Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

5 Oktyabr 2012 - №39

 

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin Gəncədə başlayan 870 illik yubiley tədbirləri əsl sülh,
bərabərlik və poeziya bayramına çevrilib

 

Sentyabrın 29-da dahi Azərbaycan şairi və mütəfəkkiri, dünya poeziyasının günəşi Nizami Gəncəvinin vətəni Gəncədə böyük izdiham yaşanmışdır.

AzərTAc xəbər verir ki, burada bütün işıqlı ömrünü Gəncədə keçirməklə dünya poeziya xəzinəsinə əvəzsiz incilər bəxş edən dahi şairin 870 illik yubileyi böyük təntənə ilə qeyd edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında" 2011-ci il 23 dekabr tarixli Sərəncamından dərhal sonra Gəncədə geniş hazırlıq işləri aparılmışdır. Şairin məqbərəsi və onun ətrafı yenidən qurulmuş, sahəsi genişləndirilərək yeni xiyabanlar salınmışdır. Burada Nizami Gəncəvi muzeyinin inşasına başlanılmış, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin tikintisi üçün hazırlıq işləri aparılmışdır.

Dövlətimizin başçısının müvafiq sərəncamından irəli gələn vəzifələrə uyğun olaraq alimlərdən və ziyalılardan ibarət yubiley komissiyası yaradılmış, görülən işlər, demək olar ki, hər gün müzakirə edilmişdir. Bir sözlə, bütün Gəncə və gəncəlilər Azərbaycanın fəxri olan dahi şairin yubileyinə geniş hazırlıq işləri ilə gəlmişlər.

Gəncədə yubiley tədbirləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarətlə başlamışdır. Qonaqlar və şəhər ictimaiyyətinin nümayəndələri ulu öndərin abidəsi önünə gül dəstələri qoyaraq müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan bu dahi şəxsiyyətə ehtiramlarını bildirmişlər.

Yubiley tədbiri dahi şairin məqbərəsi önündə davam etdirilmişdir. Burada tədbir iştirakçılarını şərbətlə qarşılayan milli geyimli məktəblilər müxtəlif dillərdə dahi şairin əsərlərindən parçalar söyləmiş, qonaqları qədim Azərbaycan rəqsləri ilə salamlamışlar. Sonra Nizami Gəncəvinin sözlərinə bəstələnmiş romansların müşayiəti ilə yubiley tədbirləri davam etdirilmişdir.

Minlərlə şəhər sakininin qatıldığı mərasimdə Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, təhsil naziri Misir Mərdanov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı diplomatik korpuslarının nümayəndələri, 14 ölkədən dəvət olunmuş 150-dən artıq alim iştirak etmişdir.

Tədbiri giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq qonaqları salamlamış, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı müvafiq sərəncamının əhəmiyyətindən danışmış və xalqımızın mədəni irsinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına gəncəlilər adından minnətdarlığını bildirmişdir.

Baş nazirin müavini Elçin Əfəndiyev bu böyük bayram münasibətilə bütün gəncəliləri, eləcə də dahi Nizami yaradıcılığının işığına yığışan qonaqları təbrik etmişdir. Elçin Əfəndiyev demişdir ki, Nizaminin bu gün başlayan yubiley tədbirləri yalnız poeziya, mədəniyyət bayramı deyildir. Nizaminin yubileyi, sözün əsl mənasında, ümumxalq bayramıdır. Çünki 870 ildir ki, Nizaminin sənəti, onun özü Azərbaycan xalqı ilə birlikdədir. Nizami Gəncədə doğulmuş, Gəncədə yaşamış və Gəncədə də vəfat etmişdir. Ancaq onun sənətinin, istedadının miqyası o qədər böyükdür ki, o, bütün bəşəriyyətin övladı oldu. Nizami nə qədər milli şairdirsə, o qədər də bəşəri şairdir. Nizami doğulduğu Gəncəni sənətkarlar diyarı adlandırır, özünü isə mahir sənətkar hesab edirdi. O, Gəncəni qədim Babillə müqayisə edirdi. Bu sözlər başqa bir dahi sənətkarın dilindən eşidilsəydi, bəlkə də bir qədər qeyri-təvazökar səslənərdi. Lakin Nizaminin dediyi bu sözlər son dərəcə təbii səslənir. Ona görə ki, Nizami istedadının böyük imkanları ilə Nizami sənətkarlığının iddiası tam şəkildə üst-üstə düşür. Mənim yaxşı yadımdadır. Ümummilli liderimiz Heydər Əliyev Nizaminin 840 illiyi ilə əlaqədar xüsusi sərəncam imzalamışdı. Son dərəcə qiymətli olan bu sərəncam Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb edirdi.

Hamı yaxşı bilir ki, yubileylər yuvarlaq rəqəmlərlə olur. O vaxt ulu öndərin təşəbbüsü ilə böyük Nizaminin 840 illik yubileyinin keçirilməsinə sovetlər birliyində qısqanclıqla yanaşırdılar. Lakin bu, böyük bir hadisə idi və şübhəsiz ki, bu hadisə ulu öndərin şəxsiyyətinin gücü sayəsində mümkün olmuşdu. Nə yaxşı ki, bu ənənə indi də davam edir. Nə yaxşı ki, bu estafet Azərbaycanın müstəqilliyinə qədər gəlib çıxmışdır. Sevinirik ki, bu gün Azərbaycan Prezidenti bu ənənələrə sadiq qalaraq Nizami şəxsiyyətinə ümumxalq məhəbbətinin ifadəsi olaraq dahi şairin 870 illik yubileyinin keçirilməsi barədə xüsusi sərəncam imzalamışdır.

