Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

5 Oktyabr 2012 - №39

 

Bakıda diplomatik akademiyaların 40-cı Ümumdünya Forumu keçirilib

 

Sentyabrın 27-də Azərbaycan Diplomatik Akademiyasının (ADA) yeni tədris kompleksində Diplomatik Akademiya və Beynəlxalq Münasibətlər institutlarının rektor və dekanlarının 40-cı Ümumdünya Forumu işə başlamışdır.

AzərTAc xəbər verir ki, tədbiri açan ADA-nın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev akademiyanın yeni tədris kompleksi barədə məlumat vermişdir. Rektor bildirmişdir ki, bu kompleksdə tədris prosesi yeni metodlarla aparılır. Regionda ilk dəfə olaraq bu tədris kompleksində alternativ enerji mənbələrindən istifadə olunur. Azərbaycan neft və qazla zəngin ölkə olsa da, biz alternativ enerjini inkişaf etdirmək niyyətindəyik. Çünki bu, gələcəyə bir töhfədir. Kompleksdə energetika və ətraf mühitlə bağlı yeni mərkəz açılmışdır.

Fəaliyyətə başladığı dövrdən sürətlə inkişafda olan akademiyanın beynəlxalq əlaqələrini genişləndirdiyini vurğulayan Hafiz Paşayev ADA-nın dünyanın başqa diplomatik akademiyaları ilə bir çox sahələrdə, o cümlədən alternativ enerji sahəsində də fəal əməkdaşlıq etdiyini demişdir. Bildirilmişdir ki, ADA bir çox proqram və layihələr həyata keçirməklə öz fəaliyyətini durmadan genişləndirir.

Corctaun Universitetinin Diplomatiya Araşdırmaları İnstitutunun direktoru Paula Nyuberq Azərbaycan Diplomatik Akademiyasının müasir tələblərə cavab verən yeni tədris kompleksində belə mühüm tədbirin yüksək səviyyədə keçirilməsindən məmnunluğunu bildirmişdir.

Vyana Diplomatik Akademiyasının direktor köməkçisi Nadya Vozoniq çıxış edərək diplomatların, Diplomatik Akademiya və Beynəlxalq Münasibətlər institutlarının rektor və dekanlarının, gənc professorların bu sahədəki fikirlərinin öyrənilməsi, eləcə də beynəlxalq münasibətlər və beynəlxalq biznes sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından forumun əhəmiyyətini vurğulamışdır.

ADA-nın prorektoru Fariz İsmayılzadə çıxışında akademiyanın sürətli inkişaf yolundan və beynəlxalq əlaqələrindən danışmışdır. Bildirilmişdir ki, ildən-ilə inkişaf edən bu təhsil ocağında 2009-cu ildən tədris proqramının genişləndirilməsinə və "Beynəlxalq əlaqələr və diplomatiya" sahəsində magistratura proqramının reallaşdırılmasına başlanılmışdır. 2011-ci ildən etibarən isə "Biznesin idarə edilməsi və beynəlxalq münasibətlər" üzrə bakalavr ixtisasları yaradılmışdır. Ən müasir tələblərə cavab verən akademiyada hazırda 19 ölkədən olan tələbələr də təhsil alır.

Forumun əhəmiyyətindən danışan F.İsmayılzadə iştirakçılara tədbirin gündəliyi və müzakirə olunacaq mövzularla bağlı məlumat vermişdir.

Sonra forum işini panel iclaslarında davam etdirmişdir.

Moderatoru ADA-nın müəllimi Kavus Abuşov olan "Kiçik dövlətlərin diplomatiyası" mövzusundakı birinci panel iclasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, Xorvatiya Diplomatik Akademiyasının rektoru, səfir Mladen Adrliç və Belçikanın Avropa Kollecinin professoru Siqlind Gstöhl qloballaşmanın hazırkı kontekstində kiçik dövlətlərin üzləşdiyi çağırışları, qlobal iqtisadiyyata və siyasi institutlara inteqrasiya olunarkən, eyni zamanda milli suverenliyi və mədəni dəyərləri qorumaq cəhdləri məsələlərini müzakirə etmişlər.

"Enerji və ətraf mühit diplomatiyası" mövzusundakı ikinci panel iclasının moderatoru ADA-nın Enerji və Ətraf Mühit üzrə Xəzər Mərkəzinin rəhbəri, professor Elnur Soltanov, çıxış edənlər isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov, İsrailin Hayfa Universitetinin professoru Brenda Şafer, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia olmuşlar. Bu panel iclasında dövlətlərin xarici siyasətində enerjinin rolu vurğulanmış, həmçinin beynəlxalq aləmdə iqlim dəyişiklikləri və ətraf mühit məsələlərinin artan əhəmiyyəti önə çəkilmiş, bu istiqamətdə müzakirələr aparılmışdır.

