Oktyabrın
2-də Bakı Dövlət Universitetində (BDU) "Qloballaşma
şəraitində elm və təhsil sahəsində inteqrasiya
prosesləri" mövzusunda tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, Böyük Britaniya, Misir, Latviya
Qırğızıstan və digər ölkələrdən olan nümayəndələrin,
alim və mütəxəssislərin, təhsil işçilərinin, tələbələrin
iştirak etdikləri tədbirdə BDU-nun rektoru, Milli
Məclisin deputatı, akademik Abel Məhərrəmov bildirmişdir
ki, böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami
Gəncəvinin 870 illik yubileyi münasibətilə ölkəmizdə
keçirilən mərasimlərə dünyanın müxtəlif ölkələrindən
çoxlu sayda qonaqlar qatılmışlar. Onlardan bir neçəsi
BDU-da keçirilən bu tədbirdə də iştirak edir.
Müasir dünyada elmin, təhsilin mühüm rolundan danışan
rektor ulu öndər Heydər Əliyevin bu sahəyə daim böyük
önəm verdiyini, müdrik şəxsiyyətin ideyalarının
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla
həyata keçirildiyini vurğulamışdır.
Bakı Dövlət Universitetində təhsilin inkişafı üçün
həyata keçirilən tədbirlərdən, qazanılan nailiyyətlərdən
bəhs edən akademik A.Məhərrəmov BDU-nun beynəlxalq
əlaqələrinin genişləndiyini də diqqətə çatdırmışdır.
Müasir qloballaşma şəraitində təhsilimizin dünya təhsil
sisteminə inteqrasiya olunduğunu deyən rektor Azərbaycan
Prezidenti İlham Əliyevin "Qara qızılı insan kapitalına
çevirmək" kəlamını xatırlatmışdır.
Akademik A.Məhərrəmov BDU-nun elm və təhsil sahəsində
inteqrasiya prosesində iştirakından, bu sahədə əldə
edilən uğurlu nəticələrdən də danışmışdır.
Latviyanın sabiq prezidenti, BMT Baş katibinin xüsusi
elçisi, Avropa İttifaqının uzunmüddətli inkişaf
proqramının vitse-prezidenti Vaira Vike-Freiberga elm,
təhsil sahəsində inteqrasiya prosesləri və müvafiq
sahənin inkişafı ilə bağlı fikirlərini söyləmişdir.
Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, BMT Baş
katibinin Sivilizasiyalar Alyansı üzrə səfiri İsmayıl
Seragəldin, Qırğız Respublikasının sabiq prezidenti Roza
Otunbayeva, YUNESKO və Beynəlxalq Telekommunikasiya
Birliyinin komissarı, St Galan və Lugano
universitetlərinin professoru Valter Füst elm, təhsil
sahəsində əlaqələrin genişləndirilməsinin, təcrübə
mübadilələrinin aparılmasının əhəmiyyətindən bəhs
etmişlər.
Böyük Britaniyanın Oksford Universiteti Linkoln
Kollecinin rəhbəri Baronessa Susan Greenfield müasir
dünyada yeni elmi nailiyyətlərin, texnologiyaların
rolundan, elmin, təhsilin tərəqqisi üçün bütün
imkanların yaradılmasının vacibliyindən danışmışdır.
Sonra BDU ilə İsgəndəriyyə Kitabxanası arasında
əməkdaşlığa dair müqavilə imzalanmışdır.
Qonaqlar Bakı Dövlət Universitetinin laboratoriyaları,
tədris şəraiti ilə tanış olmuşlar. |