Oktyabrın1-də Çexiya Respublikasının Olomouts diyarının
qubernatoru (qetmanı) Martin Tesarjikin başçılıq etdiyi
nümayəndə heyəti Bakı Slavyan Universitetində oldu.
Görüşdə BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor
Kamal Abdullayev təhsil müəssisəsinin yaranma tarixi,
fəaliyyəti barədə məlumat verdi.
Bakı Slavyan Universitetinin Çexiyanın universitetləri
ilə əlaqələrinin perspektivləri, BSU-da "Çexiyaşünaslıq"
ixtisası üzrə təhsil alan tələbələrin həmin ölkədə
təhsillərini davam etdirmələri barədə fikir mübadiləsi
aparıldı.
Qeyd edildi ki, BSU xaricdə Azərbaycan dili və
mədəniyyətinin, ümumilikdə azərbaycanşünaslığın
təbliğinə xüsusi önəm verir.
Sonra Olomouts diyarının qubernatoru (qetmanı)
M.Tesarjik BSU-da Çex Dili və Mədəniyyəti Mərkəzinin
fəaliyyət göstərməsindən məmnun qaldığını bildirdi və bu
mərkəzin daha da inkişafı üçün əlindən gələni etməyə
hazır olduğunu söylədi.
Tədbirdə iştirak edən Çexiya Respublikasının
Azərbaycandakı səfiri Radek Matula BSU-da çex dili və
mədəniyyətinə göstərilən diqqət və qayğıya görə
təşəkkürünü bildirdi.
Qonaqlar BSU-da fəaliyyət göstərən Rusiya, Ukrayna,
Polşa, Yunanıstan, Türkiyə, Bolqarıstan və Belarusun
tədris-mədəniyyət mərkəzləri, müasir tələblərə cavab
verən kitabxana, zəngin texniki avadanlıqla təchiz
edilmiş linqafon zalları, elmi-tədqiqat laboratoriyaları
ilə tanış oldular. Burada Çex Dili və Mədəniyyəti
Mərkəzinin fəaliyyətini əks etdirən videofilm
göstərildi.
Sonda bildirildi ki, nümayəndə heyətinin üzvləri,
Çexiyanın Ostrav Universitetinin professorları oktyabrın
5-dək BSU-nun tərcümə və beynəlxalq münasibətlər və
regionşünaslıq fakültələrinin tələbələrinə mühazirələr
oxuyacaqlar.
Şakir CƏFƏROV |