə xüsusi istedada malik uşaqların inkişafına da
ciddi diqqət yetirilir. Bu məqsədlə də məktəbdə "İstedad
bankı" yaradılıb. Şagirdlərlə aparılan işin nəticəsidir
ki, burada hər il istər Təhsil Nazirliyinin, istərsə də
digər təşkilat və qurumlar tərəfindən keçirilən
respublika səviyyəli yarış və müsabiqələrin qalibləri
olmuş, fəxri fərmanlarla təltif ediliblər.
Məktəbdə 2011-ci ildən VMA fəaliyyət göstərir. Burada
aparılan işin düzgün istiqamətdə qurulmasının
nəticəsidir ki, hər hansı məsələnin həllində onların
köməyindən istifadə edilir.
Ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsi,
əbədiyaşar ideyalarının təbliğ edilməsi məktəbdə əsas
yer alıb. Hər il ulu öndərin doğum gününə məktəbin
təşkil etdiyi "Gül kompozisiyaları" Bakı Şəhəri İcra
Hakimiyyəti tərəfindən layiqincə qiymətləndirilir.
Məktəbdə şagirdlərin elmə, təhsilə olan marağını
gücləndirmək üçün bir çox elm adamları, alimlər və
ədəbiyyatçılarla görüşlər təşkil edilir, nüfuzlu ali
təhsil ocaqlarına ekskursiyaları təşkil olunur.
Milli vətənpərvərliyimizi özündə əks etdirən müxtəlif
tədbirlərin keçirilməsinə də burada geniş yer verilir.
Məktəbin "Cəsurlar" və "Şahin" hərbi idman komandaları
son iki ildə Bakı zona turnirlərində müxtəlif
nominasiyalar üzrə qalib olublar.
"Ən yaxşı ümumtəhsil məktəbi" adını daşıyan bu təhsil
ocağının kollektivi işini ölkəmizdə gedən təhsil
islahatına uyğun quraraq bundan sonra da daha böyük
uğurlar əldə etmək əzmindədir.
Ədalət DAŞDƏMİRLİ |