Forum işini sentyabrın 28-də "Dünya siyasətində dəyişikliklərin mənzərəsi" və "Regional təşkilatların diplomatiyasının inkişafı" mövzularındakı panel iclasları ilə davam etdirəcəkdir.

1972-ci ildə təsis olunmuş Foruma Vyana Diplomatik Akademiyası (Avstriya) və Corctaun Universiteti (ABŞ) həmsədrlik edirlər. Ötən il bu tədbir ABŞ-ın Boston şəhərində keçirilmişdir. Növbəti il isə forumun Serbiyanın Belqrad şəhərində keçirilməsi gözlənilir. ADA 2007-ci ildən forumun fəal iştirakçısıdır.

"Diplomatik təlim üzrə beynəlxalq Forum" adlanan bu toplantının mövzusu "XXI əsrdə diplomatik təlim: Təcrübə mübadiləsi və yeni çağırışların görüşməsi"dir. Forumda 60 ölkənin diplomatik təhsil verən ali məktəblərinin 90-dan artıq rektor və dekanı iştirak edir. Tədbirdə diplomatik təlim, qlobal siyasi məsələlər və onların müasir təhsilə təsiri müzakirə olunur. Mövzular arasında enerji diplomatiyası, kiçik ölkələrin diplomatiyası, qlobal siyasi dəyişikliklər, regional təşkilatların inkişafı və ekoloji məsələlər vardır.

***

Azərbaycan Diplomatik Akademiyasının (ADA) yeni tədris kompleksində Diplomatik Akademiya və Beynəlxalq Münasibətlər institutlarının rektor və dekanlarının 40-cı Ümumdünya Forumu sentyabrın 28-də işini başa çatdırmışdır.

Tədbirin son günündə iki panel iclası keçirilmişdir.

"Dünya siyasətində dəyişikliklərin mənzərəsi" mövzusundakı panel iclasının moderatoru ADA-nın prorektoru Fariz İsmayılzadə, çıxış edənlər isə Çin Xarici İşlər Universitetinin prorektoru Zu Liqun, ABŞ-ın Fletçer Hüquq və Diplomatiya Məktəbinin Diplomatik Araşdırmalar Mərkəzinin direktoru Alan Henrikson və Cənubi Afrika Respublikasının Pretoriya Universitetinin Diplomatik Araşdırmalar Proqramının rəhbəri Yolanda Spays olmuşlar. Bu panel iclasında güc balansının Qərbdən Şərqə doğru dəyişməsi, Qərb ölkələrində davam edən iqtisadi və maliyyə böhranı, eləcə də onun qlobal təhlükəsizliyə və idarəçiliyə təsiri məsələləri müzakirə edilmişdir.

"Regional təşkilatların diplomatiyasının inkişafı" mövzusundakı panel iclasının moderatoru ADA-nın ictimai və beynəlxalq məsələlər məktəbinin dekanı Anar Vəliyev, çıxış edənlər isə Avstraliya Milli Universitetinin Asiya-Sakit Okean Diplomatiya Kollecinin təsisçisi və direktoru Uilyam Meyli, Albaniya Diplomatik Akademiyasının rektoru Lisen Başkurti, Peru Diplomatik Akademiyasının rektoru xanım Liliana Torres-Muga, İndoneziya Xarici İşlər Nazirliyinin Təhsil və Təlim Mərkəzinin rəhbəri, səfir Hazairin Pohan olmuşlar. Bu panel iclasında artan problemlərin həlli, bir dövlətin səlahiyyətlərinin azalması fonunda təhlükəsizliyin təmini və idarəçiliyin təkmilləşdirilməsində regional təşkilatların rolu, dünyanın maraq dairələrinə bölünməsi, yaxud bir və ya bir neçə super güc tərəfindən idarə olunmasının mümkün nəticələri barədə fikir mübadiləsi aparılmışdır.

Panel iclaslarından sonra "Diplomatik təlim üzrə beynəlxalq Foruma gedən yol: təcrübə mübadiləsi, yeni çağırışlara cavab verilməsi, yeni cəbhələrin açılması" mövzusu ətrafında məruzələr dinlənilmiş, müzakirələr aparılmış, müxtəlif mövzularda seminarlar keçirilmişdir.

Müzakirələrin yekununda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış edərək son illərdə Azərbaycanın xarici siyasət sahəsində əldə etdiyi uğurlardan danışmışdır.

Forumun sonunda ADA ilə Litvanın, Qətərin, Mərakeşin, Serbiyanın və Perunun Diplomatik akademiyaları arasında əməkdaşlıq sazişləri imzalanmışdır.

Tədbirə qatılan xarici qonaqları Azərbaycanın tarixi, ənənələri və füsunkar təbiəti ilə tanış etmək məqsədilə Bakıda gəzinti turunun, eləcə də Şəki və Qəbələ rayonlarına səfərlərin təşkili nəzərdə tutulmuşdur.  

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov