Naxçıvan Müəllimlər İnstitutunda dahi Azərbaycan şairi
və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 870
illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans
keçirilmişdir.
Konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru,
professor Oruc Həsənli açaraq qeyd etmişdir ki, dahi
Azərbaycan şairi Nizami Gəncəvi dünya ədəbiyyatı
tarixində xüsusi mövqeyə malik bir sənətkardır. Onun
yaradıcılığı ilə orta əsr Azərbaycan ədəbiyyatında və
ictimai fikir tarixində yeni bir dövr başlanmışdır.
Nizaminin misilsiz əsərləri, onun qabaqcıl ideyaları
böyük sürətlə Yaxın və Orta Şərqə yayılaraq, bir çox
xalqların ədəbiyyatının inkişafına müsbət təsir
göstərmiş və bu ecazkar təsir öz qüvvəsini əsrlər boyu
saxlamışdır. O da vurğulanmışdır ki, Nizami Gəncəvi
yaradıcılığa lirik şeirlərlə başlamışdır. Əsərlərindən
məlum olur ki, şair böyük divan yaratmış, qəzəl və
qəsidələr müəllifi kimi şöhrətlənmişdir. Lakin Şərq
təzkirəçilərinin 20 min beyt həcmində olduğunu qeyd
etdikləri bu divandakı şeirlərin çox az hissəsi
dövrümüzədək gəlib çatmışdır. Nizami Gəncəvi həm də
böyük vətənpərvər şair idi. O bütün əsərlərində təsvir
etdiyi hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin
keçmiş qüdrətli günlərini tərənnüm etməyə çalışmışdır.
Qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir
salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu
gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz
xidmət göstərir.
Sonra institutun prorektoru Sədaqət Həsənova, dillər və
ədəbiyyat kafedrasının dosenti Nəzakət İsmayılova şairin
yaradıcılığı barədə danışmış, tələbələr görkəmli söz
ustasının qəzəllərini ifa etmiş və N.Gəncəvinin
qəzəlləri əsasında bəstələnmiş romanslar
səsləndirilmişdir.
Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat xidməti |