Mərasim başa çatdıqdan sonra qonaqlar və yubiley iştirakçıları dahi söz ustadının qəbrini ziyarət edərək məzarı üzərinə qızılgüllər qoymuş, ruhuna dualar oxumuşlar.

Sonra məqbərə ətrafında Gəncə Dövlət Dram və Kukla teatrları aktyorlarının şairin "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "İsgəndərnamə" və "7 gözəl" əsərlərinin motivləri əsasında hazırladıqları ədəbi-bədii kompozisiyalar nümayiş etdirilmiş, Gəncə Dövlət Filarmoniyası və Dövlət Kamera Orkestrinin birləşmiş xorunun, eləcə də müğənnilərin ifasında Nizaminin sözlərinə bəstələnmiş romanslar səsləndirilmişdir. Məqbərə ətrafında gəzintidən sonra burada xatirə şəkli çəkdirilmişdir.

Sentyabrın 29-da yubiley tədbirləri çərçivəsində Gəncənin mərkəzində Nizami Gəncəvi adına piyada keçidinin açılışı olmuş, Azərbaycan Dövlət Aqrar Universitetində Nizami Gəncəvi irsinin təbliğində xidmətlərinə görə yubiley tədbirlərinin iştirakçısı olan xarici ölkələrin bir qrup elm xadiminə Azərbaycan Dövlət Aqrar və Gəncə Dövlət universitetlərinin fəxri doktoru adının verilməsi mərasimi keçirilmişdir.

Mərasimdə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor Mirdamət Sadıqov və Gəncə Dövlət Universitetinin rektoru, professor Elman Məmmədov rəhbərlik etdikləri universitetlərin elmi şuralarının qərarlarını oxumuş və dünyanın ən qədim və zəngin İsgəndəriyyə Kitabxanasının direktoru, Misir Elmlər Akademiyasının prezidenti, BMT Baş katibinin Sivilizasiyalar Alyansı üzrə səfiri, doktor İsmayıl Seragəldinə və BMT-nin Hökumət Komissiyasının sədri, İsveçrə Konfederasiyası Prezidentinin müşaviri, İsveçrənin sabiq dövlət naziri, YUNESKO-nun kommunikasiya üzrə hökumətlərarası panelinin sədri, səfir Valter Füstə Azərbaycan Dövlət Aqrar Universitetinin, Latviyanın 6-cı Prezidenti, BMT Baş katibinin xüsusi elçisi, Avropa İttifaqının uzunmüddətli inkişaf proqramının vitse-prezidenti Vaira Vike-Freibergaya və Qırğız Respublikasının sabiq prezidenti Roza Otunbayevaya Gəncə Dövlət Universitetinin fəxri doktoru adı verilməsi barədə həmin universitetlərin diplomları təqdim edilmişdir.

Fəxri doktor adına layiq görülmüş qonaqlar diqqət və qayğıya görə minnətdarlıq etmişlər.

Təhsil naziri Misir Mərdanov fəxri doktor adına layiq görülmüş qonaqları təbrik etmiş, bunu əlamətdar hadisə adlandırmışdır.

Universitetdə keçirilən təntənəli mərasimdən sonra Xan bağında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təməlqoyma mərasimi keçirilmişdir. Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Azərbaycan Yazıçılar Birliyinin sədri Anar çıxış edərək təməli yenicə qoyulan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin işinə uğurlar arzulamışlar.

Təməlqoyma mərasimindən sonra Heydər Əliyev Mərkəzində Nizami Gəncəvinin poemalarının yeni tərcümə və tərtibatda nəşr olunmuş nüsxələrinin təqdimatı keçirilmişdir.

Mərasimdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev dahi şairin yubileyi münasibətilə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ilk dəfə olaraq "Xəmsə"yə daxil olan 5 əsərin külliyyat şəklində çap edilməsindən danışmış və buna görə Azərbaycanın birinci xanımına minnətdarlığını bildirmişdir.

Sonra nizamişünas alimlər Samir Pişnamazzadənin "Nizami Gəncəvi məqbərəsinin tarixi və taleyi" və "Nizami Gəncəvi yaradıcılığına əxilik ideologiyasının təsiri", Xəlil Yusiflinin "Nizami Gəncəvi: sələflər və xələflər", Mübariz Yusifovun "Nizamidə azərbaycançılıq", Sevda Qurbanəliyevanın "Nizami Gəncəvinin musiqi dünyası" və "Nizami Gəncəvi obrazları miniatürlərdə" mövzularında məruzələri dinlənilmişdir.

Mərasimdə çıxış edən şəhər ziyalıları da görülən işləri yüksək dəyərləndirmiş və bildirmişlər ki, bu günədək qeyd olunan yubileylər sırasında ilk dəfə olaraq Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən "Xəmsə" külliyyat halında nəşr edilmişdir. Bütün bunlar Nizami yurdu Gəncənin elm və mədəniyyət mərkəzinə çevrilməsi deməkdir.

Gəncədə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi müxtəlif tədbirlərlə davam etdirilmişdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov