Oktyabrın
3-də təhsil naziri Misir Mərdanov Almaniya-Azərbaycan
Forumunun sədri, Azərbaycanın Almaniyanın Ştutqart
şəhərindəki fəxri konsulu Otto Hauzer ilə görüşüb.
Qonağı Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu
ifadə edən Misir Mərdanov Sumqayıt Kimya Sənaye Parkının
nəzdində Peşə Tədris Mərkəzinin yaradılması layihəsi
çərçivəsində görülmüş işlərdən söhbət açıb. Nazir
bildirib ki, Sumqayıt Kimya Sənaye Parkının nəzdində
Peşə Tədris Mərkəzinin yaradılması layihəsinin icrası
istiqamətində İqtisadi İnkişaf Nazirliyi ilə birgə
müvafiq müzakirələr aparılıb və hazırlanmış təkliflər
Nazirlər Kabinetinə təqdim olunub. Gələn il Sumqayıt
Kimya Sənaye Parkının nəzdində Peşə Tədris Mərkəzinin
fəaliyyətə başlamasının nəzərdə tutulduğunu söyləyən
təhsil naziri bunun üçün həyata keçiriləcək hazırlıq
tədbirlərinin dəqiq şəkildə müəyyənləşdirilməsinin və
müvafiq işçi qrupunun yaradılmasının zəruriliyinə
toxunub.
Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri
konsulu Otto Hauzer səmimi qəbula görə təşəkkürünü
bildirib və təhsil sahəsindəki qarşılıqlı əlaqələrin
əhəmiyyətindən bəhs edib. Peşə təhsili sisteminin yüksək
səviyyədə inkişafının sosial-iqtisadi tərəqqi baxımından
oynadığı rola toxunan qonaq ölkələrimiz arasındakı
əməkdaşlığın səmərəliliyinin daha da artırılması
məqsədilə peşə təhsili sahəsində ən çox ehtiyac duyulan
ixtisaslar üzrə kadrların hazırlanmasının zəruriliyini
bildirib. O.Hauzer Sumqayıt Kimya Sənaye Parkının
nəzdində Peşə Tədris Mərkəzinin yaradılması layihəsinin
icrası istiqamətində görüləcək işlər barədə ətraflı
məlumat verib, layihənin işçi qrupunun yaradılmasından
sonra prosesin daha da sürətlənəcəyinə əmin olduğunu
söyləyib.
Daha sonra layihənin icrası ilə bağlı bir sıra digər
məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Sumqayıt
Kimya Sənaye Parkının nəzdində Peşə Tədris Mərkəzinin
vaxtında fəaliyyətə başlaması üçün dərsliklərin, tədris
proqramlarının hazırlanması, həmin təhsil ocağında
çalışacaq müəllimlərin təkmilləşmə kurslarına cəlb
olunması ilə bağlı təkliflər səsləndirilib. |