Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva
tərəfindən 2011-ci il iyulun 11-də başladılmış Ətraf
Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü
İDEA Kampaniyası tərəfindən ölkə miqyaslı ekoloji
maarifləndirmə tədbirləri uğurla davam etdirilir.
AzərTAc xəbər verir ki, layihə çərçivəsində növbəti
tədbir sentyabrın 28-də Şəki şəhərində keçirilmişdir.
Şəhərdəki 10 və 20 nömrəli tam orta məktəblərdə VIII və
IX sinif şagirdləri üçün təşkil olunan ekoloji
maarifləndirmə seminarlarına ümumilikdə 120 şagird cəlb
olunmuşdur.
Seminarlarda şagirdlərə dünyada baş verən ekoloji
fəlakətlər, Yer kürəsinin, o cümlədən Azərbaycanın
ekoloji vəziyyəti, Şəkinin təbiəti, zəngin fauna və
florası barədə ətraflı məlumat verilmiş, ekoloji mühitin
qorunmasının zəruriliyi, bu işdə hər kəsin üzərinə düşən
məsuliyyət barədə geniş danışılmışdır. Dünyada baş verən
ekoloji fəlakətlər, onların yaranma səbəbləri şagirdlərə
monitor vasitəsilə əyani olaraq göstərilmişdir.
Dinləyicilərə ətraf mühitlə bağlı çoxsaylı suallar
verilərək onların biliyi yoxlanılmış, şagirdləri
maraqlandıran suallar cavablandırılmışdır.
Seminarlarda, həmçinin İDEA Kampaniyasının humanist
məqsədlərindən, getdikcə daha çox insanın, xüsusən
yeniyetmə və gənclərin bu kampaniyanın həyata keçirdiyi
ekoloji layihələrdə iştirakından geniş bəhs olunmuşdur.
|